\
12 Oktyabr 2024 - Şənbə

Dərinin kosmetik salonda təmizlənmə üsulları

Dərinin kosmetik salonda təmizlənmə üsulları
1376baxış

Dərinin yumşaq və elastik qalması üçün dəridəki piy vəzilərinin böyük əhəmiyyəti vardır. Onlar tərəfindən hazırlanan piy maddəsi üzün dərisi boyu bərabər yayılaraq özünəməxsus qoruyucu təbəqə əmələ gətirir.

Ancaq bəzi səbəblərdən (hormonal, maddələr mübadiləsinin yaşa uyğun dəyişiklikləri, dərinin özünün bəzi xüsusiyyətləri, dəriyə düzgün qulluq edilməməsi və s.) dəridəki vəzilər tərəfindən piyin ifraz edilməsi artaraq dəridə məsamələrin tutulmasına da səbəb ola bilər. Havanın təsiri altında piy tıxacı yaraşıqsız qara nöqtənin – kamedonun, bəzi hallarda isə dəri altından qalxan ağ nöqtənin – ağ civzənin əmələ gəlməsinə səbəb olur. Tutulmuş məsaməyə bakteriyalar daxil olduqda, həmin sahədə iltihablaşma prosesi başlayaraq irinli sızanaqların yaranmasına səbəb olur. Dəridə iltihabi proseslərin profilaktikası məqsədi ilə onu kamedon və ağ civzələrdən təmizləmək lazımdır. Bu problemləri həll etmək üçün kosmetik salonlarda aparılan xüsusi dəri təmizlənmə üsullarından istifadə etmək olar.

Kosmetoloqların rəyinə görə dərinin kosmetik salonda təmizlənməsi bir çox qadınların hesab etdiyi kimi, heç də əlavə “israfçılıq” deyil, dərinin sağlam və təravətli saxlanması üçün vacib hesab edilən zərurətdir. Bu prosedura zamanı dəridə olan iltihabi elementlərin (kamedon, ağ civzələr) təmizlənməsindən savayı, dərinin qan dövranı və mübadilə prosesləri xeyli yaxşılaşır, tər və piy vəzilərinin fəaliyyəti normallaşır. Yaxşı təmizlənmiş dəri nəmliyi, oksigeni daha asanlıqla mənimsəyir. Bu təmizlənmədən sonra dəriyə çəkilən maska və kremlər dərinin təmizlənməsindən əvvəl istifadə olunduqlarından daha yaxşı effekt verir. (Təmizlənmədən əvvəl dəridəki məsamələr tutulmuş olunduğu üçün maskalarda və kremlərdə olan faydalı maddələr dəriyə daxil ola bilmir).

Dr.Əfqanə