\
9 Oktyabr 2024 - Çərşənbə

Efirə yarıçılpaq çıxan aparıcı haqqında MTRŞ rəsmisi - “Bu, qanun pozuntusu deyil”

Efirə yarıçılpaq çıxan aparıcı haqqında MTRŞ rəsmisi - “Bu, qanun pozuntusu deyil”
1070baxış
Ötən gün “Space” telekanalında yayımlanan verilişlərin birində aparıcının həddindən artıq açıq-saçıq geyimdə efirə çıxması cəmiyyətdə birmənalı qarşılanmayıb. Xoşagəlməz görüntü, əsasən də ziyalı təbəqənin kəskin reaksiyasına səbəb olub. Bu barədə, hətta Əməkdar tele-jurnalist Telli Pəhanqızı da öz “Facebook” səhifəsində mövqeyini bildirib. 
 
Jurnalist, “Deyək ki, bu xanım özünə, tamaşaçılara hörmət etmir, çünki tərbiyəsi buna çatır. Bəs “Space”in rəhbərliyi, orada ağlı başında olan kişilər necə özlərinə rəva görürlər bu biabırçılığı? Onsuz da “hər şeyin meyarı puldur” deyəcəksiniz. Bəs şərəf, kişilik, qeyrət… Azərbaycançılığımızı harda dəfn etdiniz?”, - deyə qeyd edib.
 
Moderator.az olaraq efirdə yaşanmış bu vəziyyətlə bağlı bir neçə şəxsin mövqeyini öyrəndik. 
 
Məsələ ilə bağlı əlbəttə ki, ilk öncə Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə əlaqə saxladıq. Qurumun aparat rəhbəri Asif Hacıyev bunları dedi: “Mən “Facebook”da Telli xanımın mövqeyini oxudum. O, bir jurnalist kimi öz mövqeyini bildirib, vətəndaş olaraq mövqe qoyub ortaya. Bu, onun mövqeyidir. Bizim mövqeyimizə gəldikdə isə, Şuranın mövqeyi sədrin vasitəsilə bildirilir. Yəqin ki, bununla bağlı sədr də mövqeyini bildirəcək”. 
Telli Penahqizi adlı şəxsin şəkli.
 
MRTŞ sədrinin köməkçisi Fazil Novruzov da qeyd etdi ki, Şuranın mövqeyini yalnız sədr təqdim edə bilər. Ancaq hələ ki, bir mövqe yoxdur: “Bu, qanun pozuntusu statusunda olan bir hadisə deyil. Əgər qanun pozuntusu olsaydı, dərhal reaksiya veriləcəkdi. Hazırkı vəziyyətə görə Milli Televiziya və Radio Şurası məsuliyyət daşımır. Telli xanım MRTŞ-nin mövqeyini deyil, yalnız öz mövqeyini paylaşa bilər. Mən də öz şəxsi fikrimi bildirə bilərəm də, amma bildirmirəm. Hər hansı şəxsin fikrinə biz münasibət göstərə bilmərik”. 
 
Jurnalist Qulu Məhərrəmli isə, ümumiyyətlə həmkarının fikirlərinə münasibət bildirmək istəmədi: “Telli Pənahqızının fikirlərinə mən rəy bildirən deyiləm. Özü Milli Televiziya və Radio Şurası üzvüdür, getsin məşğul olsun. Zəhmət çəksin maraqlansın. Verilişlərin məzmunundan yaxşı olardı ki, danışsın. Verilişləri mahiyyəti ilə bağlı mövzu olanda, qulluğunuzda hazıram”.
 
ARB “Çıxış yolu” verilişinin redaktoru Arzu Kəlbi isə düşünür ki, verilişlərdə baş verənlərin hamısını TV-nin rəhbərinin üstünə atmaq heç də düzgün deyil: “Layihə rəhbəri, redaktor nə üçündür? Bəzən aparıcılarının savadı, danışıq tərzi olmur deyə, görüntü ilə özlərini göstərirlər. Əgər aparıcı efirə çıxırsa, aparıcı təqdim etdiyi verilişə uyğun geyinməlidir. Sinəsini açıb oturacaqsa, mini geyinəcəksə, tamaşaçı da ona inanmayacaq. Aparıcıların geyimlərinə, ümumiyyətlə, birbaşa nəzarət edən şəxs var – kostyumer. Ən əsası, hər şeyə layihə rəhbəri fikir verməlidir. Rəhbərlik bir dəfə öz tapşırığını verir, o tapşırıqları da icra edən layihə rəhbərləri, redktorlar və digərləridir”. 
 
“ARB24” telekanalının redaktoru Sevinc Süleymanova isə tək Avropada deyil, ümumilikdə dünyada kübar, zadəgan, bir sözlə zəngin təbəqənin geyimlərini, lisablarını misal gətirdi: “Doğrudur, açıq-saçıq geyim diqqət çəkib, reytinqi qaldıra bilər, ancaq kanalı, verilişi gözdən, hörmətdən salar. Burda məsələ heç qeyrət, namus məsələsi də deyil, bu məvhumlar bizim mentalitetimiz, yaşadığımız reallıqdır. Məsələ sırf zövq və estetik görüntü məsələsidir. Xanım müğənni bu geyimdə istədiyi toy məclisində, restoranda çıxış edə bilər. Bu, onun şəxsi işi, zövgü, seçimidir. Ancaq efirin efir geyimi var. Televiziya milyonlarla insana xitab edir, nümunə göstərir, zövq formalaşdırır”.
 
Könül Aypara