\
12 Oktyabr 2024 - Şənbə

"Bakı Metropoliteni" QSC jurnalistlər üçün metro-tur keçirdi - Bənövşəyi xətti üçün nəzərdə tutulmuş müasir sistemlərin təqdimatı oldu - FOTOLAR

"Bakı Metropoliteni" QSC jurnalistlər üçün metro-tur keçirdi - Bənövşəyi xətti üçün nəzərdə tutulmuş müasir sistemlərin təqdimatı oldu - FOTOLAR
2016baxış

Bu gün "Bakı Metropoliteni"nin bənövşəyi xətti üçün nəzərdə tutulmuş müasir sistemlərinin təqdimatı və "Nərimanov" elektrik deposuna media-tur təşkil edildi.

Mediapress.az xəbər verir ki, turun məqsədi 2019-cu il mart ayının 11-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa səfəri çərçivəsində "Bakı Metropoliteni" QSC ilə "Thales İnternational" şirkəti rasında bağlanmış ilk müqaviləyə dair görüləcək işlərin tanıtımı, "Bakı Metropoliteni"nin bənövşəyi xəttində tətbiq ediləcək müasir sistemlərlə bağlı ictimaiyyətin məlumatlandırılması, həmçinin "Nərimanov" elektrik deposunda tətbiq edilən yeniliklərlə tanışlıq idi. 

Mətbuat nümayəndələrini qarşılayan "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov oldu. Əli Fərəcov, Nərmin Cəfərova, Məhərrəm Məcidov, Bəhlul Xammədov, Səba Mahmud da Bəxtiyar müəllimə bu işdə dəstək oldular. 

Tədbirin açılışını "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov etdi. O, giriş sözündən sonra Fransa müqavilələri barədə məlumat verdi. İnsan resursları və departamentinin sədri Tərlan Dadaşov, İnsan resursları şöbəsinin sədri Əli Əliyev, "SƏTƏMM" şöbəsinin rəisi Nəriman Mantaşev, Vüsal Əliyev (aparıcı mühəndis) iştirakçıları təlimatlandırdılar. "Thales" şirkətinin əsas təqdimatçısı Mehmet Şahan da tədbir işirakçılarınıt məlumatlandırdı.

Tur zamanı media nümayəndələri vaqonlarda cari təmir prosesinin yeniliklərindən, metropolitendə müasir yol infrastrukturundan, yeni tipli təəssürat qatarlarından, yeni ventilyatorlardan, vaqonların əsaslə təmir və modernləşdirilməsindən, maşinistlərin tibbi müayinəsinin təşkilindən, işçilərin asudə vaxtının təşkilindən, sosial-məişət qayğılarının həllindən xəbərdar oldular.

Həmçinin, tur zamanı aydın oldu ki, Bakı metropoliteni tarixində ilk dəfə hərəkət qatarlarının maşinistləri yeni qayda üzrə seçilir. 2018-ci ilin oktyabrında bu qayda ilə başlanmış ilk kursu uğurla başa vuran 12 nəfər sərnişin qatar maşinistləri sırasına daxil olub. Daha 3 nəfərə isə kadr komissiyası qarşısına təkrarən çıxmaq üçün daha bir şans bir aylıq hazırlıq möhləti verilib.

Kurslar barədə elan verildikdən sonra, “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytı vasitəsilə 500-dən artıq müraciət daxil olmuşdu. Onlardan 339-u əsas tələblərin şərtlərinə uyğun gəlməyib. Dəvət edilmiş 170 nəfərdən 127-si ilk seçim mərhələsində iştirak edib. Komissiya ümumi və texniki bilik səviyyəsinə, psixoloji duruma, dünyagörüşü və maşinist peşəsi ilə bağlı məlumatlılığa qiymət verib. 31 nəfər növbəti seçim turuna keçib. İkinci mərhələyə 3 nəfər qatılmaq istəməyib və peşəkar mütəxəssislərin psixoloji testindən 22 nəfər uğurla çıxıb. Tibbi yoxlamadan ibarət olan üçüncü mərhələdən 3 nəfər könüllü imtina edib.

Qalan 19 nəfərdən ikisi fikrindən dönüb və dərslər 17 iddiaçı ilə başlanıb. Tədris proqramı hər iş günü olmaqla əvvəlcə sırf nəzəri, daha sonra həm də praktiki hissələrdən ibarət olub. Proqramda metropoliten infrastrukturu, hərəkətin təşkili ilə bağlı bütün sistem və avadanlıqlarla tanışlıq, qatarların idarə edilməsi, vəzifə və texniki istismar üzrə təlimatların mənimsənilməsi, təmir prosesinin əsas müddəaları və digər proqram həcmi əksini tapıb. Hər tədris mərhələsində müdavimlərin biliyi yoxlanılaraq qiymətləndirilib.

Təlimlər zamanı iştirakçılardan daha 2-si kursu könüllü olaraq, tərk edib. Onu da əlavə edək ki, tədris prosesi dövründə iştirakçılara təqaüdlər verilib.

Maşinistlərin işə qəbulunun yeni və əvvəlki qaydalarını müqayisə etmək lazımdır. Tədris proqramları arasında böyük mahiyyət, məzmun və mövzu fərqi yoxdur, fərq kursların müddətindədir. Buna qədər maşinist olmaq üçün 3 il ərzində müxtəlif mərhələləri keçmək lazım idi. Müvafiq peşə təhsili olanlar metropolitendə işə düzələrək, ən azı, bir il çilingər işləməli idilər. Daha sonra maşinist köməkçiliyi kursunda iştirak edib, imtahan vermək tələb olunurdu. Maşinist köməkçisi də yenə bir ilə qədər işlədikdən sonra yeni kursa yazılır və eyni mərhələləri keçirdi. Metropolitendə 20 ildən artıq maşinist köməkçisi işləyənlərin olduğunu nəzərə alsaq, keyfiyyət fərqini görmək mümkündür. Tədrisin istehsalatdan ayrılmadan təşkili də pedaqoji effektivsizlikdə, kursun keyfiyyətində, əmək məhsuldarlığında əksini tapırdı. Ən əsası, bu istismar və təmir zamanı işin təşkilinə mənfi təsir göstərirdi. Nəticədə, maşinist qıtlığı yaranır, peşəyə maraq azalırdı. Həmçinin təmir üzrə məsul peşələrə də münasibətdə qeyri-ciddilik mənbəyi olurdu. Çünki maşinist olmaq ehtimalı çilingərlərin usta və mühəndis kimi ixtisaslı kadrların hazırlanmasının da qarşısını alır, nəticədə peşəkar, işin spesifik xüsusiyyətlərini illərlə mənimsəyən kadr qıtlığı yaranır və bu da lokomotiv parkının vəziyyətinə mənfi təsir edirdi.

Yeni qaydalar bununla yanaşı, maşinist peşəsi arzusunda olanları bu sənətə daha da yaxınlaşdırıb. Maşinist peşəsinə yiyələnə biləcək texniki təhsilli namizədlərin profili daha genişləndirilib. Bu isə bacarıqlı və istedadlı kadrların seçilməsini, yetişdirilməsini asanlaşdırır.

Yenilik tətbiq edilərkən, dünyanın aparıcı metropolitenlərinin təcrübəsi yaxından öyrənilib. Müqayisə üçün qeyd edək ki, İstanbulda maşinistlər texniki peşə təhsili olan insanlar arasından 3, Rusiyanın aparıcı metropolitenlərində 6 ay ərzində hazırlanır.

Yaxın vaxtlarda kurslara yeni seçim başlanacaq. Fevral ayının 15-dək elektron qaydada müraciət edənlərin elanda qeyd edilmiş tələblərə uyğunluğu yoxlanılır və seçim turunun siyahısı tərtib olunur.

Hazırladı: Könül AYPARA