\
12 Oktyabr 2024 - Şənbə

Azərbaycanın ilk qadın maşinisti - Günay Həbibli - FOTOLAR

Azərbaycanın ilk qadın maşinisti - Günay Həbibli - FOTOLAR
1950baxış

Xəbər verdiyimiz kimi, bu gün "Bakı Metropoliteni"nin bənövşəyi xətti üçün nəzərdə tutulmuş müasir sistemlərinin təqdimatı və "Nərimanov" elektrik deposuna media-tur təşkil edildi.

Mediapress.az xəbər verir ki, tur zamanı ilk qadın maşinisti Günay Həbibli də media nümayəndələrinə müsahibə verdi:

"2016-cı ildən metronun Memar Əcəmi stansiyasında qatarları qəbul edib yola salırdım. Metropolitenin saytında maşinistlərin işə qəbulu ilə bağlı elanı gördüm. Özümü sınamaq üçün sənədlərimi hazırlayıb müraciət etdim. 10 qadın maşinist namizəd arasından seçildim. Bu, mənim üçün böyük uğurdur. Ancaq maşinist olmaq üçün digər işimdən çıxmalı idim. Çünki uzun müddətli təlim keçməli idim. Aprel ayından maşinist kimi fəaliyyətə başlamışam. Çalışdığı iş çox məsuliyyətlidir.  Gün ərzində metrodan minlərlə sərnişin istifadə edir və biz onların qatarlarda təhlükəsiz şəkildə aparılmasına cavabdehik. Ancaq mən işimi sevirəm və həvəslə yanaşıram. İlk qadın maşinist olmaq da məni qürurlandırır. İnsan işini çox sevəndə iş ona çətin gəlmir. Mən də işimi çox sevdiyim üçün çətin gəlmir".

Hazırladı: Könül Aypara