\
12 Oktyabr 2024 - Şənbə

Vyanada Avropaya miqrasiya axını ilə bağlı beynəlxalq konfrans keçirilib

Vyanada Avropaya miqrasiya axını ilə bağlı beynəlxalq konfrans keçirilib
1641baxış

Mayın 3-də Vyanada Avropaya miqrasiya axınına həsr olunmuş beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Şərqi Aralıq-Qərbi Balkan marşrutu boyunca miqrasiya çağırışları” mövzusunda konfransın əsas mövzuları böhranın qarşısının alınması və yenidən yarana biləcək fövqəladə vəziyyətə hazırlıq olub.

Konfransdan əvvəl Avstriyanın daxili işlər naziri Herbert Kikl bildirib ki, tədbirin məqsədi Qərbi Balkan marşrutu üzrə yeni miqrasiya axınının qarşısını almaq və 2015-2016-cı illərdəki miqrasiya böhranı zamanı buraxılmış səhvlərə yol verməməkdir. Nazir, həmçinin qeyd edib ki, 2015-ci ildə Avropaya qaçqın və miqrant axınına cavab olaraq, təşkil edilən beynəlxalq miqrasiya konfransı axından beş ay sonra keçirilib və cavab xarakteri daşıyıb. Hazırkı konfrans isə qabaqlayıcı xarakter daşıyır.

Konfransda Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Avropol, Avropa sərhədlərinin mühafizəsi agentliyi (Frontex), Avropa Komissiyasının nümayəndələri ilə yanaşı, Qərbi Balkan marşrutu üzərində yerləşən ölkələrin təmsilçiləri iştirak ediblər.

Qeyd olunub ki, Aralıq dənizindən keçərək Avropaya üz tutan qaçqınların sayı ildən-ilə azalsa da, Şərqi Aralıq və Balkan marşrutu ilə hərəkət edən miqrant axınında yüksəliş müşahidə edilir. Frontex tərəfindən təqdim edilən statistikaya görə, Şimali Afrikadan Aralıq dənizi vasitəsilə Avropaya gələn qaçqınların sayı bu ilin ilk üç ayı ərzində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz aşağı düşüb. Lakin Şərqi Aralıq marşrutunda isə 10 faiz artıb. Qərbi Balkan marşrutunda isə artım 81 faiz və ya 2300 nəfər olub. Bu artımı nəzərə alaraq, müvafiq hazırlıq tədbirlərinin görülməsi zərurəti yaranıb və konfransda qəfil böhranla qarşılaşmamaq üçün tədbirlər planı müzakirə edilib.

Mediapress.az