\
11 Oktyabr 2024 - Cümə

“Azərbaycanda gender bərabərliyi və media“- Avropa Şurası layihəsinin yekun hesabatını verdi - FOTOLAR

“Azərbaycanda gender bərabərliyi və media“- Avropa Şurası layihəsinin yekun hesabatını verdi - FOTOLAR
1619baxış

Mediapress.az xəbər verir ki, Azərbaycan ölkədə gender bərabərliyinin təminatı yolunda hər cür layihələri dəstəkləməyə hazırdır”,- bu fikir Bakıda “Azərbaycanda gender bərabərliyi və media azadlığı” mövzusundakı  layihənin yekun konfransında səslənib. Avropa   Şurasının Bakı ofisinin icra etdiyi layihə barədə ilk çıxışı beynəlxalq təşkilatın ölkəmizdəki səfiri Zoltan Hernyes edib, səfir layihənin əhəmiyyətindən və uğurlu nəticələrindən danışıb. 

O, bildirib ki, belə layihələr gender bərabərliyi, media azadlığı mövzularında müzakirələrin aparılması baxımından çox önəmlidir, müzakirələrin artması hədəfə yaxınlaşmaq deməkdir.  Səfir xatırladıb ki, Avropa Şurasının 2018-2023-cü illər üçün strategiyasının əsası bir çox ölkədə gender bərabərsizliyini aradan qaldırmaqdır. Cənab Zolton Harnyes Azərbaycanın dövlət orqanlarının, eləcə də qht-lərinin  layihənin icrası müddətindəki lazımı dəstəyini də xüsusiylə vurğulayıb.  

Daha sonra Avropa  Şurasının Media və İnternet şöbəsinin müdiri Artemiza-Tatiana Chiscanın video-çıxışı dinlənilib.

Çıxış edən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova vurğulayıb ki, Azərbaycanda gender bərabərliyinə həssas yanaşma var, cəmiyyətdə bu məsələdə müxtəlif fikirlər hökm sürür. O əlavə edib ki, Azərbaycan gender bərabərliyinin təmini yolunu seçib və bu günə qədər qadınların hüquqlarının müdafiəsini davam etdirir. 

Çıxış edən Prezident Adminstrasiyasının nümayəndəsi Vüqar Səlimov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı da layihənin əhəmiyyətini vurğulayıb, beynəlxalq təşkilıatın layihəsinin icrasının  artıq öz bəhrəsini verdiyini deyiblər.

Tədbirin növbəti hissəsinin moderatoru, Avropa Şurasının layihə üzrə rəhbəri Pərvanə Bayramova qeyd edib ki, bu günə qədər layihə çərçivəsində mövzu üzrə 16 konfrans və regionlarda məlumatlansırma sessiyaları təşkil olunub. Layihənin yekun konfransı keçirilsə də, məlumatlandırılma sessiyaları hələ də bitməyib. P. Bayramova əlavə edib ki, layihə həm də gender bərabərliyi üzrə ekspertlərin də formalaşmasında öz töhfəsini verib, eləcə də media nümayəndələri arasında maarifləndirmənin əsasını qoyub. Jurnalistlər üçün Avropa Şurasının tövsiyələrinə əsasən gender həssaslığı ilə bağlı xüsusi qaydaları əks etdirən kitabçalar hazırlanıb. “Bəzən bizdən keçirilən konfransların əhəmiyyəti barədə soruşurlar. Əmin olmalıyıq ki, istənilən nəticəyə yalnız addım-addım nail olmaq olar. Bu səbəbdən bizim addımlarımızı uğurlu hesab etmək olar, sonuncu addımımız növbəti işimizin başlancığı olmalıdır.”

Daha sonra tədbir Belqrad Universitetinin gender və media üzrə eksperti Jelena Surculija Milojevicin video- çıxış təqdimatı ilə davam etdirilib. Maraqlı çıxışda qeyd olunub ki, aparılan araşdırmaların nəticələrinə görə, 59 ölkənin media orqanlarında çalışanların 73%-ni kişilər, qalan hissəsini qadınlar təşkil edir. Xarici ekspertin sözlərinə görə, yalnız 8 ölkə gender bərabərliyinin təminatı ilə bağlı mükəmməl qanunvericilik və icra mexanizmini ortaya qoya bilib. Belarusiya, Gürcüstan, Tacikistan və Çexiya öndə gedən ölkələr hesab oluna bilər. Bu ölkələrdə qadınlar da kişilər qədər bir çox sahələrdə təmsilçilikdə təqribən bərabərliyi qoruyurlar.

Müstəqil media eksperti Aynur Bəşirova isə daha çox cəmiyyətdə hələ də hökm sürən stereotiplərdən söhbət açıb, mövcud vəziyyəti dəyişməkdə əsas bu stereotiplərlə mübarizənin vacib olduğunu vurğulayıb. Ekspert həmçinin layihə çərçivəsində jurnalistika fakültəsi üçün hazırlanan “ Gender bərabərliyi və media azadlığı” kursu üzrə proqramdan söhbət açıb. Kursun proqramının həmmüəlliflərindən biri olan Aynur Bəşirova qeyd edib ki, vacib vəsait xarici və yerli ekspertlərin birgə əməyi sahəsində ərsəyə gəlib, nəşri müasir təhsil sahəsi üçün qənaətbəxş hesab etmək olar.

Konfrans Bilkənd Universitetinin media üzrə eksperti Bülent Mehmet Çaplının, Avropa Şurasının eksperti Georgi Stoimenovun maraqlı təqdimatları ilə davam edib. Onlar tədbir iştirakçıları ilə gender bərabərliyi mövzusunda Türkiyə və Bolqarıstan təcrübəsini bölüşüblər.

Yerli eskpertlər Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, müstəqil media eksperti Ələsgər Məmmədli isə Azərbaycan jurnalistlərinin yenilənmiş peşə davranışı qaydalarını şərh ediblər, “Mediada gender bərabərliyi” üzrə bələdçinin bütün jurnalistlər üçün vacib əl kitabı olduğunu vurğulayıblar.

 M. Ələsgərli deyib ki, jurnalistlərin fəaliyyətində nəzərdə tutulan yeni prinsiplər yerli və xarici ekspertlərin birgə komanda şəkilindəki işi nəticəsində ərsəyə gəlib, mediamız bu etik qaydalara əməl etməklə  problemləri xeyli aşa bilər.

Ekspert Ələsgər Məmmədli isə çıxışında ölkədə fəaliyyət göstərən tv kanallarının sözü gedən mövzuya laqeydliyindən bəhs edib. Ekspert tv-lərdə təqdim olunan verilişlərdə, reklam çarxlarında gender bərabərsizliyinin gözəl təbliğ olunduğunu deyib. “Təəssüf ki, bilərəkdən və ya bilməyərəkdən hazırlanan naşı yaxud peşəkar videoçarxlarda, reklamlarda, videoxəbərlərdə gender bərabərliyi kobud şəkildə pozulur, nəticədə böyük publikaya bizim mübarizə apardığımız stereotiplər yenidən sırınır.”

Konfrans yekun müzakirələrlə davam edib.

Raminə Eyvazqızı