\
10 Oktyabr 2024 - Cümə axşamı

Deputat oğlunun adı kredit qalmaqalında

Deputat oğlunun adı kredit qalmaqalında
1398baxış

Məhkəmənin qərarına əsasən, Rauf Mirələmov və qohumlarından 101 min manat tutulub “Rabitəbank”a  ödənməlidir

“Rabitəbank”ın deputat Hüseynbala Mirələmovun oğlu, Xarici İşlər Nazirliyinin diplomatı Rauf Mirələmova qarşı 119 min manatlıq iddiasının maraqlı təfərrüatları üzə çıxıb. Belə aydın olur ki, Rauf Mirələmovla yanaşı, onun dayısı Elman Şiriyev, onun həyat yoldaşı və 2 övladının da adı var. Elman Şiriyev Hüseynbala Mirələmovun qaynıdır. Deputatın qayınatası Ataxan Şiriyev 1994-1995-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı olub. A.Şiriyev 15 gün öncə vəfat edib.

Yasamal Rayon Məhkəməsi 119 min manatlıq tələbin 101 min manatını təmin edib. Hərçənd Rauf Mirələmov məsələyə Yasamal Rayon Məhkəməsində baxılmasını istəməyib. Məsələ qaldırılıb ki, bankın iddiasına Nəsimi Rayon Məhkəməsində baxılsın. Əsas kimi isə R.Mirələmovun bu rayonun ərazisində yaşaması göstərilib. Bizimyol.info  yazıb ki, Yasamal Rayon Məhkəməsi onun bu vəsatətini təmin etməyib. Aidiyyət məsələsi ilə bağlı qərardaddan yuxarı məhkəmə instansiyalarına da şikayət verilib, amma nəticə dəyişməyib. Məhkəmənin qərarına əsasən, Rauf Mirələmov və qohumlarından 101 min manat tutulub banka ödənilməlidir. Bu borcun ödənilməsi məqsədilə Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən mənzilin və Lənkəranda şəhər mərkəzində yerləşən obyektin (səsyazma studiyası) açıq hərracda satılmasına da qərar verilib. Bankla deputatın qohumları arasında çəkişmənin səbəbinə gəlincə, Rauf Mirələmovun dayısı Elman Şiriyev bankdan vaxtilə 99 min manat kredit götürüb. Həmin vaxt Rauf Mirələmov onun üçün zamin olub. Diplomatla bank arasında zaminlik müqaviləsi bağlanıb. Bu borcun cəmi 4200 manatı qaytarılıb. Kredit öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar əsas borc, faiz borcu, cərimə borcu və s. birlikdə toplanıb və bank vəsaitin ödənilməsi üçün məhkəməyə müraciət edib. Rauf Mirələmov və qohumları Yasamal Rayon Məhkəməsinin 101 min manat tutulması, əmlakların müsadirəsi ilə bağlı qərarından apelyasiya şikayəti verib. Amma qərar dəyişməyib. Bir müddət əvvəl məsələyə Ali Məhkəmə baxıb, bu instansiya da aşağı məhkəmələrin gəldiyi nəticəni doğru hesab edib.

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı “Rabitəbank”la əlaqə saxlayıb. Bankdan məsələ ilə bağlı hər hansı  şərh verməyiblər. Deputat Hüseynbala Mirələmov da israrlı zənglərimizi cavabsız buraxıb.

Mediapress.az