\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Yeni il şənliyində uşaqlara mənşəyi məlum olmayan şirniyyatları hansı şirkət paylayıb?! - “Balakhani Operating Company”mi, yoxsa "Koroğlu"? - ARAŞDIRMA - FOTOLAR

Yeni il şənliyində uşaqlara mənşəyi məlum olmayan şirniyyatları hansı şirkət paylayıb?! - “Balakhani Operating Company”mi, yoxsa "Koroğlu"? - ARAŞDIRMA - FOTOLAR
3977baxış

2020-ci ildir... Amma hələ də uşaqlarımızın yeni il şənliklərində əldə etdikləri hədiyyələr sağlamlıq üçün təhlükə törədəcək şirniyyatlardan ibarətdir. Belə ki, qış tətilində keçirilən Yeni il şənliklərinin bəzilərində bağlamalara vaxtı ötmüş məhsullar qoyulub. Hətta şirniyyatların istifadə tarixi bir yana, heç hansı şirkətə məxsus olduğuı belə məlum olmayıb. Bir sözlə, qış tətilində Əl Oyunları sarayında keçirilən Yeni il şənliyinin biletlərinə əsasən, uşaqlara  mənşəyi məlum olmayan, köhnəlmiş, kiflənmiş şirniyyatlar paylanılıb.

Qəribəsi budur ki, həmin şənliyə verilən biletlər SOCARla əlaqəsi “Balakhani Operating Company”dir. Bu şirkət işçilərinə uşaqlarını Yeni il tətilində əyləndirmək üçün şənliyə bilet paylayıb. Hansı ki, əvəzində də şəkillərdə gördüyünüz bu keyfiyyətsiz, həyat üçün təhlükə mənbəyi olan şirnyyatlar verilib.

Belə hədiyyələrdən alan və adının açıqlanmasını istəməyən valideynlərdən biri Mediapress.az-a danışdı:

“Uşaqları şənliyə aparmışdım. İki biletimiz var idi. Təyin olunmuş saatda ünvanda idik. Ünvan isə Əl Oyunları İdman Sarayı idi. Yəqin aranızda gedənlər olub. Sarayın girişində hamı hədiyyə almağa can atırdı. Say etibarı ilə təxminən 1000-ə qədər uşaq var idi, bəlkə də çox. Çoxları hədiyyəni şənlik zamanı açıb yeyirdi. Biz isə evə çatıb, sonra açdıq hədiyyələri. Sözün həqiqi mənasında qismən də olsa keyfiyyətli məhsullar gözləyirdim. Amma hədiyyənin içindəkilərini görüb dəhşətə gəldim. Keyfiyyətsiz və insan orqanizmi üçün zərərli şirniyyat məhsulları idi. İstehsal tarixi keçmiş və ya 5-10 gün qalmış peçenye və s. Baxın bu məhsulların adına. Üstündəki yazı və tarixə. Məhsullardan sanki sabun qoxusu gəlir. Üzr istəyirəm, heyvana da versən yeməz bunları. Millətin gələcəyi olan körpələri zəhərləmək istəyənlər, sizin övladınız yoxmu? Bəs vicdanınız? Haramıniz olsun. Bütün bu əməllərinizə görə övladınızla imtahan ediləcəksiniz, inanın buna. Allah böyükdür”.

Məlumat üçün bildirək:

Azərbaycanda "Balakhani Operating Company" şirkətinin filialı qeydiyyatdan keçib. Nümayəndəliyin rəhbəri qismində Yurgen Şlossmaxer (AFR) çıxış edir. Şirkətin təsisçisi Ltd-dir (Virciniya adaları).

2010-cu ilin iyununda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və UGE-Lanser PTI şirkəti Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı quru yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair (PSA) müqavilə imzalayıblar. Müqavilə sahəsi 16,14 kvadratkilometr təşkil edir.

Müqavilə beş illik prolonqasiya ilə 25 il müddətinə imzalanıb. Müqavilədə iştirakın 75 faizi Lanser, 25 faizi isə ARDNŞ-nin payına düşür.

Balaxanı-Sabunçu-Ramana yataqları 1871-ci ildən istismara verilib

Belə...

1. İlk öncə SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovla əlaqə saxlayıb, məsələ ilə bağlı onu agah etdik. O isə cavabında bunları dedi:

“Sizin sorğu biz tərəfdən araşdırıldı. “Balaxanı Operativ Company” tədbirin təşkilatçısı deyil. Təşkilatçı Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqıdır. Onlar da deyirlər ki, biz birbaşa təşkilatçı deyilik, sifarişçiyik. Podratçı kimi həvalə ediblər hansısa təşkilata. Məsləhət budur ki, birbaşa Həmkarlar İttifaqı ilə əlaqə saxlayasınız”, - deyən İbrahim müəllim Cahangir Əliyevlə əlaqə saxlamağı məsləhət gördü.

Beləcə, birgə axtarışlarımızın nəticəsində məlum oldu ki, “Balakhani Operating Company”nin işçilərinin Yeni il şənliyi üçün biletlərini Azərbaycan Həmkarlar İttifaqı Konfedersiyası təşkil edib.

2. HİK-nın mətbuat xidmətinin rəhbəri Nazim müəllim bizi diqqətlə dinləsə də, “deyirsiz, məsələnin bir ucu gəlib sizə çıxıb. Həmin ərzaqların ünvanı var da, hər halda üstündə. Həmkarlar İttifaqının qida məhsulları istehsal edən müəssisələri yoxdur ki”, - deyə aqressiv halda cavab verdi.

“Nazim müəllim, bəlkə hədiyyənin içindəkilər Ermənistan istehsalıdır? Olmazmı idi ki, maraqlanardınız öncədən?” sualımıza isə, “onu paylayanlar konkret kimdir? Bizim konfederasiyamızın 28 sahəsi var”, - deyə cavab verdi.

- Aydınlaşdırmaq istədiyimiz də budur elə. Hansı sahəniz SOCARla əlaqəsi olan  "Balakhani Operating Company" şirkəti ilə işbirliyi görüb?

SOCARın neft-qaz sənayesi işçiləri üçün həmkarlar ittifaqı var. İndi sizə onların əlaqə nömrəsini verərəm, aydınlaşdırarsınız.

3. Üz tutduq sözügedən qurumun neft-qaz sənayesi sahəsi üzrə həmkarlar ittifaqının sədri Cahangir Əliyevə. Yaranmış problemdən xəbərdar olduğunu bildirdi. “Hansı gündə baş verib bu hadisə? Bizdə hər gün Əl Oyunları Sarayında bir şirkət fəaliyyət göstərib. Başqa cür bilə bilməyəcəyik. Gərək həmin işçi yaxınlaşıb öz iradını bildirərdi. Məlumatı təşkilatçılıq edən adam bilir. Hər günün bir təşkilaçısı var. Tarixi bilsək, bilərdik ki, təşkilatçı kimdir”, - deyən Cahangir müəllimə baş verən hadisənin tarix və saatını söylədik: “3 dekabr, 18:00, Əl Oyunları Sarayı”.

“Məşğul olum, öyrənim, əlaqə saxlayarıq”.

4. Çox keçməmiş Cahangir müəllimin işçisi zəng vurub bildirdi ki, bu işlə məşğul olmaq ona tapşırılıb. “Biz “Koroğlu” firması ilə müqavilə bağlamışıq və həmin dediyiniz tarixdə Əl Oyunları Sarayında hədiyyələri məhz “Koroğlu” şirkəti paylayıb.

5. “Koroğlu” şirkətinin rəhbər vəzifələrindən birini tutan Bəhruz müəllimlə də danışdıq. Nəticə etibarilə bu keyfiyyətsiz malları azyaşlılara məhz elə bu firma paylayıb. Amma Bəhruz müəllim inadkarlıqla bu işin şirkətə qarşı təxribat olduğunu söylədi. “Biz 11 min podarka paylamışıq. Böyük şirkətlər və teatrlarla işləyirik. “Veysəloğlunun”, “Araz” marketin, “Oba” marketin, “Bravo” marketin mallarını hədiyyə etmişik. Hal-hazırda da həmin marketlərdə hədiyyələrimiz satışdadır. Bu məsələni aydınlaşdırarıq. Görək kim bizim şirkətə qarşı təxribat törədib. İstəyirsiz, siz də gəlin bərabər iştirak edin. Anbarımıza da baxın”, - deyən “Koroğlu” şirkətinin təmsilçisi onu da əlavə etdi ki, paylanılan mənşəyi məlum olmayan həmin qidalar Binədəki məktəblərin bufetlərində də satılır:

“Mən indi uşağımı məktəbdən götürürəm, həmin keyfiyyətsiz, İran hərifləri ilə yazılmış şirniyyatlar burdakı bufetdə də satılır”.

P.S. Deyəsək söz, yazacaq ifadə yoxdur belə bir məqamda. Təkcə şikayətçi olan valideynin sillə kimi üzə dəyən ifadəsini xatırladıram:

“Millətin gələcəyi olan körpələri zəhərləmək istəyənlər, sizin övladınız yoxmu? Bəs vicdanınız? Haramıniz olsun. Bütün bu əməllərinizə görə övladınızla imtahan ediləcəksiniz, inanın buna. Allah böyükdür”.

Hazırladı: Könül Aypara