\
11 Oktyabr 2024 - Cümə

Jurnalistdən 4 yumurtaya 40 manat aldılar - "Viləş Palace"ın direktoru inkar etdi: "Görünür, rəqiblərimizin işidir..." - FOTOLAR

Jurnalistdən 4 yumurtaya 40 manat aldılar - "Viləş Palace"ın direktoru inkar etdi: "Görünür, rəqiblərimizin işidir..." - FOTOLAR
1184baxış

Bu gün səhər saatlarında Sabahinfo.az saytının baş redaktoru Yusif Məhəmmədoğlu Facebook səhifəsində belə bir status paylaşıb: 

"Masallı rayonunda yerləşən Viləş Palas MMC-də, yəni Viləş İstirahət Mərkəzində səhər yeməyi yedik. Şəkildə də gördüyünüz kimi, 4 yumurta (biri yeyilib) bir pendir və bir çaynik çaya 40 manat tələb etdilər. Hələ də utanmadan deyirlər ki, biz həyətə, yəni otelin binasından kənara səhər yeməyi vermirik. Yəni səhər yeməyini “Viləş”də ancaq oteldə qaldığın halda yeyə bilərsən. Baxın, səhvi biz eləmişik ki, həyətdə səhər yeməyi yemişik. Bizə bildirdilər ki, səhər yeməyi bir adam üçün 10 manat, uşaqlar üçün isə ödənişsizdir. Belədirsə, deməli, biz 10 manat ödəməli idik. Uşaqlar pulsuzdur axı! Sonra xidmətçidən soruşdum ki, bu stola qoyduğunuz yumurtanı biz 10 yerə bölüb on adama yesək, o zaman nə qədər ödəcəyik? Dedi, 100 manat. Bax, budur turizim”.

Qısası, Masallıdakı "Viləş Palace" istirahət mərkəzində jurnalist Yusif Məhəmmədoğlundan 4 yumurta, bir pendir və bir çaynik çaydan ibarət səhər yeməyinə 40 manat ödəniş tələb ediblər.

Jurnalistika qanunlarına riayət edibən, əks tərəfin fikrini də öyrənməli olduq. Otelin direktoru Səlim Öztürklə əlaqə saxladıq:

- Bilirsiniz, "İsveç stolu" deyilən şey var. Bizdə səhər yeməyi adambaşına 10 azn-dir. Uşaqlara isə pulsuzdur. Limitsiz. Biz həmin narazı qalan müştəriyə çek vermişik. Otelin vöen çeki var, obyekt sahibləri yaxşı bilərlər mədaxil qəbzi nədir. Dövlətin çeki ilə eyni şeydir. Bu oteldə bu günədək heç vaxt belə bir hadisə baş verməyib. Ofisiant həmin müəllimə (Yusif Məhəmmədoğluya - K.A.) yaxınlaşıb və deyib ki, buyurun qonaq ola bilərsiniz. Hətta arxasınca da gedib. Amma müəllim pulu stolun üstünə atıb və deyib ki, görün sizin başınıza nə oyun açacağam. Söz-söhbət icra hakimiyyətinə də gedib çıxıb. Zəng vurdular mənə. Vacib işlər qalıb bir kənarda, xırda bir məsələ qabardılıb. Bu, jurnalistlik deyil... Belə jurnalist olmaz.

Yusif müəllim Mediapress.az-a əlavə olaraq bunları etdi: 

- Mən ailəmlə ora getdim, səhər yeməyinə. İstədim, uşaqların yaddaşında Masallı gözəl rayon kimi qalsın. Masallı gözəl rayondur həqiqətən də, təmizlik, hamar yollar... Nə isə. Çöldə oturduq, dedilər, səhv eləyib çöldə oturmusuz. Dedim, niyə? Mən pendir-çörəyimi alıram, istəyirəm çöldə otururam, istəyirəm ağacın başında, kimə nə dəxlisi var? Çıxanda çeki istədim. Handan-hana çek gətirildi. Dedim, qardaş nə yemişik ki, 40 azn ödəməliyik? Ad-soyadımı da soruşdular ki, çekə qeyd etməliyik. Mən də adımı söyləmədim. Çıxandan sonra rayon rəhbərliyi ilə əlaqə saxladım. Dedim ki, ailəmlə gəlmişəm istirahət etməyə, bu da Masallıdakı turizmin "inkişafı". Mənim onlarla düşmənçiliyim, şəxsi-qərəzliyim yoxdur, nəyimə lazımdır durub qara piarla məşğul olum. Sürücü də olub, amma heç nə yemədi. Çekdə də var: 5-4. Səhər yeməyində 40 azn-lik nə yemək olardı? Maraqlı bir şeydir. 

Könül Aypara

Xüsusui olaraq Mediapress.az üçün