\
12 Oktyabr 2024 - Şənbə

Azərbaycanlı gəncin Berlindəki kofe brendi - Orxan: "Əgər istədiyin işdə hətta pul qazanmasan da belə xoşbəxt olursan" - FOTOLAR

Azərbaycanlı gəncin Berlindəki kofe brendi - Orxan: "Əgər istədiyin işdə hətta pul qazanmasan da belə xoşbəxt olursan" - FOTOLAR
1569baxış

Franşiza nədir? Maraqlıdır, deyilmi? Şəxsən mən iqtisadiyyatçı olmasam da, ətrafımdakı insanlardan bu sözün nəinki mənasını, ümumiyyətlə, sözü eşitməmişəm. Amma sən demə, biznesmenlər üçün böyük əhəmiyyət kəsb edən bir prosesdir. 

Franşiza (azadolma məbləği) - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi imiş. Bunu müsahibim anlatdı. Berlində özünəməxsus brend yaratmış azərbaycanlı gəncimiz - Orxan...

ORA-BURA PİZZA DAŞIYIRDIM..

Orxan 1990-cı ildə Bakıda anadan olub. 27 nömrəli məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunur. Hərbi xidməti Naxçıvanda başa vurduqdan sonra atasının istəyi ilə hüquq üzrə magistr təhsili almaq üçün Almaniyaya yollanıb. Hüquq ixtisasında oxumasına baxmayaraq, kafedə qarson (ofisiant), barista işləyib:

- Ucuzlu bir maşın alıb, işə başladım. Əvvəlcə ora-bura pizza, fast food daşıdım. Bütün incəlikləri öyrəndim. Sonra öz brendimin üzərində işlədim. 2014-cü ildə Almaniyaya gəlmişəm. 2017-ci ildə diplomumu aldım və kafe işinə başladım. Vizamda izn yox idi sahibkarlıqla məşğul olmağa. Ona görə də təhsilimi başa vurduqdan sonra kafe açmağı qarşıma məqsəd qoydum. Kənddə nənəmdən qalan bir ev var idi, onu satıb işə başladım. Əslində, imkansızliqdan yox, sadəcə bu iş mənə zövq verirdi. Biznes! Valideynlərim məni oxumağa göndərmişdilər, mənim isə hüquqşünas olmaq heç ürəyimcə deyildi. Almaniyada tək qalmaqla öz istəklərimi həyata keçirəcəyimi düşünürdüm. Ona görə də hər kəsdən uzaqda, tək işə başladım.  "Ormado Kaffeehaus”un özəli qoyuldu. Adını öz adıma uyğun qoydum. 

- Xaricdə biznes qurmaq, özü də gənc ikən və tək-tənha - köməksiz çətin olmadı? 

- Əlbəttə çətin oldu. Bakıda heç bizneslə məşğul olmamışam. Brendimizin yiyəsi mənəm, amma Bakıdakı filialımı başqasına satmışam. Kiyevdə, Türkiyədə, Dubayda filiallar açılacaq. Ümumiyyətlə, insanın istəyi böyük olanda onu heç kim saxlaya bilməz. Türklər demişkən, pes etməmək üçün insanın daxilində böyük istək olmalıdır. Əgər istədiyin işdə hətta pul qazanmasan da belə xoşbəxt olursan. 

- İşçilər arasında azərbaycanlılar var? 

- Yerlibazlıq etmirəm. Seximizdə 10-dan çox işçimiz var, kafedə isə 5 işçim var. 70%-80% almanlardır. Mənim işim çətindir, hər adamı işə götürmürəm. Malın satışı üçün gərək o malı sevəsən ki, sata da biləsən. Mən işə kofeni sevəni götürürəm. Kafemizdə azərbaycanlı yoxdur. Berlində ümumiyyətlə, azərbaycanlı azdır. 

- İşçilərlə problem yaranmır ki? 

- Heç bir problem yoxdur. Onlar mənim üçün işləyirlər. Mən də əlimdən gələni edirəm, onların şəraitinin yaxşı olması üçün. Bakıda franşizamı satdığım Nicat bəylə də aramız yaxşıdır. Ona da məsləhət görürəm ki, işçilərlə yaxşı münasibət saxlasın. 

PUL ÜÇÜN İŞLƏMƏK LAZIM DEYİL...

- Gənclərə nə arzu məsləhət görərdiniz? Pul qazanmaq üçün nə etməlidirlər? 

- Pul üçün işləməsinlər. İstədikləri iş üçün işləsinlər. Və əmin olsunlar ki, əgər istədikləri iş üçün məşğul olacaqlarsa, hamıdan yaxşı edəcəklər. Və hamıdan yaxşı etdiklərinə görə onsuz da pul əldə edə biləcəklər. 

- Qiymətləriniz necədir?

- Sözün düzü, menyumuz çox genişdir, uşaqlar üçün də. Çaylarımız, tortlarımız, səhər yeməklərimiz, şirniyyatlarımız... Amma Berlindəki filialımız çox bahalıdır. Tələbələr, sıravi adamlar üçün gündəlik gəlib otura biləcək qiymətdə deyil. Amma Bakı filialımızdakı qiymətlər münasibdir. Bu dəqiqə əlimizdən gələni edirik ki, genişlənək, dünyaya françiza sataq. Adamlar axtarırırq. Amma hər adama etibar etmirik. Türkiyədən, Rusiyadan, Kiyevdən maraqlananlar çoxdur. Hər biri sevincini bölüşür. Deyirlər, birinci beynəlxalq kafşopdur ki, sahibi azərbaycanlıdır. 

- İstəyiniz, məqsədiniz nədir?

- Çox filmlər izləmişəm. Çox araşdırmalar aparmışam. Mc.Donalds, Starbaks kimi şəxslər yalnız dünyalarını dəyişdikdən sonra yaratdıqları brend dünyaca məşhurluq tapıb. Mən isə sağ ikən brendimi dünyaya tanıtdırmaqda məqsədliyəm. 

- Satışda Azərbaycan şirniyyatlarından var?

- Var. Burda paxlavanı xüsusilə bəyənirlər. 

P.S. Hər kəs varlı olmaq istəsə də, pulu arzulamaq, bu haqda danışmaq, pulun çoxdursa, bunu göstərmək cəmiyyət tərəfindən mənfi xüsusiyyət kimi qarşılanır. Pul haqqında çox danışan, pul arzuladığını açıq şəkildə göstərən insanlara "pulgir" deyilir, ünvanlarına müxtəlif ifadələr işlədirlər. Pulu çox olan insanlarasa cəmiyyətdə bir paxıllıq olur, qısqanclıq yaranır. Pulun yoxluğu da, çoxluğu da müxtəlif ciddi problemlərin yaranmasına səbəb olur.  Bəzi insanlar üçünsə puldan qorxması ciddi problemə çevrilir. Onlara yüksək maaşlı iş, gəlirli layihələr təklif etsələr də, bundan boyun qaçırır, özünü əziyyətə salmaq, adət etdikləri həyat tərzindən uzaqlaşmaq istəmirlər. Bacarıqları olsa da, səy göstərmirlər. Pula qarşı qorxusu olanlar anlamalıdır ki, pulun çoxluğu yalnız narahatlıq, yeni həllini gözləyən problemlər, işlər deyil, yeni sevinc gətirən imkanlar da yaradır. Pul ilə özlərini daha çox çətinliklərdən sığortalayacaqlar. Orxan kimi...

Hazırladı: Könül AYPARA