\
12 Oktyabr 2024 - Şənbə

Xətai rayonunda qaz kəmərləri yenidən qurulur

Xətai rayonunda qaz kəmərləri yenidən qurulur
1415baxış

Abonentlərin keyfiyyətli və fasiləsiz təbii qazla təmin edilməsi məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, Bakı şəhərində və ətraf qəsəbələrdə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması istiqamətdə işlərin icrası davam etdirilir.

Dinamik artan qaz tələbatını və qaz təchizatı şəbəkəsinin mövcud texniki vəziyyətini nəzərə almaqla qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi, əhali abonentlərində dövlət yoxlaması vaxtı bitmiş qaz sayğaclarının yeni nəsil “smart-kart” qaz sayğacları ilə əvəz olunması istiqamətində intensiv işlər aparılır. Paytaxtın qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Xətai rayonu Rəşid Bağırov, Qafqaz və Nazim Şükürov küçələrində əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri, yeni qaz kəmərləri çəkiməsi və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla icra olunur. Belə ki,qeyd olunan küçələr üzrə qaz kəmərlərinin əsaslı təmiri və yenidənqurulması məqsədi ilə müxtəlif diametrli borularla 10 000 metrdən artıq qaz xətləri çəkilmiş,hazırda qaz sayğaclarının yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması işləri aparılır.

Xətai rayonu ərazisində aparılan yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan 4 500-ə yaxın təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.