\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

İctimai nəqliyyata ov tüfəngi ilə mindi EKSKLÜZİV - 165 saylı avtobusda sərnişinlər üçün təhlükəli anlar yaşanıb

İctimai nəqliyyata ov tüfəngi ilə mindi EKSKLÜZİV - 165 saylı avtobusda sərnişinlər üçün təhlükəli anlar yaşanıb
1337baxış

Dünən günorta saatlarında 165 saylı avtobusda sərnişinlərin həyatı üçün təhlükəli anlar yaşanıb. Belə ki, ictimai nəqliyyat hesab olunan avtobusda sərinişin ov tüfəngi ilə görüntülənib. 

Mediapress.az xəbər verir ki, sərnişin silahını gizlətmək əvəzinə, heç kimdən çəkinmədən, açıq-aşikar qucağında saxlayıb. Bu da əlbəttə ki, digər sərnişinlərin qorxusuna səbəb olub.  

Avtobusda əyləşənlərdən bir jurnalist Facebookdakı səhifəsində bu barədə narazılığını bildirib:

"Avtobusa ov tüfəngi ilə minmək nə deməkdir? Polis hara baxır? Avtobusa minənə qədər, eləcə də avtobusdan düşəndən sonra buna yaxınlaşıb deyən olmayıb ki, a bala, hardan gəlib, hara gedirsən? Şəkli də özüm çəkmişəm, gizlicə. Düşənə qədər də gözüm tüfəngdə qalmışdı. Birdən açılardı?!"

Jurnalist xanımın haqlı iradından da bəlli olur ki, hadisə Bakıda - 165 saylı avtobusda baş verib. 

Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. 

"Bəlkə Bakıda çəkilməyib?" - deyən Bakı Nəqliyyat Agentliyinin sözcüsü məlumatı dəqiqləşdirmək üçün sabahın açılmasını gözləməyi məsləhət bildi. 

Əlavə edək ki, xoşagəlməz hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevlə də əlaqə saxladıq. 

"Sosial şəbəkələrdə yayılan fotodan məlumatlıyıq", - deyən sözcü bununla bağlı müvafiq araşdırma aparıldığını bildirdi:

"Həmin görüntüdə əks olunan tüfəngə oxşayan ov silahı, yaxud digər təyinatlı olması araşdırmanın nəticəsində məlum olacaq".

Hazırladı: Könül AYPARA