\
9 Oktyabr 2024 - Çərşənbə

Azərbaycanın Gürcüstandakı səfirliyində tələbələrlə görüş keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyində tələbələrlə görüş keçirilib
1481baxış

Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.

Mediapress.az”ın Gürcüstan bürosu xəbər verir ki, görüşdə yerli azərbaycanlı gənclərlə yanaşı, Azərbaycan vətəndaşları olan 50-yə yaxın tələbə də iştirak edib.

Səfir Dursun Həsənov bildirib ki, görüşün keçirilməsində məqsəd tələbələri narahat edən məsələləri dinləmək və qayğıları ilə maraqlanmaqdır.

O bildirib ki, ildən-ilə Gürcüstanın ali məktəblərinə qəbul olan yerli azərbaycanlı gənclərin sayı artır. Səfir Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin təhsilinə göstərdiyi dəstəkdən danışıb.

Suxumi Dövlət Universitetinin tələbəsi Ramil Qəhrəmanov çıxış edərək görüşün təşkilinə görə tələbələr adından səfirə təşəkkürünü bildirib. O, azərbaycanlı tələbələrin Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində təcrübə keçməsi ilə bağlı proqramın hazırlanmasını təklif edib.

Tbilisi Dövlət Tibb İnstitutunun tələbəsi Fidan İsmayılova çıxışında deyib ki, SOCAR şirkəti Gürcüstanda yaşayan azərbaycanlı tələbələrlə yanaşı Azərbaycan vətəndaşları olan tələbələrə də təqaüd verməsi yaxşı olardı.

Çıxış edən digər tələbələr Gürcüstanın özəl universitetlərinin diplomlarının Azərbaycanda tanınması ilə bağlı yaranan müəyyən çətinliklər, gənclərin işlə təminatı, azərbaycanlıların yığcam yaşadığı bölgələrdə dövlət dili ilə bağlı problemlər və digər məsələləri qaldırıblar.

D.Həsənov gənclərin görüşdə səsləndirdikləri təkliflərin diqqətdə saxlanılacağını bildirib. Diplomat gənclərlə görüşlərin davam etdiriləcəyini qeyd edib.