\
12 Oktyabr 2024 - Şənbə

Uşaqlarda anemiya (qanazlığı)

Uşaqlarda anemiya (qanazlığı)
1912baxış

Uşağın qanında hemoqlobinin miqdarının 100 q/litrdən aşağı olması anemiya hesab olunur və müalicə tələb edir.

Qanda hemoqlobinin miqdarının 100-109 q/litr həddində olması subanemiya sayılır və xüsusi müalicə tələb etmədən pəhrizin köməyilə (meyvə, şirələr, ət, qarabaşaq və s.) qaydasına düşür. Həqiqi anemiyanı isə mütləq müalicə etmək lazımdır.

Anemiya orqanizmdə yalnız dəmir elementinin deyil, həmçinin fol turşusu, B12 vitamini, mis elementi və zülal çatışmazlığı nəticəsində də əmələ gələ bilər.

Anemiyanın səbəblərindən biri də az-az miqdarda olan daxili qanaxmalardır. Müəyyən müddət ərzində nə uşağın valideynləri, nə də həkimlər bundan şübhələnmirlər. Belə daxili qanaxmalar müxtəlif yırtıqlar, bağırsaq polipləri, mədə və 12-barmaq bağırsaq xoraları və s. xəstəliklər nəticəsində baş verə bilər. Bu halda anemiyanın müalicəsi onu törədən xəstəliyin müalicəsi ilə eyni zamanda aparılmalıdır.

Bəzi hallarda orqanizm qida ilə kifayət qədər dəmir, fol turşusu və digər anemiyaya qarşı olan maddələri almasına baxmayaraq onların bağırsaq tərəfindən sorulması prosesi pozulur.

Bəzən qurdlarla yoluxma da (məsələn, tükbaş qurd) anemiyaya səbəb ola bilər. Bu qurdlar qan ilə qidalanaraq daimi olaraq az da olsa qan itkisinə səbəb olurlar.

Anemiyalar bir çox kəskin infeksion xəstəliklər, xroniki xəstəliklər, zərərli ekoloji faktorların təsirləri nəticəsində də inkişaf edə bilər. Uşaqlar tərəfindən gün ərzində 0,5 litrdən artıq çiy inək südünün içilməsi də anemiyaya səbəb ola bilər. Buna görə də uşaqlara ancaq bişmiş süd vermək məsləhət görülür.

Qanazlığının ağır formalarında uşağın dərisi avazıyır, göz qapaqları, dodaqlar və agızın selikli qişaları isə daha avazımış rəng alırlar. Məhz selikli qişalardakı dəyişikliyə görə uşaqlarda anemiyadan şübhələnmək olar. Ancaq hemoqlobinin az miqdarda azalması uşağın xarici görünüşündə heç bir dəyişikliyə səbəb olmaya da bilər. Ona görə də uşaq poliklinikalarında profilaktik məqsədlə aparılan qanın müayinəsindən imtina etmək lazım deyil.

Cinsi yetkinlik dövründə (xüsusən qız uşaqlarında) uşaqlarda dəmir elementinə olan tələbat artır. Bu dövrdə qəbul edilən qidaların tərkibində dəmir elementi çatışmazlığı baş vermiş olarsa, yenə də dəmirdefisitli anemiya inkişaf edə bilər.

Uşaqlarda tezliyinə görə daha çox rast gəlinən ikinci anemiya - hemolitik anemiyalardır. Bu xəstəliklərdə eritrositlər (onlar sümük iliyində əmələ gəlir) müxtəlif səbəblər üzündən normal orqanizmdə olduğundan az yaşayır və tez parçalanırlar. Bütün növ hemolitik anemiyaların əlamətləri - dərinin avazıması, sarılıq, dalağın böyüməsidir. Hemolitik anemiyalar - genetik xəstəliklərdir. Vaxtaşırı olaraq belə xəstələrin halı kəskin şəkildə pisləşir, hərarət yüksəlir, dərinin avazıması və sarılıq əlamətləri artır. Belə hallarda xəstələrin kifayət qədər güclü müalicə alması, bir çox hallarda isə onlara qan köçürülməsi lazım gəlir.

Hemolitik anemiyanın bəzi növləri zamanı uşaq dalağın (eritrositlərin parçalandığı orqan) xaric edilməsindən sonra sağalır. Bir çox digər hemolitik anemiyalarda dalağın xaric edilməsi heç bir effekt vermir və ya az effekt alınmış olur. Bu xəstələrdə eritrositlərin parçalanması yalnz dalaqda deyil, digər orqan və toxumalarda da baş verir.

Hipoplastik və aplastik anemiya zamanı sümük iliyi (əsas qanyaradıcı orqan) zədələnmiş olur ki, bunun da nəticəsində onun qanyaratma funksiyası da pozulur.

Dr.Əfqanə