\
12 Oktyabr 2024 - Şənbə

Maşinistlərin tibbi yoxlaması ən müasir avadanlıqlarla aparılır

Maşinistlərin tibbi yoxlaması ən müasir avadanlıqlarla aparılır
1393baxış

Sərnişin və təsərrüfat qatarları maşinistlərinin işə başlayarkən və xətdə qatarı idarə edərkən fiziki və psixoloji durumu Bakı metropoliteni üçün xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, qatar maşinistinin sağlam və fiziki cəhətdən problemsiz olması sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi, insan faktoru ilə baş verə biləcək neqativ halların və hadisələrin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu məqsədlə qatarları idarə edənlər naryad üzrə işə başlamazdan əvvəl videomüşahidə sisteminin nəzarəti altında tibb məntəqəsində həkim nəzarətindən keçir. Onların reysqabağı tibbi müayinələrini yüksək peşəkarlıq və dəqiqliklə aparmaq üçün xətti məntəqələr çoxfunksiyalı diaqnostik əməliyyatları həssaslıqla yerinə yetirən "Bionet BM 7" müasir tibb avadanlıqları və peşəkar alkotestrlərlə təchiz edilib. Bu prosedurları həyata keçirmək məqsədilə Səhiyyə Nazirliyinin tibb personalı ilə müvafiq treninqlər keçirilib.

Müayinənin tarixi və vaxtı, qan təzyiqi, ürəyin arterial təzyiqi, döyüntüsü, oksigen çatışmazlığının yoxlanılması, bədən hərarəti, alkotestlə yoxlamanın nəticələrini əks etdirən qəbz verilir. Verilmiş qəbz maşinistlərin fərdi kitabçasına tikilir və fərdi kitabçalar tibb məntəqəsində saxlanılır.

Nəticələr ümumi serverə daxil edilərək arxivləşdirilir, mütəmadi müqayisəli təhlillər aparılır. Eyni zamanda, ümumi videomüşahidə ilə yanaşı, işə başlayan hər bir maşinistin sağlamlıq göstəricisi barədə məlumatı müvafiq məsul şəxslər də əyani şəkildə əldə edir və bu prosesə nəzarəti həyata keçirirlər.

Mediapress.az