\
12 Oktyabr 2024 - Şənbə

Qurban Qurbanov: "Rəqib yaxşı oynadı və məğlubiyyətə layiq deyildi"

Qurban Qurbanov: "Rəqib yaxşı oynadı və məğlubiyyətə layiq deyildi"
1473baxış

"Bizim üçün həddindən artıq çətin oyun oldu. Rəqib yenə yaxşı oynadı və məğlubiyyətə layiq deyildi. Qalib gəlməsəydik də, razı qalacaqdım. Çünki çox ağır oyun keçirdilər. Bundan sonrakı matçlarımız daha ağır keçəcək".

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIII turunda səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis futbolçusu Riçard Almeydanın çıxışı barədə də danışıb. O, bildirib ki, bəlkə də bu gün Almeydaya qarşı daha diqqətli oynayırdılar və nəticədə o, səhvlərə yol verirdi: "Araz Abdullayev isə təcrübə və sürətindən düzgün istifadə etdi. Onun irəliyə açılması lazım idi və şansından yararlana bildi. 6:0 hesablı qələbədən sonra komandanın köklənməkdə çətinlikləri ola bilər. Amma biz hər gün bunu futbolçuların nəzərinə çatdırırdıq ki, diqqətli olsunlar".

Qurbanov Mahir Mədətov barədə yazılara reaksiya vermədiyini vurğulayıb: "Çünki mən futbolçunu kökləməliyəm. İstəməzdim ki, belə bir yazı olsun. Amma hər yerdə belə yazılar olur. İstərdim ki, Mahir öz oyunu ilə azarkeşlərin rəğbətini qazansın".