\
11 Oktyabr 2024 - Cümə

Azərbaycanın bölgələrində 2 İyul - Polis Günü qeyd olunub - FOTO

Azərbaycanın bölgələrində 2 İyul - Polis Günü qeyd olunub - FOTO
1453baxış

Quba Rayon Polis Şöbəsində Daxili İşlər Nazirliyinin yaranmasının 101 illiyi münasibətilə tədbir keçirilib. 

"Report"un Şimal bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində davam etdirilən tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan və xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov çıxışında ulu öndərin şərəfli polis peşəsinə olan hörməti və güvəni haqqında şəxsi heyətə danışıb. O, yarandığı gündən daxili işlər orqanlarının şərəfli xidmət yolu keçdiyi, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğu və sabitliyin, əmin-amanlığın qorunmasında fədakar xidmət apardığını bildirib. Çıxışında bütün polis əməkdaşlarını Azərbaycan Polisinin 101 illiyi münasibəti ilə təbrik edən S.Neymətov hər bir əməkdaşa çalışdığı çətin və ağır polis peşəsində uğurlar və yüksək nailiyyətlər arzulayıb.

Daha sonra çıxış edənlər Azərbaycan Polisinin 101 illiyi münasibətilə polis əməkdaşlarını təbrik ediblər. Daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirən tədbir iştirakçıları, şəxsi heyətə gələcək fəaliyyətlərində də uğurlar arzulayıblar.

Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.

Bundan başqa, Qax Rayon Polis Şöbəsində Daxili İşlər Nazirliyinin yaranmasının 101 illiyi münasibətilə tədbir keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan və xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər polis adının şərəfli ad olduğunu və hər bir polisin bu ada layiq olmağa çalışdığını söyləyiblər. Polisin asayişin keşiyində hər daim dayanmalı olduğunu vurğulayıblar. Bildirilib ki, istintaqdan yayınmağa çalışan insanların vaxtında aşkar olunaraq istintaqa cəlb edilməsi axtarışların da vəziyyətinin yüksək səviyyədə olmasından xəbər verir. Qeyd olunub ki, ümumiyyətlə, Qax şəhərində hazırda tam əmin-amanlıqdır. 

Tədbirdə bir qrup polis əməkdaşı fəxri fərman, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

Sonda Azərbaycan polisinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Eyni zamanda Zərdab Rayon Polis Şöbəsində Daxili İşlər Nazirliyinin yaranmasının 101 illiyi münasibətilə tədbir keçirilib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan və xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İlk öncə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbriki oxunub.

Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis mayoru Azər Əfəndiyev Azərbaycan polisinin, o cümlədən rayon polis şöbəsinin əməkdaşlarının keçdiyi şərəfli yoldan ətraflı danışıb. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə Polis Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev isə çıxışında bildirib ki, Azərbaycan polisinin keçdiyi 101 illik bu tarixi yol şərəfli yoldur, eyni zamanda bugünkü nəsil üçün örnəkdir: "Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq, Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanları, o cümlədən Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır".

Tədbirin sonunda polis veteranlarına və xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.