\
9 Oktyabr 2024 - Çərşənbə

Avropa İttifaqı, BMTİP və Azərbaycan Hökuməti ənənəvi incəsənət vasitəsilə inklüziv təhsili təşviq edir

Avropa İttifaqı, BMTİP və Azərbaycan Hökuməti ənənəvi incəsənət vasitəsilə inklüziv təhsili təşviq edir
1448baxış

Mediapress.az xəbər verir ki, Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi dünən tarixi İçərişəhərdə İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzində mətbuat günü təşkil edib. Mətbuat günü Aİ tərəfindən maliyyələşdirilən, BMTİP tərəfindən “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə həyata keçirilən birgə layihə çərçivəsində incəsənət və yaradıcı mədəni özünüifadə üzrə ilk inklüziv peşə təhsili proqramının açılışına həsr olunub. Əlilliyi olan və olmayan şəxslər üçün inklüziv təhsilin təşviqinə yönələn bu layihə gənc tələbələrin birlikdə təhsil alması və ənənəvi incəsənət vasitəsilə həyatı birlikdə kəşf etməsinə kömək edir.

2018-ci ildə Aİ, BMTİP və Azərbaycan Hökuməti arasında imzalanmış layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaq və gənclərin onların inkişafla bağlı ehtiyac və tələblərinə uyğunlaşdırılmış inklüziv təhsili platformalarına çıxış imkanlarını genişləndirmək üçün bu yaxınlarda tamamilə yeni İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi yaradılıb. Mərkəz İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi (İƏİM) nəzdində fəaliyyət göstərir. Bu ilin sentyabr ayında tələbələrin ilk qrupu İçərişəhərdə Təlim Mərkəzində inklüziv emalatxanada ilk tədris ilinə başlayıblar.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas mətbuat günündə tələbələrin bu ilk qrupunu salamlayaraq aşağıdakıları qeyd edib: “Bərabər davranış, bərabər imkanlar və ayrıseçkiliyə yol verilməməsi, cəmiyyətdə əlilliyi olan qadınlar və kişilər üçün inklüziv imkanları təmin edir. Maneə və qərəz olduqda isə həm fərdlər, həm də cəmiyyət üçün çox əlverişsiz mühit yaranır, xüsusən bu maneələr bacarıqların inkişaf etdirilməsi və layiqli iş imkanlarının əlçatanlılığına mane olur. Bu baxımdan, ümumi, texniki və peşə təhsil və təlimin, o cümlədən məşğulluq sahəsində məlumatlılığı artıran davamlı, açıq, çevik və tamamlayıcı sistemlərin inkişafı və tətbiqi vacibdir.”

Könül Aypara