\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Təhsil naziri: "Yeni əsasla doktoranturaya qəbulda xarici dil imtahanının nəticəsi ilkin mərhələdə nəzərə alınacaq"

Təhsil naziri: "Yeni əsasla doktoranturaya qəbulda xarici dil imtahanının nəticəsi ilkin mərhələdə nəzərə alınacaq"
1448baxış

Növbəti ildən doktoranturaya qəbul qaydaları yeni əsasla həyata keçiriləcək.

"Mediapress.az" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, əsas dəyişiklik ondan ibarətdir ki, beynəlxalq səviyyədə qəbul olunmuş imtahanların nəticəsi əsasında və yaxud da mərkəzləşmiş formada xarici dil imtahanının nəticəsi ilkin mərhələdə nəzərə alınacaq: "Hesab edirik ki, XXI əsrdə ciddi doktorantura təhsilindən danışırıqsa, mütləq şəkildə gənc tədqiqatçıların beynəlxalq, qlobal dillərdən hansısa birini mütləq şəkildə peşəkar formada bilməsi vacib və zəruri şərt kimi ortaya qoyulmalı idi və artıq zamanı yetişmiş qərar idi. Düşünürəm ki, bu qərarın da müsbət nəticələrini yaxın illərdə qəbul olunmuş tələbələr vasitəsilə görəcəyik".

C.Bayramov qeyd edib ki, 2020-2021-ci ildən başlayaraq həmin təsnifata əsasən ali təhsil müəssisələrinin tələbə qəbulu həyata keçiriləcək: "Düşünürəm ki, biz bu vaxtdan çox səmərəli istifadə etməliyik və bu müddət ərzində proqramlarda təhsilin məzmununa çox ciddi baxmalıyıq. Məzmun müasirləşdirilməli və zamanın tələbinə, əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Dünyada beynəlxalq rəqabətli məzunlar yetişdirmək üçün bu istiqamətə xüsusi diqqət yetirməliyik".