\
11 Oktyabr 2024 - Cümə

Avropa İttifaqı ölkələri Mingəçevirdə “Avropa günləri”ni qeyd edib - Reportaj - FOTOLAR

Avropa İttifaqı ölkələri Mingəçevirdə “Avropa günləri”ni qeyd edib - Reportaj - FOTOLAR
1548baxış

Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların rəhbərlərinin iştirakı ilə Mingəçevir şəhərinə səfər baş tutub. Səfərin məqsədi Mingəçevirdə Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illiyinin qeyd olunması tədbirində iştirak etmək, həmçinin bölgədə beynəlxalq təşkilatın dəstək verdiyi layihələrin icrası ilə yaxından tanışlıq olub.

Zəngin proqramı olan səfər çərçivəsində ilk öncə Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında  Avropa İttifaqına üzv ölkələrin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankouskos başda olmaqla Almaniya, Xorvatiya, Hollandiya, Finlandiya, Ruminya və digər ölkələrin səfirləri, eləcə də paytaxt və region jurnalistləri iştirak ediblər. Mingəçevir İcra Hakimiyyətinin rəhbəri İlham İsmayılov qonaqları salamlayıb və xatırladıb ki, 2009-cu ildə Praqada Şərq Tərəfdaşlığı üzrə Zirvə görüşündə gələcək əməkdaşlıq, məqsədlərlə bağlı Bəyannamə qəbul olunub. “ Artıq bu gün biz Şərq Tərəfdaşlığının 10-cu ildönümünü qürur hissi ilə qeyd edirik, ötən 10 il ərzində ölkələr arasındakı əməkdaşlıq bir çox sahələrdə öz bəhrəsini verib. Bu tarixi hadisənin məhz Mingəçevirdə qeyd olunması təmsil etdiyimiz şəhərimiz üçün ayrıca qürur mənbəyidir.”

“Mingəçevir Azərbaycanın 4-cü sənaye şəhəridir, 2017-ci ildə burada Sənaye Parkı da açılıb, bu da şəhərimiz üçün vacib hadisələrdən biri olub.” İcra başçısı son illər Mingəçevirdə sosial-iqtisadi durumun yaxşılaşdırılması yönündə aparılan işlərdən, islahatlardan, həmçinin Avropa İttifaqının da bir çox məsələlərdə Azərbaycan üçün etdiyi vacib dəstək proqramlarından danışıb. Qonaqların suallarını cavablandlran İ.İsmayılov diplomatik korpus nümayəndələrinin nəzərinə çatdırıb ki,  Mingəçevir şəhərində turizmin inkişafı, eləcə də ayrı-ayrı sahələrə sərmayə qoymaq imkanları var, xarici investorlar bu barədə düşünə bilərlər.

  Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankouskos da öz növbəsində Mingəçevir İcra Hakiminə öz təşəkkürünü bildirib, Mingəçevir şəhəri ilə əyani tanışlığına şad olduğunu vurğulayıb, bundan sonra da Azərbaycan və regionlara verilən dəstəyin davam etdiriləcəyini bəyan edib. Daha sonra səfir üzərində Avropa İttifaqına üzv ölkələrin bayraqlarının çəkildiyi və əl işi olan boşqabı əməkdaşlığın, dostluğun rəmzi kimi icra hakiminə təqdim edib. İlham İsmayılov səfirə minnətdarlığını bildirib və maraqlı hədiyyənin icra hakimiyyətinin müzeyində saxlanılacağını deyib.

Səfirlər Mingəçevir Xəstəxanasında icbari tibbi sığortanın nəticələri ilə tanış olublar.

Avropa İttifaqına üzv ölkələrinin səfirlərinin növbəti görüşü Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında baş tutub. Onlar Azərbaycanda icrasına başlanılan və pilot rayonlardan biri kimi Mingəçevirdə reallaşdırılan icbari tibbi sığortanın nəaliyyətləri, “Azərbaycanda icbari tibbi sığorta sisteminin tədbiqinə dəstək” tvininq layihəsinin nəticələri  ilə yaxından tanış olublar.

Mərkəzi Xəstəxananın direktoru Könül Ələkbərov qonaqları salamlayıb və icbari tibbi sığortanın tətbiqinin Mingəçevir əhalisi üçün əhəmiyyətindən danışıb. Direktor qeyd edib ki, piloq layihə çərçivəsində vətəndaşların tibbi xidmətinin təşkili, onların problemlərinin həlli üçün lazımı diqqət göstərilib. O, vurğulayıb ki, səhiyyə islahatlarının dəstəklənməsinə yönəldilən icbari tibbi sığorta məsələsi tək pasiyentlər üçün deyil, tibb işçilərinin, həkimlərin də rifahının yaxşılaşdırılması üçün uğurlu siyasət kimi qiymətləndirilməlidir. Direktorun sözlərinə görə, əvvəl xəstəxanaya müraciətlərin gündəlik sayı 300 idisə, indi bu 3 dəfəyə qədər artıb. İcbari tibbi sığorta çərçivəsində əməliyyat sayında da artımın olduğunu deyən K. Ələkbərov pilot layihə müddətində xəstəxanada yeni müasir əməliyyatların da icra olunduğunu nəzərə çatdırıb. Həkimlərin aylıq əməkhaqqı əvvəllər 261 manat idisə, hazırda bu məbləğ 1001 manata çatdırılıb, cərrahların maaşı isə 5000 manat həcmindədir. Direktor qonaqların diqqətinə çatdırıb ki, gələn aydan Mingəçevir Şəhər Xəstəxanasında neyrocərrahlar da fəaliyyətə başlayacaq, artıq beyin əməliyyatları paytaxtda deyil, birbaşa xəstəxanda icra olunacaq. Xəstəxananın proqram  təminatının olduğunu, icbari tibbi sığorta layihəsinə əsasan müasir avadanlıqlarla təmin edildiyini də deyən direktor əməliyyatların icrasından qabaq xüsusi nəzarət komitəsinin fəaliyyət göstərdiyini də bildirib.

Avropa İttifaqının nümayəndələri, səfirlər direktorun müşayəti ilə xəstəxananın ayrı-ayrı şöbələri ilə yaxından tanış olublar. Ardınca Xəstəxananın konfrans zalında “Azərbaycanda icbari tibbi sığorta sisteminə dəstək” tvininq layihəsinin icrası ilə bağlı təqdimatı dinləyiblər. Tvininq layihəsinin daimi müşaviri Qediminas Çerniauskas icbari tibbi sığortanın tətbiqi üçün seçilmiş pilot bölgələr- Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonunda görülmüş işlərdən, səmərəli tibbi xidmətin nəaliyyətləri barədə qonaqlara ətraflı məlumat verib. Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində görülən işlərin, eləcə də xarici ekspertlərin iştirakı ilə daha yaxşı icbari tibbi sığorta modeli üzərində işin davam etdirildiyini deyib.

S. Vurğun meydanında səfirlərin iştirakı ilə  “Avropa günləri” qeyd olunub

Mingəçevirdə səfirlərin daha maraqlı görüşü şəhərin S. Vurğun meydanında  şəhər sakinləri ilə olub. “Şərq tərəfdaşlığı -10 il” beynəlxalq əməkdaşlığın yubileyi  2 günlük “Avropa günləri” bayramına start verilib. Müxtəlif tədbir və layihələrin təbliğinə həsr olunan məlumatlandırılma çadırları qurulub, şəhər sakinlərinin tanışlıq və məlumat alması üçün imkanlar yaradılıb, sərgilər təşkil olunub. Səhnəyə çıxan Mingəçevir Şəhər İcra hakimi İlham İsmayılov,   Avropa İttifaqının Azərbaycandakı rəhbəri Kestutis Yankouskos, eləcə də qonaq səfirlər meydana toplaşan camaatı salamlayıblar, onları “Avropa günləri” münasibəti ilə öz milli dillərində təbrik ediblər.

Tədbir konsert proqramı ilə davam edib.

Avropa İttifaqının dəstəyi ilə reallaşan 10 layihənin təqdimatı

Mingəçevirdə “Avropa günləri” 2 günlük səfər proqramı çərçivəsində paytaxt, eləcə də bölgələrdə həyata keçirilən sosial-iqtisadi layihələrin təqdimatı keçirilib.

Təqdimat mərasiminində açılış nitqi ilə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümyəndəliyinin rəhbəri Kestutis Yankouskos hər zaman təşkilata təqdim olunan layihələrin qiymətləndirildiyini vurğulayıb. Daha çox regionların davamlı inkişaf etdirilməsinə yönəlik layihələrin daha vacib olduğu qeyd olunub. Səfir deyib ki, əsas məqsəd bir çox sahələrdə ilkin dəstək, yolu göstərməkdir, ardınca dayanıqlı, davamlı inkişaf  artıq insanların öz aktivliyindən asılıdır.

Səfirin çıxışının ardınca Avropa İttifaqının maliyyəsi ilə icra olunan layihələrin jurnalistlər üçün təqdimatı olub. İlk öncə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin(GİZ) həyat keçirdiyi Gəncə- Qazax iqtisadi rayonunda yerli və regional inkişafına dəstək (SLRD) layihəsi barədə məlumat verilib. Layihənin əsas məqsədinin həmin rayonlarda turizm və kənd təsərrüfatı sahələrini əsas götürərək, bu sahələrin inkişaf potensialının qiymətləndirilməsi, diaqnostikası və icra orqanları ilə yerli inkişaf proqramlarını işləməkdir. Ardınca Azərbaycan Gənclərinin Nəaliyyəti(JAA) Təşkilatının icra etdiyi orta məktəblərdə şagirdlərin maliyyə savadlılığının artırılmasına dair layihəsi, “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi”, Qəbələ, ismayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təlimi platformalarının yaradılması, “Lənkəran İqtisadi Rayonunda regional  model peşə təhsili Mərkəzinin yaradılması”, “Kür çayının idarə olunması planının hazırlanması” layihələri, Gəncədə sənaye üzrə regional peşə  mərkəzinin yaradılmasına dəstək layihəsi (BMT-nin İnkişaf Proqramı-UNDP) və digərləri barədə məlumatlar verilib. Layihə icraçıları, qht rəhbərləri layihə məqsədləri və planları barədə jurnalistlərin suallarınını cavablandırıblar.

Səfirlər Mingəçevir Universiteti tələbələri ilə görüş keçirib

Mingəçevirdə səfərdə olan qonaqlar universitet tələbələri ilə də görüşüblər. Mingəçevir Universitetində təşkil olunan görüşdə Avropa İttifaqı və ona üzv ölkələrin səfirləri öz tələbə təhsil mübadilə proqramlarından danışıblar. Qeyd olunub ki, Avropa İttifaqının ERASMUS+1 proqramı (European Region Action Scheme for the Mobility of University Students) əməkdaşlıq çərçivəsində ölkələr arasında təhsil sahəsində də dəstək verir, ayrı-ayrı ölkəni təmsil edən tələbələr xarici ölkə universitetlərində təhsil almaq imkanını əldə edirlər. Mingəçevirdən də bu təhsil proqramında iştirak edən tələbələr olub. Görüşdə müzakirələrlə, suallara cavablarla başa çatıb.

Raminə Eyvazqızı