\
10 Oktyabr 2024 - Cümə axşamı

Qubanın Digah kəndindəki içməli su böhranı həllini tapacaqmı? - FOTO - VİDEO

Qubanın Digah kəndindəki içməli su böhranı həllini tapacaqmı? - FOTO - VİDEO
1628baxış
Bu günlərdə redaksiyamıza Quba rayon Digah kəndində yaşayan sakinlərdən müraciət daxil olub. Müraciətin səbəbi yay boyu içməli suyun palçıq və lil şəklində gəlməsindən ibarətdir. Belə ki, yerli sakinlər normal içməli sudan istifadə edə bilmədiklərinə görə əziyyət çəkiblər. 
 
Məsələ ilə bağlı Moderator.az-ın əməkdaşı Quba rayon Su İdarəsi ilə əlaqə saxlayıb. Onun suallarını mühəndis Əmiraslanov Nicat cavablandırıb:
 
"Məsələdən xəbərdarıq. Amma Digah kəndi bizim tabeçiliyimizdə deyil. İcra Hakimiyyəti və bələdiyyənin tabeçiliyindədir deyə, biz heç nə edə bilmirik. “Azərsu”nun da sayğacı yoxdur. Kənd camaatına Bakıdan bir qrup ezam gəlir, suyu maşınlarla Digah kəndinin camaatına paylayırlar. 
 
"Su satılır, yoxsa pulsuz verilir" sualına qurum rəsmisi belə cavab verdi:
 
"Onu deyə bilmərəm, satırlar, ya pulsuz verirlər. O kəndə su çəkmək üçün layihə lazımdır. “Azərsu” rəsmi olaraq xidmət götərmir. Köməklik edirik ki, camaat su ilə təchiz olunsun. Oranın suyu artezandan gəlir. Qaya aşıb kanalın ağzını tutub, ona görə də su palçıq kimi gəlir. Yəni bizlik deyil. O kəndə içməli su verilməsi, çəkilməsi dövlət səviyyəsində olan bir məsələdir". 
 
Adı hallandığı üçün sözügedən kəndin bələdiyyə sədrinin də əlaqə nömrəsini tapdıq, amma səhər saatları olmasına baxmayaraq, dəstəyi qaldıran olmadı. 
 
Bundan sonra Quba rayon Digah kəndinin içməli su ilə təmin olunması məsələsinə aydınlıq gətirmək üçün “Azərsu” ASC-nin ictimai əlaqələrlə iş üzrə şöbə müdiri ilə əlaqə saxladıq. 
 
Anar Cəbrayıllı suallarımıza belə cavab verdi:
 
"Sizin sorğunun əsasında regionun rəisi Elşən müəllimlə danışdım. Alpan və Digah kəndlərindəki su mənbələri həmin o çaydan kaptaj olunur, sovet dövründən bəri. Bələdiyyə xidmət edir. Bizim cəmiyyət xidmət etmir. Bizə də bu barədə müraciət edilib. Bizim mütəxəssislər orda olublar, araşdırma aparıblar, gələcəkdə orda müəyyən işlər görüləcəkdir ki, sel olanda o kəndlərin sakinləri təmiz içməli su ilə təchiz olunsunlar. Buna baxmayaraq, bu günlərdə bizim şimal regional idarəmiz ora 2 maşın ayırıb, insanlara içməli su verilir. Baxmayaraq ki, bizim xidmətimizə aid deyil. 
 
""Azərsu" sakinlərin normal içməli su ilə təchiz olunmaları üçün nə kimi köməklik edə bilər?" sualına cavabında qurum rəsmisi "Bu məsələ ilə bağlı yaxın zamanlarda təkliflərimiz olacaq" cavabını verdi.
 
P.S. Su həyat mənbəyidir. Su o qədər insan həyatı üçün önəmlidir ki, bəzən “gizli qida” da adlandırılır. XI əsrdə insanları içməli sudan məhrum etmək və ya onları su ilə təmin etməyə qadir olduğu halda bu önəmli işə dırnaqarası baxmaq insafsızlıqdır. BMT-nin araşdırmalarına görə, yaxın 50 ildə bəşəriyyəti gözləyən ən qlobal fəlakət məhz içməli su çatışmazlığı ilə bağlı olacaq. Amma deyəsən, elə indidən Qubanın bəzi kəndləri "qlobal içməli su böhranı"nın fəsadlarını hiss etməkdədir...
 
Amma inanırıq ki, Digah kənd sakinlərinin gözü “içməli su” gətirən maşınları axtarmayacaq. Anar Cəbrayıllının dediyi kimi, tezliklə bu məsələ həlli yolunu tapacaq.
 
Hazırladı: Könül Aypara