\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Jurnalistlər il ərzində hansı qurumun mətbuat xidmətindən razı qaldılar? - Narazılıqlar da oldu - SORĞU - FOTOLAR

Jurnalistlər il ərzində hansı qurumun mətbuat xidmətindən razı qaldılar? - Narazılıqlar da oldu - SORĞU - FOTOLAR
2103baxış

Mətbuat xidməti təmsil etdiyi qurumun güzgüsüdür. Mətbuat xidməti olmaq çox böyük məsuliyyətdir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik həm çalışdıqları qurum, həm də media nümayəndələri üçün çox önəmlidir.

Gəlin etiraf edək ki, jurnalistlər adətən müxtəlif dövlət qurumlarının mətbuat katibləri ilə daha sıx işləmək məcburiyyətindədirlər. Gün ərzində baş verən hadisələrlə bağlı rəsmi cavablar çox önəmlidir. Belə məqamlarda mətbuat katibləri üzərlərinə düşən işin məsuliyyətini dərk etməlidirlər. 

Gəlin görək 2019-cu ildə jurnalistlərlə əməkdaşlıqda hansı dövlət qurumlarının mətbuat xidmətinin rəhbəri nümunəvi olaraq yadda qalıb? Ünvanlanan sualları vaxtlı-vaxtında və ətraflı cavablandırıb? Və ya informasiya əldə etmək istəyən jurnalistə lazımi köməklik göstərməyən, passiv fəaliyyəti ilə yadda qalan mətbuat xidmətinin rəhbəri kim olub?

Xəyalə Rəis (Kaspi qəzetinin əməkdaşı):

- Jurnalist üçün xəbər hər şeydən önəmlidir. Ölkədə baş verən hadisələri, önəmli xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün bəzən informasiya əldə etməklə bağlı ciddi çətinliklərlə üzləşirik. Belə ki, gün ərzində məlumat əldə etmək, informasiyanı dəqiqləşdirmək, yaxud da yayılan xəbərlərə aydınlıq gətirmək üçün müxtəlif ünvanlara müraciət edirik. Belə ünvanlar arasında dövlət qurumlarının mətbuat xidmətlərinin xüsusi çəkisi var. Bu mənada dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Ümumiyyətlə, mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, ən çox bizim işimizə yarayar. Əslində onların işi də mətbuat nümayəndələrinin sorğularını cavablandırmaq, onlarla əlaqə qurmaqdır. Bəzən olur ki, media nümayəndəsi ilə mətbuat katiblərinin arasında anlaşılmazlıq yaranır. Belə ki, qurumun mətbuat katibləri media nümayəndələrinin sualları düzgün ünvanlamamaqda, qurumla bağlı prosesləri bilməməkdə suçlayırlar. Bəzi hallarda mətbuat xidmətləri məsuliyyətdən və cavabdan qaçmaq üçün də bunu edə bilərlər. Bəzən isə apardığımız bir araşdırma ilə bağlı qurumun mətbuat xidməti ilə əlaqə saxladıqda deyirlər emailimizə rəsmi şəkildə suallarınızı göndərin. Həmin prosesin üzərindən bir həftə keçdikdən sonra bizə hər suala bir cavab yazıb göndərirlər. Məsələnin üzərindən bir həftə keçdikdən sonra nə o sualın bir mahiyyəti qalır, nə də həmin suala verilən cavabın. Mənim bu mövsüm ən çox razı qaldığım qurum isə Mədəniyyət nazirliyinin mətbuat katibidir. Belə ki, nazirliyə yeni gələn gənc kadrlar həqiqətən çox operativ və axtardığımız suallara zamanında cavab verməyi bacarırlar. Türkan Cəfərova hər gün nazirliyin keçirdiyi tədbirləri vatsap və email vasitəsi ilə bizə göndərərək öncədən keçirilən tədbirlərlə bağlı bizi məlumatlandırır. Bundan başqa, teatrlarımızın mətbuat xidmətləri də çox operativdirlər. Onların iş prinsipi də məni qane edir. Onlarla bərabər Beynəlxalq Muğam Mərkəzinin mətbuat katibi Lalə Azəri ilə bir neçə dəfə əlaqə saxlamışam və zamanında məni yönləndirib, lazımi insanların nömrələrin tapılmasında, mərkəzdə olan yeniliklər, layihələrlə bağlı məlumatın operativ ötürülməsində aktiv bir xanımdır.

Əli Novruzəliyev (“ATV Səhər” verilişinin müxbiri):

- Mən mədəniyyət üzrə müxbir olduğumdan teatrlarımızla sıx əlaqə saxlamışam. İl boyu mediaya açıq olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının rəhbəri Həmidə Rüstəmovanın, Azərbaycan Dövlət Musiqli Teatrının mətbuat xidmətinin rəhbəri Fəridə Aslanovanın adlarını qeyd edə bilərəm. O ki qaldı fəaliyyəti olmayan mətbuat xidmətinə, hər il olduğu kimi, yenə də İrəvan teatrı mətbuata qapalıdır. Mətbuat katibinin olub-olmamağından xəbərim yoxdur (gülür).

Təbriz Məhərrəmoğlu (Yenigündəm.az):

- Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (AXDG) mətbuat katibi Mehman Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) mətbuat katibi Elnur Niftəliyev, “Ailə Biznesinə Asan Dəstək (ABAD) layihəsinin mətbuat katibi Turanə Qasımova, Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov, Azərbaycan İlahiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri Ayşən Hüseynova il boyu məni maraqlandıran bütün suallara yerində və operativ şəkildə cavab veriblər.

Ağa Dadaşzadə (Azmilli.com):

- İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə işləmişəm, idman müxbiri olduğum üçün və çox da razı qalmışam.

Ramina Eyvazqızı (Ayna.az)

- Mais Ağayev il boyu hər zəngimə cavab verib, bütün suallarımı dolğun şəkildə cavablandırıb. Bakı İcra Hakimiyyətinin mətbuat xidməti isə ümumiyyətlə, vəzifəsinin nədən ibarət olmasından xəbərsizdir.

Elnurə Abışova (Mövqe.az):

- Mətbuata açıq Dini qurumlardan Anar müəllim, Metropolitendən Bəxtiyar müəllim, BNA-dan Mais müəllim, aqrar sahədən Mayıs müəllim və təhsildən Bəşarət müəllim, Az Tu-dan Sevinc xanım, Aİİ-dən Ayşən xanım. Narazı qaldığım olmadı.

Orxan Kərimov (SalamNews İnformasiya Agentliyinin əməkdaşı):

- Əksər dövlət qurumları var ki, hazırda mətbuata açıqdır və media ilə sıx əməkdaşlıq edirlər. Buna misal olaraq , Gömrük Komitəsi, Ekologiya Nazirliyi, Azərişiq, Gənclər və İdman Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Yol Polisi, Azərbaycan Dəmir Yolları, Təhsil Nazirliyi, Sosial Müdafiə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Kənd Təssərüfatı Nazirliyi, Bakı Metropoliteni, Xəzər Dəniz Gəmiçiliyi, “Qaçqınkom”, DANX, Bakı Avtovağzalı, Dövlət Dəniz Agentliyi, həmçinin ASAN Xidmət kimi dövlət qurumlarının adını çəkə bilərəm ki, media ilə daima sıx əməkdaşlıq edirlər, jurnalistlərin suallarını, sorğularını mütamadi cavablandırırlar. Lakin mediaya qapalı və narazı qaldığım qurumlar da var. Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, hətta Qafqaz Müsəlmanları İdarəsi və s. olan qurumlardır ki, mətbuatla işləməkdə maraqlı deyillər. Ümid edirik ki, onlar da öz həmkarlarına baxıb nə vaxtsa nəticə çıxararlar.

Samir Soltanov (Azadinform İnformasiya Agentliyi):

- Mən əsasən çalışdığım agentlikdə xəbər lentini yenilədiyim üçün bəzi hallarda qurumlara üz tuturam. İl ərzində sosial müavinətlərlə bağlı qaranlıq qalan məsələlərdən ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə müraciət eləmişdim. Və müraciətimə də vaxtında cavab verilib. Bundan başqa, adıçəkilən dövlət orqanına bir sıra məsələlərlə bağlı göndərdiyim sorğulara da cavab almışam. Mətbuatla yaxından işləyən digər dövlət orqanı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Qurumun Mətbuat Xidmətinin rəhbəri İradə xanıma ünvanladığım suallar heç vaxt cavabsız qalmayıb. Məncə, bütün dövlət qurumları, komitələr, özəl təşkilatlar mətbuatla sıx əlaqə yaratmalı, jurnalistlərin ünvanladığı sorğulara vaxtında cavab verməlidir.

Könül Cəfərli (Yeniçağ.az):

- Anar Cəbrayıllı, Yadigar Cəfərli və Fazil Talıblı - əlçatan və mediaya açıqdırlar. Zənglərə cavab verir, müraciət edilən məsələni araşdırır və münasibət bildirirlər. Elə mətbuat katibləri var ki, gündə 100 dəfə də zəng etsən, telefona cavab vermir. Məcburən mövzuları qurumun münasibəti olmadan, təktərəfli işləməli olursan.

Əlişir Əhəd (Tia.az):

- ETSN, Gənclər və İdman Nazirliyi, BDU,  Dövlət Reklam Agentliyinin Mətbuat xidmətləri razı qaldıqlarımdandırlar.

Vüqar İmanov (Trend.az):

- Mən yalnız mədəniyyət nazirliyi ilə işləyirəm. Onlardan tam razıyam!

İnarə Rafiqqızı (Virtualaz.org)

- Mən mətbuat xidmətlərindən DİN, bir də prokurorluqla işləyirəm. O da həmişə yox, arada. Və hər dəfə də suallarıma cavab almışam, yəni əməkdaşlıq etdiyim bu iki qurumun mətbuat xidmətlərindən narazı qalmamışam.

Günel Həsənova (Life.az):

- "Red Communinications"un mətbuat xidmətindən cox razı qaldıq. Həmişə suallarmızı cavablandırdi, tədbirlərə dəvətnamə göndərdi, press relizləri tam vaxtında çatdirdı Ülviyyə İsmayılova. "Red Communications" bir cox dövlət və qeyri-dövlət təşkilatlarla işləyir (MasterCard, Herbolife, Turkish Airlines, Carlsberg və s.) və Ülviyyə xanım vasitəsi ilə bu qurumların işini yüksək səviyyədə işıqlandıra bildik.

Hazırladı: Könül Aypara