\
12 Oktyabr 2024 - Şənbə

Fransada “sarı jiletlər” etiraz aksiyasının 23-cü aktı başlayıb

Fransada “sarı jiletlər” etiraz aksiyasının 23-cü aktı başlayıb
1367baxış

Fransada “sarı jiletlər” etiraz aksiyasının 23-cü aktı başlayıb. Hökumətin artıq neçə gündür milli debatın nəticələrini açıqlamamasına və “sarı jiletlər”in tələblərinə cavab verməməsinə görə bu aktın gərgin olması ilə bağlı xəbərlər yayılıb.

AZƏRTAC xəbər verir ki, 23 həftədir davam edən etiraz nümayişləri səngimək bilmir. “Sarı jiletlər”in fəallarından olan Erik Drue etiraz nümayişçilərini aprelin 20-də tam səfərbər olmağa səsləyib. O, “Youtube”da yaydığı müraciətində martın 16-da olduğu kimi, baş verəcək hadisələri “sarı jiletlər”in üzərinə atmaqdan çəkinməyə səsləyib. Tarixin və yerin bəlli olduğunu bildirərək, hədəf Parisdir deyib.

Sosial şəbəkələrdə “black blocs” (radikal anarxist qrup) internet səhifəsində “1 may sarı və qara” yazaraq çağırış ediblər. “Həlledici akt” “Facebook” hesabına 10 minə qədər müsbət cavab verilib.

Qeyd edək ki, hələ ötən həftə Fransanın daxili işlər naziri K. Kastaner aprelin 20-də vəziyyətin gərgin olacağını, dağıdıcıların yenidən Parisə toplaşacağını və 16 mart hadisələrinin təkrarlanacağını bildirmişdi. Polis Həmkarlar İttifaqının üzvü də televiziyada çıxışında vəziyyətin çox “mürəkkəb” olmasını xəbər vermişdi.

Bu gün bütün ölkə üzrə 60 min polis və jandarmın səfərbər olunduğu bildirilir ki, bundan 5 mini Parisdə olacaq.

Xatırladaq ki, Yelisey çölləri, Milli Assambleya, Senat və Məryəm ana kilsəsi ətrafında nümayiş qadağan olunub.

Parisdə “sarı jiletlər” etiraz aksiyasına görə nəqliyyatın hərəkətində problemlər yaranıb. Polis prefekturasının qərarı ilə metro stansiyalarının əksəriyyəti bağlanıb. Nümayiş qadağan olunan yerlər zirehli maşınlarla əhatəyə alınıb.

Mediapress.az