\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Məcburən diləndirilən kəlbəcərli qaçqın tapıldı! - YENİLƏNDİ - Mediapress.az yazdı, polis hərəkətə keçdi - FOTOLAR

Məcburən diləndirilən kəlbəcərli qaçqın tapıldı! - YENİLƏNDİ - Mediapress.az yazdı, polis hərəkətə keçdi - FOTOLAR
1900baxış

Bu gün səhər saatlarında Azərbaycan Ədəbiyyatçıları İctimai Birliyinin sədri, şair, Prezident təqaüdçüsü Günay Nəriman Facebook səhifəsində kəlbəcərli İsmayılov Baxşeyiş Bəhlul oğlunun "Matan" adlı bir qadın tərəfindən diləndirildiyi haqda məlumat paylaşmışdı.

Mediapress.az bu xəbəri dərhal işıqlandırdıqdan sonra materialı hüquq-mühafizə orqanlarına çatdırdı.

Bir az öncə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev tərəfindən məlumat aldıq ki, artıq sahibsiz Baxşeyiş tapılıb. Və o, polis nəzarətindədir.. Həmçinin onun diləndirilməsi və digər hallarla bağlı araşdırmalar davam etdirilir. . 

Baş vermiş hadisəyə operativ şəkildə reaksiya verən əməliyyat qrupuna dərin təşəkkürümüzü bildiririk!

Bu gün bir dahasübut olundu ki, Azərbaycan polisinin fəaliyyətində vətəndaş maraqlarına ciddi önəm verilir.

Könül Aypara

 

08:06

"Bu kişi hər axşam saat 10-dan sonra Bakıxanov və Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində oturur. Gəlib- gedən maşınlar da pul verir.

Diqqətimi dəfələrlə çəkməsinə baxmayaraq, bu dəfə dayanıb, söhbət etmək qərarına gəldim. Ad, soyad, ata adının İsmayılov Baxşeyiş Bəhlul oğlu olduğunu dedi. Əslən Kəlbəcərdən olduğunu, övladının olmadığını, kimsəsiz olduğunu söylədi.

Keçmişdən tanıdığı Matan adlı bir qadının evində qaldığını dedi. Şəxsiyyət vəsiqəsinin olmadığını, qaçqınlara və məcburi köçkünlərə edilən yardımlardan bixəbər olduğunu söylədi. "Dayı, səhər gələk səni qaçqınkoma aparaq, kömək edək" deyəndə, "Matan buna icazə verməz" cavabını verdi. Söhbət zamanı bir qadın gəlib yanımızdan o tərəf- bu tərəfə, guya telefonla danışaraq keçdi. Yaxınlaşdı kişiyə qəpik də verdi. ( Söhbətimiz davam edir) Geri qayıdıb qarşı tərəfdəki restoranın, kısiyə yemək vermək üçün çağırdığını söylədi. Kışinı çəkə-çəkə apardı (kişinin ayağı axsayır).

Bu arada fürsət tapıb kişidən soruşdum, "Matan budur?" "Hə", - dedi. Artıq məsələ aydın idi. Bu qadın (və ya bir dəstə) kişini diləndirir, kim bilir, onun adından nələrdə istifadə edilir. Pensiya, sosial müavinət, qaçqın pulu, qaçqınlara verilən ev və sair.

Kişi də hər gün buz kimi səkinin üstündə oturub, Matan üçün pul yığır. Dönüb, onların girdiyi yerə gəldim, soruşdum, heç kim yeməyə dəvət də etməyibmiş. Ha boylandım, saatlarca o ərazidə gəzdim hansı tərəfə getdiklərini görmədim. Belə köməksizləri Matanlardan necə qoruyaq? Necə qurtaraq canlarını? Nə məsləhət görürsünüz?"

Mediapress.az xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Ədəbiyyatçıları İctimai Birliyinin sədri, şair, Prezident təqaüdçüsü Günay Nəriman Facebook səhifəsində paylaşıb. Günay xanımın iddiasına görə, Matan adlı qadın (və ya şəxslər) bu sahibsiz kəlbəcərli Baxşeyişdən sui-istifadə etməklə məşğuldur. Daha doğrusu, Matan Baxşeyişin qaçqın olmasından  istifadə etməklə ona aid olan imtiyazları mənimsəyir. Hələ bu azmış kimi, yiyəsiz kişini diləndirməklə də məşğuldur. 

P.S. Məsələ ilə bağlı aidiyyatı orqanları da xəbərdar etdik. Hadisənin gedişatı ilə bağlı məlumatı sizlərlə də bölüşəcəyik. Bizi izləyin.

QEYD: Şəkildə "Matan" adlı qadın Baxşeyişi apararkən. Ərazi dəqiqliyi ilə düşüb. 

Könül Aypara