\
10 Oktyabr 2024 - Cümə axşamı

Şou əhli rəsmi nikahsız molla kəbinlərini ekranlarda fırladır - Nikahsız “kəbin qadağası” harda qaldı

Şou əhli rəsmi nikahsız molla kəbinlərini ekranlarda fırladır - Nikahsız “kəbin qadağası” harda qaldı
1874baxış

Azərbaycanda tanınmış şou-biznes nümayəndələrilə bağlı yaşanan olaylar tükənmək bilmir. Birinə son qoyulan kimi yeni bir hadisənin şahidi oluruq. Artıq şou-biznes nümayəndələri şəxsi həyatlarını ictimailəşdirməkdən belə çəkinmirlər. Kim-kiminlə ailə qurdu və ya hansısa müğənninin iş adamı ilə münasibətdə olduğunu belə açıq şəkildə nümayiş etdirirlər.

Son zamanlar tanınmış şou-biznes nümayəndələrinin bəzisi hansısa iş adamı ilə dini nikaha daxil olduğunu sosial şəbəkə vasitəsilə ictimailəşdirir. Bu tip hadisələri son zamanlar tez-tez müşahidə etmək olar.

Nəsiminin sözlərinə yazılmış “Pəncü-şeş” mahnısıyla qalmaqallara səbəb olmuş müğənni Afət Fərmanqızı  bu günlərdə iş adamı ilə dini nikah kəsdirib. Sənətçi onunla çəkdirdiyi fotonu və kəbin kağızını “Səni sevirəm, hacı” yazaraq paylaşıb.  

Bildirək ki, Azərbaycanda bütün məscidlərdə dini kəbin kəsdirən şəxslərdən Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVAQ) şöbələrinin verdiyi rəsmi nikah şəhadətnaməsi tələb olunur.

Maraqlıdır, rəsmi nikah olmadan Afət Fərmanqızı və “hacı” adlandırdığı şəxs dini kəbini necə kəsdirib?

Bununla bağlı adıçəkilən müğənniyə müraciət edilib. Onun cavabı isə maraqlı olub.

- Afət xanım, salam. Bilmək olar, Siz dini nikaha harada girmisiniz?

- Məsciddə.

- Hansı məsciddir, deyə bilərsiniz?

- Neynirsiniz ki, prokurorsunuz?

- Xeyr, jurnalistəm, sadəcə, evliliyinizlə bağlı açıqlama almaq istəyirəm.

- Mən onu lazım olsa, yazardım ki, filan məsciddə kəbin kəsdirmişik, yazmamışamsa, deməli, lazım deyil. Bu gün nə yediyimizi də deyək?

- Necə?

- Nə yediyimizi də bilmək istəmirsiniz?

- Biz, sadəcə, açıqlama almaq istəyirik, bu tipli reaksiyalara ehtiyac görmürük.

- Mən bir şey bilmək istəyirəm, o sual nə əhəmiyyət kəsb edir ki?

- Sual o əhəmiyyəti kəsb edir ki, rəsmi nikah olmadan Azərbaycanda dini kəbin kəsdirməyə icazə yoxdur. Siz isə rəsmi nikahla bağlı bir şey paylaşmamısınız. Əgər rəsmi nikah yoxdursa, dini kəbin kəsən məscidin hansı məscid olduğunu bilmək istəyirik.

- Rəsmi nikahın olub-olmaması məndə qalsın.

Məlumat üçün bildirək ki, 2017-ci ilin iyununda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycanda rəsmi nikah olmadan dini kəbinin bağlanması qanunsuzdur. Bunu edən din xadimi cəzalandırılacaq” , - deyə bildirib. Komitə sədri qeyd edib ki, Azərbaycan dünyəvi ölkədir, nikah münasibətləri ilə bağlı müvafiq dövlət qurumu var: “Dini nikaha o zaman girmək olar ki, bu nikahı müvafiq dövlət qurumu təsdiqləmiş olsun. Bu qurumun təsdiqləmədiyi nikahı bağlayan din xadimi rəsmi təyin olunubsa, cəzalandırılacaq, tutduğu vəzifədən azad olunacaq. Əgər bunu edən din xadimi qeyri-rəsmi fəaliyyətlə məşğuldursa, hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcək”.

Onu da vurğulayaq ki, İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsi zərurəti var. Bu barədə bir müddət öncə Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynova media nümayəndələrinə açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycanda bütün məscidlərdə dini kəbin kəsdirən şəxslərdən Ədliyyə Nazirliyi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVAQ) şöbələrinin rəsmi nikah sənədi tələb olunur: “Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası ilə rəsmi nikahsız kəbin kəsilməsinə qadağa qoyub. Lakin bununla yanaşı, biz görürük ki, çoxlu sayda cütlüklərin rəsmi nikahı olmasa da, dini kəbinləri var. Əlbəttə ki, belə ailələrin hüquqlarını müdafiə etmək bir qədər çətinlik yaradır. Xüsusilə də erkən yaşda nikaha girən qızların hüquqlarının müdafiəsi çətin olur. Buna görə də İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsi zərurəti yaranır. Nəzərinizə çatdırım ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyinin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin ölkəmizlə bağlı tövsiyələrində də bu öz əksini tapıb”.

Maraqlıdır, rəsmi izdivac sənədi olmadan, dini nikah necə kəsilir? Ümumiyyətlə, müğənnilər bu istəklərinə necə nail olurlar?  

  • Könül Aypara: “Bəzi şou-biznes nümayəndələri filankəslə dini nikaha daxil olması ilə gündəmdə qalmaq istəyir”

Media təmsilçisi Könül Aypara “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan qanunvericiliyinə əsasən ailə quran cütlük öncə rəsmi izdivaca daxil olmalıdır. Dövlət nikahı olarsa, həmin şəxslərin kəbini kəsilə bilər: “Dövlət kəbininə ehtiyac olmasaydı, məlum qanun qüvvəyə minməzdi. O zaman istənilən şəxs məsciddə dini kəbin kəsdirərdi. Qanunvericiliyin tələbinə uyğun olaraq, nikaha daxil olmaq istəyən şəxs öncə dövlət, daha sonra dini nikaha daxil ola bilər. Dövlət kəbininin vacib olmasının əhəmiyyətlərindən biri də nikahdan kənar uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, bu gün bəzi müğənnilər gündəmdə qalmaq üçün müxtəlif üsullara əl atırlar: “Son zamanlar tanınmış şou-biznes nümayəndələrinin bəzisi hansısa iş adamı ilə dini izdivaca daxil olması ilə gündəmdə qalmaq istəyir. Bəllidir ki, həmin iş adamı ailəlidir, bu səbəbdən də müğənni ilə dini nikaha daxil olur. Müğənnilər də həmin şəxsin ailəli olduğunu deyə bilmədikləri üçün kəbin kağızlarını paylaşaraq filankəslə ailə qurduqlarını deyirlər. Gülməli məqam ondan ibarətdir ki, müğənnilər dini nikaha daxil olduqları şəxsin fotosunu tam şəkildə deyil, sol qolunu və ya sol əlindən tutduqları hissəni yayırlar. Bununla da müğənnilər “ərə getdikləri” şəxsin kimliyini gizlədirlər. Əvvəllər qadının fotosu tam şəkildə göstərilməzdi, ancaq indi əksinə olub. Müğənnilər həmin şəxsin fotosunu tam şəkildə ona görə paylaşmırlar ki, o adam kiminləsə ailəlidir və övladı var. Bir sözlə, müğənnilər “molla kəbini” adı altında ailə qurduqlarını bəyan edirlər. Təbii ki, bu cür evliliklərin müddəti qısa olur”.

K.Aypara onu da vurğuladı ki, dövlət nikahı olmadan dini izdivaca razılıq verən mollalar qanun qarşısında cavab verməlidirlər: “Qanunsuz kəbin kəsən, özfəaliyyətlə məşğul olan mollalar nəzarətə götürülməlidir. Bu halın geniş yayılmaması üçün qanunvericiliyə bəzi dəyişikliklər əlavə olunmalıdır. Hansı din xadimi rəsmi nikah olmadan kəbin kəsərsə, o, qanunla cəzalandırılmalıdır. Yaxşı olar ki, dini kəbin də “ASAN xidmət” tərəfindən reallaşdırılsın. Yalnız bu yolla biabırçılıqların, ailə dağıtmaların qarşısı alınar”.

  • Cəmşid Əliyev: “Rəsmi izdivac sənədi olmadan dini nikahın kəsilməsi düzgün deyil”

İlahiyyatçı Cəmşid Əliyev bildirdi ki, şəriət nöqteyi-nəzərindən bu əqd - nikahın bağlanması tərəflərin bir-birinə məhrəm olmasını təmin etməkdir. Yəni dini ayinləri yerinə yetirən insanlar üçün bu mühümdür, əhəmiyyət kəsb edir. Amma başqaları üçün bir əhəmiyyəti yoxdur: “Şəriət kəbininin kəsilməsinin heç bir hüquqi qüvvəsi yoxdur. Yəni boşanma zamanı və yaxud tərəflərdən biri rəhmətə gedəndə ruhaninin, hətta rəsmi din xadiminin kəsdiyi şəriət nikahının heç bir hüquqi qüvvəsi yoxdur. Yəni onun əsasında heç bir pay bölgüsü aparılmır, vərəsəlik müəyyən olunmur, bunların hamısı rəsmi nikahdan asılıdır".

Həmsöhbətimiz onu da vurğuladı ki, rəsmi izdivac sənədi olmadan dini nikahın kəsilməsi düzgün deyil. Bunu edən dindar şəxslər həm qanunun tələblərini pozurlar, həm də günah işlədirlər.

Günel CƏLİLOVA (Bakı-xeber.com)

Mediapress.az