\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Şəxsiyyət vəsiqəsini bülleten qutusuna atdığı iddia edilən xanım danışdı - "Hər çəkilən şəkilə özlərinə sərf edən don geyindirirlər"

Şəxsiyyət vəsiqəsini bülleten qutusuna atdığı iddia edilən xanım danışdı - "Hər çəkilən şəkilə özlərinə sərf edən don geyindirirlər"
1516baxış

EKSKLÜZİV

Dünən - 23 dekabr Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçki müxtəlif hadisələrlə yadda qalıb. Onlardan biri də xanım seçicinin guya şəxsiyyət vəsiqəsini bülleten qutusuna atması olub.  

Mediapress.az olaraq “Günün fotosu”nun qəhrəmanını tapdıq və məlum oldu ki, Nəsimi rayonu üzrə seçki məntəqəsində qeyri-peşəkar jurnalistin obyektinə tuş gələn Səbinə Əliyeva adlı xanım heç də şəxsiyyət vəsiqəsini qutuya atmayıb. O, sadəcə olaraq,bülleteni qutuya atmaq istəyib, bu zaman qutudan içəri düşməyən kağızı şəxsiyyət vəsiqəsi ilə içəri salmağa çalışıb.

“Bülleten qutuya düşmədi, ilişib qaldı deyə, şəxsiyyət vəsiqəmin ucu ilə kağızı qutuya salmaq istədim. Bunu kənardan çəkib, paylaşıblar ki, “Günün fotosu”. Başa düşürəm, kimlərəsə reytinq lazımdır. Amma vicdan da yaxşı şeydir.  Millətimizin bisavad üzvləri də rəylərdə ağızlarına gələni yazıblar. İnsanda məntiq olmalıdır: bir fikirləşin, adam dayanan yerdə şəxsiyyət vəsiqəsini qutuya niyə atmalıdır axı? Bir də nə mənası var ki? Sabah o vəsiqə mənə lazım olmayacaqmı? Mən iş-güc adamıyam, ailəli qadınam, anayam, məndən icazəsiz şəklimi paylaşmaq nə deməkdir? Bunun cəzası nədir, bilirlərmi heç?” – deyə Mediapress.az-ın əməkdaşına açıqlama verən Səbinə xanım jurnalistlərdən və sosial media rəhbərlərindən belə vəziyyətlərə həssas yanaşmalarını xahiş edir:

- Düzgün deyil bu. Adam bir əks tərəfin də fikrini öyrənər. Hər çəkilən şəkilə özlərinə sərf edən don geyindirirlər. Bu, mübarizə deyil, sadəcə şərəfsizlikdir.

Könül Aypara