\
12 Oktyabr 2024 - Şənbə

Mingəçevir Turizm Kollecində "31 mart Soyqırımı" anılıb - FOTOLAR

Mingəçevir Turizm Kollecində "31 mart Soyqırımı" anılıb - FOTOLAR
1543baxış

31 mart Azərbaycanlıların Soyqırımı Günü Mingəçevirin ən böyük təhsil müəssisələrindən biri hesab edilən Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub. "Azərbaycanlıların Soyqırımı və deportasiyası qurbanları'' mövzusunda dəyrimi masa ətrafı müzakirələr təşkil olunub, tələbələr arasında rəsm və inşa müsabiqəsi keçirilib, divar qəzetlərinin xüsusi buraxılışları hazırlanıb və tələbələrin əl işlərindən ibarət sərgi təşkil edilib. Tədbirlər silsiləsi elmi-nəzəri konfransla yekunlaşıb. Konfransda kollec rəbərliyi və tələbə-müəllim heyəti ilə yanaşı, ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Öncə soyqırım qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Konfransı giriş sözü ilə açan kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov 1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən dəhşətli soyqırımı aktının həyata keçirildiyini, ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində on minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini qeyd edib. 

Ə.Əyyuboov erməni-bolşevik silahlı dəstələrinin 101 il öncə azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 yanvar 2018-ci il tarixdə "1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzaladığını və bu sərəncama müvafiq olaraq həm ölkədə, həm də xaricdə müvafiq tədbirlərin keçirildiyini diqqətə çatdırıb. 

Natiq 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqının başına gətirilmiş ən dəhşətli faciələrdən birinin də Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar olduğunu söyləyib. Hadisələr zamanı milli mənsubiyyətinə görə minlərlə azərbaycanlının qətlə yetirildiyini, evlərin yandırıldığını, milli arxitektura abidələrinin, məktəblərin, xəstəxanaların, məscidlərin və digər tikililərin dağıdıldığını, Bakının çox hissəsinin xarabalığa çevrildiyini diqqətə çatdırıb. Azərbaycanlıların soyqırımının Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə xüsusi qəddarlıqla həyata keçirildiyini, bu ərazilərdə dinc əhalinin kütləvi şəkildə məhv edildiyini, kəndlərin yandırıldığını söyləyib. 

Müəllimlərdən Kifayət Əliyeva, Elmira Rəhimova və Aygül Rəhimova müvafiq olaraq "1918-ci il Soyqırımının əks sədası", "Unudulmaz faciə" və "31 mart Azərbaycanlıların Soyqırımı Günüdür" mövzusunda məruzələrlə çıxış edib. Çıxışlarda  xalqın yaşadığı tarixi faciələr, məruz qaldığı qətliamlar, erməni cinayəti və havadarlarının məkrli dəstəyi kimi məsələlər təkzibolunmaz faktlarla iştirakçıların diqqətinə çatdırılıb. Natiqlər Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərin real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılaraq saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürlərin dəyişdirilməsinin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıblar.

Tədbir tələbə özfəaliyyət qrupu fəalları tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Mediapress.az