\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

"Şərur MTK"nın sakinləri özbaşınalıqdan təngə gəliblər - "İsfəndiyar Axundov ölkə rəhbərliyinin qərarlarının icrasına kölgə salır"

"Şərur MTK"nın sakinləri özbaşınalıqdan təngə gəliblər - "İsfəndiyar Axundov ölkə rəhbərliyinin qərarlarının icrasına kölgə salır"
2037baxış

"Şərur MTK"nın sakinlərinn problemləri illərdir ki, bitib-tükənmr. Vətəndaşlar bilmirlər ki, problemlərinin həlli üçün kimə müraciət etsinlər. 

"Şərur MTK"da yaşayan sakinlərdən biri - Ramil Osmanlı başlarına gətirilən özbaşınalıq haqda Mediapress.az-a danışıb:

"“Şərur” MTK ilə qarşı-qarşıyayıq.
10 ildən artıqdır almışıq bu mənzilləri. Əvvəl 250-300 dollara (2006-2007) satdılar. Sonra bazarda armatur bahalaşdı, katinka qalxdı, qiymətlər dəyişdi deyib müqavilədə göstərilən qiymətləri qaldırdılar. Müqavilə öhdəlikləri MTK tərəfindən 10 ildir pozulmaqda davam edir.
“Seyf” qapı deyib mənzillərə üstünə cəftə qaynaq olunmuş 2-lik tullantı dəmirlərdən qapalaq qoydular, divarları mayak üsulu suvamaq öhdəliyi götürdülər, bir başı ilə o biri başda 4-5 sm fərq ortaya çıxdı, “sayğacpulu” kimi hər mənzildən 400-500 manat pul aldılar, 3-4 il qazsız qaldıq, hər ay 200-250 manat işıqpulu ödədik, hər il bizim üçün “çıxarış” ili elan olundu, amma ilin sonunda əksinə, kommunal ödənişlərə görə tələblər artdı, həyətdə maşın saxlayanlardan 10, texniki mərtəbədə maşın saxlayanlardan avtomobil sayına 30 manat yığdılar (Mənzil Məcəlləsinin 35-ci maddəsinə görə hər iki sahə sahə mülkiyyətçilərinin-sakinlərin ümumi əmlakı sayılır).

70-ci ilin qazpaylayıcısı işləmədi, dəyişmədilər, məcbur olub özümüz pul yığıb dəyişdik, girişə şlaqbaumu, həyətə “besetka”ları, giriş qapılarını onların əvəzinə biz düzəltdik, öz vəsaitimizlə...
Hələ alqı-satqı zamanı müqavilələrin dəyişdirilməsinə görə alınan 2500-3000 manatdan artıq vəsaitlər də var bu siyahıda.
Son 3 ilimiz “Şərur”la mübarizəyə yönəlib. İdarə edə bilmirsiz, çəkilin, ölkə prezidentinin bununla bağlı fərmanı var deyirik, eşitmirlər. 2 binadan 200-dən artıq ailədən hər ay toplanan orta hesabla 10 min manata qədər vəsaitin hesabatı verilmədi. Ala bilmədik...
2019-cu il 19 fevral tarixi paytaxtın minlərlə ailəsi kimi bizim üçün də müjdəli bir tarix kimi yaddaşa yazıldı. Cənab prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi haqqında” fərmanı çərivəsində bizim binalar da istismara qəbul olundu. Çox sevindik, bayram əhvalı ilə qonşular bir-birini təbrik edib ölkə başçısına təşəkkürlərini ifadə etdilər. Hardan biləydik ki, İsfəndiyar Axundov ölkə rəhbərliyinin qərarlarının icrasına kölgə salacaq, sosial narazılıq yaradacaq. Məcbur edəcək ki, onlarla sakin işini-gücünü buraxıb dövlət qurumlarını dolaşsın, düşdükləri düyünün açılmasına çarə axtarsın. Cənab Axundovun bu dəfəki planı sakinlərlə “çıxarış-çıxarış” oyunu oynamaq oldu və yenə də məsələnin o biri ucunda əlavə pul yığımı dayanıb.
Binamızın adı portalda görünən günün səhəri sakinlərdən xəbər gəldi ki, məşhur “Hollivud” (Şadlıq sarayı və məşhur İqamətgah) canişinliyi sakinlərdən “şirinlik” umur. 300 manat gətirin “protokoldan çıxarış” alın deyib müraciət edənlərin ağzından vurub geri qaytarıblar. Sakinlər buna etiraz etdilər, liftlərimiz təhlükəli vəziyyətdədir, ondansa həmin vəsaiti toplayıb liftlərimizi yeniləyərik dedilər və düz də etdilər. Mən də getdim, Kazım adlı əməkdaş məni bir həftə “axşam zəng elə, sabab zəng elə” sözlərilə yola verdi. Nəhayət, İsfəndiyar Axundovu görməyə getdim və... Kimsə desə inanmazdım, amma şəxsən İsfəndiyar müəllimdən eşitdim ki, sən demə, əzrayıl illər öncə bala paylayıbmış, bizə artıq sahələr veriblərmiş xəbərimiz yoxmuş.

“Sizin 7 kvadratmetr artıq sahəniz var, 4200 manat ödəniş edin, prolem yoxdur, uşaqlar sizi yola salsınlar” cümləsi ilə müjdələndim. Eyni cavabı alan tək mən olmadım və məcbur qalıb bir çox dövlət orqanlarına və şəxsən cənab prezident İlham Əliyevə müraciət etdik.
Cənab prezidentdən üzr istəyirəm, bizim rifahımız naminə imzaladığı fərmanın icrası üçün yenidən onu narahat etdiyimiz üçün..."

P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.