\
11 Oktyabr 2024 - Cümə

YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işinə başlayıb

YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işinə başlayıb
1565baxış

İyunun 27-də Bakı Konqres Mərkəzində YUNESKO -nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işinə başladı. İyulun 4-dək davam edəcək forum Mədəniyyət Nazirliyi, YUNESKO -nun Dünya İrs Mərkəzi, Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəz (ICCROM), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Forumu Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev açaraq bildirdi ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.

Nazir Azərbaycan- YUNESKO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğuladı. Bildirdi ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi Azərbaycanın YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.

Nazir qeyd etdi ki, YUNESKO -nun Dünya İrs Konvensiyasına uyğun olaraq Dünya irsi siyahısına 276 milyon hektardan çox ərazini əhatə edən mindən çox abidə daxildir. Dünya İrsi Mülkiyyətinin daha səmərəli qorunmasına nail olmaq üçün Dünya İrsi Abidə Menecerləri Forumu böyük önəm daşıyır. Bu forum yeni təşəbbüs kimi 2017-ci ildə Polşanın Krakov şəhərində başlayıb və artıq üçüncü dəfədir keçirilir. Forumda 50-dən çox ölkəni təmsil edən 70-ə yaxın nümayəndə iştirak edir. Abidə menecerləri tədbir günlərində bir sıra iclaslarda və yığıncaqlarda iştirak edəcəklər.

Əbülfəs Qarayev həmçinin vurğuladı ki, Azərbaycandakı bir neçə məkanın YUNESKO -nun Dünya irsi siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur. Hazırda Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: “Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət olacaq. Bir neçə variant var və onların bəzilərində nöqsanlar mövcuddur. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun”.  

Nazir bildirdi ki, Hirkan milli parkının meşələri üçün İranın nominasiyası nəzərdə tutulur: “Həmin meşənin Azərbaycana düşən hissəsini vahid məkan kimi təqdim etmək istəyirik. Bu, gələcəyin məsələsidir. Naxçıvandakı türbələrin də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir”.

Əbülfəs Qarayev Abidə Menecerləri Forumunda dünyada mədəni irsin qorunması üçün əhəmiyyətli müzakirələrin aparılacağına ümidvar olduğunu vurğulayaraq tədbirin işinə uğurlar arzuladı.

Tədbirdə YUNESKO - nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək mədəni irsin qlobal mahiyyətindən bəhs etdilər. Abidə Menecerləri Forumunun yeni biliklərin əldə edilməsi, əlaqələrin qurulması və təcrübə mübadiləsi baxımından önəmi vurğulandı.

Daha sonra Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (İCCROM) baş direktoru Uebber Ndoronun forum iştirakçılarına ünvanlanmış videomüraciəti təqdim olundu.

Qeyd edək ki, Abidə Menecerləri Forumunun gündəliyinə dünya irsi və “Dayanıqlı İnkişaf – 2015” idarəetmə sənədi ilə tanışlıq, mədəniyyət mənzərələri və dünya irsinə konservativ tətbiqlərə dair əsas təqdimat və digər mövzular daxildir.

Forum iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Qobustan” Milli Tarixi-Bədii Qoruğu və digər tarixi-mədəni məkanları ziyarət edəcəklər. 

İyulun 2-də iştirakçılar Dünya İrs Komitəsinin 43-cü sessiyasında xüsusi bəyanatla çıxış edəcəklər.

Mediapress.az