\
11 Oktyabr 2024 - Cümə

AST nəşriyyatından yenilik Murad Adji. “Müqəddəs Georgi və hunlar

AST nəşriyyatından yenilik  Murad Adji. “Müqəddəs Georgi və hunlar
1401baxış

Tarixdən bəhs edən bu kitab coğrafiyaşünas tərəfindən qələmə alınıb. Onun hər bir yeni işi cəmiyyətə az qala lərzəyə gətirirdi. Tarixi proseslərə tamamilə unikal, fərdi baxışa malik olması heç kimi biganə qoymayan, müzakirələri bu günədək davam edən cəsarətli, parlaq nəzəriyyələr irəli sürməyə imkan verirdi. Bu kitab da istisna olmayacaq.

Müəllif qadağa ilə hələ 494-cü ildə üzləşən mövzunu seçib. O vaxtdan müqəddəs Georgi haqqında nə yazılırsa, sərt senzuraya və sonsuz düzəlişlərə məruz qalır.

Niyə?

Müqəddəs Georginin əsl fəaliyyəti nədən ibarət olub? Və niyə ona yalnız xristianlar deyil, müsəlmanlar da ehtiramla yanaşırlar?

Müqəddəsin əsl adı nə imiş? Sağlığında onu necə çağırırmışlar? O dövrün sənədlərindən heç biri Georginin fəaliyyətinə “işıq salmır”. Belə bir isim mövcud olmayıb. Doğrudur, nə vaxtsa Herodotun “skif-georq” adlandırdığı xalq var imiş. Bəs bizim qəhrəmanımızın onlara aidiyyatı varmı?

Və nəhayət ən gözlənilməz məqam, Georgi ilə hunların yolları harda kəsişib?

Bu və digər çoxsaylı suallara Murad Adji ömrünün sonunadək cavab axtarıb. Və tapıb. Bütün cavablarını da kitabında toplayıb.

Murad Adji yazır: “Sadəcə heç kimin ağlına gəlmirmiş ki, hadisələrə hunların gözü ilə baxsın. Mən bunu etdim.

Tədricən dünya mənim üçün bütöv, böyük, bölünməz şəkil alırdı. Müvafiq olaraq bəşəriyyət və onun mədəniyyəti də tam, parçalanmaz görünürdü. Bu yeni dünyada mən müqəddəs Georgi ilə şücaəti möhtəşəm mənzərə təşkil edən, dünyanın yaradılışına bərabər olan insanla rastlaşdım!.”

_______________________________________________________

 

Lakin niyə coğrafiyaşünas öz sahəsindən bu dərəcədə uzaq mövzu ilə maraqlanıb?. Georgi, hunlar - əlaqə hardadır?

Murad Esgendoroviç Adjiyev (09.12.1944-07.03.2018) coğrafiyaşünas, yazıçı, Altaya səfərindən doğan xalqların Böyük köçü konsepsiyasının müəllifi. Avrasiya qitəsinin öyrənilməsi mərhələlərini araşdırarkən coğrafiyaşünas tarixçilərin sezmədiyi mətləbləri görüb - türk mədəniyyətinin Avrasiya qitəsi boyunca səpələnərək bəşəriyyətin sərvətinə çevrilməsini. O vaxtdan türk dünyasını tədqiq etmək alimin əsas fəaliyyətinə çevrilib.

Hunlar – dünyamızın ən sirli nümayəndələrindən biri kimi onu maraqlandırmaya bilməzdi. Hunlar haqqında köçəri tayfaları, qorxmaz istilaçılar kimi danışarkən tarixçilər bilərəkdən həmin bu “vəhşi”lər tərəfindən salınmış şəhərləri, kəndləri, qalaları, özgün mədəniyyətin üstündən keçirdilər. Murad Adji

qədim tikililərdə Altaydan başlamış Böyük köçün çox aydın izlərini tapıb. Və inanıb ki, bu izlər vəhşi tayfalara məxsus ola bilməzlər. Hunlar unikal sivilizasiyanın təmsilçiləridir. Onlar səmavi tanrıya inama yeni eradan çox-çox öncə gəliblər. Bu inamı məhz onlar Avropaya gətiriblər. Ən heyrətamizi isə odur ki, o inamın rəmzi bərabərtərəfli xaç idi. O xaçı sonralar Georgi xaçı adlandıracaqlar! Qəribə səslənir, deyilmi?...

Beləliklə, elmi-tarixi ictimaiyyəti çalxalayacaq növbəti nəzəriyyə yarandı. Fərz edək ki, müqəddəs Georgi haqqındakı bütün köhnə bilgilər zəminsizlyi sübut oluna bilər?...

Murad Adji bu gün oxucuların ixtiyarına verilən kitabını tamamlayarkən vəfat edib. Alim ümid edirdi ki, onun işi dünyaya baxışımızı dəyişəcək.

Mediapress.az