\
11 Oktyabr 2024 - Cümə

Cavid Qurbanov: "Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir"

Cavid Qurbanov: "Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir"
1475baxış

Azərbaycan Dəmir Yolları” QSC-də Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru Jan Pyer Lubinu ilə görüş keçirilib.

Bu barədə "Report"a QSC-dən məlumat verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son illərdə nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb Nəqliyyat Dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

Sonra qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru Jan Pyer Lubinu Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən məmnun qaldığını, ikitərəfli əlaqələrin bundan sonra daha da artan xətt üzrə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru Jan Pyer Lubinu eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və Bakı sərnişin stansiyasında görülən işlərlə tanış olub.