\
10 Oktyabr 2024 - Cümə axşamı

BMT Beynəlxalq Xeyriyyəçilik Günü ərəfəsində bəyanat yayıb

BMT Beynəlxalq Xeyriyyəçilik Günü ərəfəsində bəyanat yayıb
1471baxış

Sentyabrın 5-də dünya ictimaiyyəti Beynəlxalq Xeyriyyəçilik Gününü qeyd edəcək.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təşkilat bu mühüm və aktual hadisə ilə bağlı bəyanat yayıb.

BMT-nin bəyanatında bildirilir ki, yoxsulluq əvvəlki kimi, iqtisadi, sosial və mədəni inkişaf səviyyəsindən asılı olmayaraq dünyanın bütün ölkələrində mövcuddur. BMT-nin Baş Assambleyası xeyriyyəçiliyin müxtəlif dinlər, sivilizasiyalar və mədəniyyətlərə məxsus olan insanlar arasında dialoqu, həmrəyliyi və qarşılıqlı anlaşmanı möhkəmləndirdiyini, ayrı-ayrı xeyriyyəçi insanların və təşkilatların, o cümlədən Tereza ananın bu sahədə göstərdikləri nümunəni nəzərə alaraq özünün 67/105 nömrəli qətnaməsi ilə sentyabrın 5-nin Beynəlxalq Xeyriyyəçilik Günü elan edilməsi haqqında qərar qəbul edib.

Bəyanatda vurğulanır: "Beynəlxalq Xeyriyyəçilik Günü BMT bütün üzv dövlətlərə, təşkilatın sisteminə daxil olan strukturlara və digər beynəlxalq və regional təşkilatlara, həmçinin vətəndaş cəmiyyətinə, o cümlədən qeyri-hökumət təşkilatlarına və ayrı-ayrı şəxslərə müraciət edərək, onları bu mühüm günü lazımınca qiymətləndirməyə, xeyriyyə tədbirləri həyata keçirməyə, habelə maarifləndirmə və təbliğat kampaniyaları təşkil etməyə çağırır”.

BMT-nin bəyanatında qeyd olunur ki, dünyada sosial bərabərsizliyin daha da artdığı bir şəraitdə 2015-ci ilin sentyabrında təşkilata üzv dövlətlər 2030-cu ilədək olan dövrdə dayanıqlı inkişaf üzrə Gündəliyi qəbul ediblər. Bu sənəddə vətəndaş fəallığının göstəricisi olan 17 hədəf təsbit edilib. "Həmin hədəfləri şərti olaraq əsas elementlərə - ləyaqət, insanlıq, planet, əmin-amalıq, ədalət məhkəməsi və tərəfdaşlığa bölmək olar. Bu amillər insanların həyatının yaxşılığa doğru dəyişməsinə və planetimizin mühafizəsinə kömək edə bilər. Həmin hədəflərə çatmaq üçün müasir dövrün qlobal problemləri həll edilməli, xeyriyyə təşkilatlarına münbit şərait yaradılmalı və insanların həyat şəraiti yaxşılaşdırılmalıdır.

Mediapress.az