\
9 Oktyabr 2024 - Çərşənbə

Əlçatmaz deputatların köməkçiləri DANIŞDILAR: “Seçicinin nə sualı varsa…”

Əlçatmaz deputatların köməkçiləri DANIŞDILAR: “Seçicinin nə sualı varsa…”
1522baxış

Xəbər verdiyimiz kimi, Milli Məclis deputatlarla bağlı yenilik edib.

Bu vaxta kimi Milli Məclisin internet resursundakı  “Deputatlar” bölməsində hər bir parlamentarinin ancaq təvəllüdü, təmsil olunduğu partiya və üzv olduğu komitə qeyd edilmişdi.

Budəfəki yenilik isə bir qədər fərqlidir. Bu yenilik hər bir deputatın adı olan “Deputatla əlaqə” bölməsidir ki, həm seçicilər, həm də ictimaiyyət bu bölmədən yararlana biləcək.

Mediapress.az xəbər verir ki, Modern.az saytı əlçatmaz hesab edilən bir neçə deputatın köməkçisi ilə əlaqə saxlamağa çalışıb.

Deputat Rövnəq Abdullayevin köməkçisi Sabit Mahmudov açıqlamasında bildirib ki, deputatla əlaqə saxlamaqda çətinlik çəkənlər onlarla danışa biləcəklər:

“Deputatla əlaqə” bölməsinə hər kəs müraciət edə bilər. Əgər vətəndaş Rövnəq müəllimlə əlaqə saxlaya bilməsə, mənim vasitəmlə bu mümkün olacaq. Hər hansı məsələni deputata çatdırmağa çalışacağıq”.

Deputat Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova da deyib ki, istənilən zaman telefonları açıqdır:

“İstənilən zaman hər bir vətəndaşa telefonum açıqdır. Çalışacağıq ki, seçicinin nə sualı varsa, Zeynəb xanıma çatdırım”.

Deputat Fəttah Heydərovun köməkçisi Fuad Məmmədov telefonlarının həmişə açıq olduğunu qeyd edib:

“Kimin Fəttah müəllimə sualı olacaqsa, onu deputatın özünə çatdırmağa çalışacam”.

Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun köməkçisi Sevinc Əliyevanın "Deputatla əlaqə" bölməsindəki 051 462 33 71 əlaqə nömrəsinə zəngimizə isə mobil operatorun bu cavabını eşitdik: "Zəng etdiyiniz nömrə təyin edilməmişdir".

Xatırladaq  ki, “Deputatla əlaqə” bölməsində deputatın köməkçisinin ad və soyadı, mobil nömrələri, bəzilərində isə hətta e-mail ünvanları qeyd edilib.

Qeyd edək ki, saytın “Deputatlar” bölməsində jurnalistlərin əlçatmaz hesab etdiyi millət vəkilləri ilə də əlaqə nömrələri yazılıb.