\
7 Oktyabr 2024 - Bazar ertəsi

Prezidentin qaldırdığı məsələ ilə bağlı vəziyyət - Xoşun gəlir işlə, xoşun gəlmir xoş getdin”

Prezidentin qaldırdığı məsələ ilə bağlı vəziyyət - Xoşun gəlir işlə, xoşun gəlmir xoş getdin”
1634baxış

Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev işçilərin sahibkarlar tərəfindən istismar edildiyinə diqqət çəkib:

 

“Mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Eyni zamanda, işəgötürənlər əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz”.

 

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Modern.az-a konstitusiyaya əsasən həftəlik 40, gündəlik 8 saat iş vaxtının müəyyən edildiyini bildirib. O qeyd edib ki, iş vaxtından artıq işlər yalnız qanunvericilikdə yol verilmiş hallarda mümkündür:

 

“İstehsalat zərurəti yaranırsa, işəgötürənlə işçi arasında razılaşmaya əsasən, dalbadal gələn iki gün ərzində 4 saatdan çox olmamaq şərtilə işçilər iş vaxtından artıq işə cəlb oluna bilər. Amma əmək şəraiti ağır yerlərdə artıq iş saatı 2 saatdan çox ola bilməz. Bütün bunlar sənədləşdirilməli və işçiyə ən azı ikiqat ödəniş olunmalıdır. Fövqəladə hallar baş verər və zərurət yaranarsa, işçiləri iş vaxtından artıq işə cəlb etmək olar. Bu, digər hallarda qadağandır. Təəssüf ki, bizdə praktik olaraq bu hallar baş alıb gedir və ölkə Prezidenti də öz çıxışında məhz bu halları nəzərdə tuturdu ki, işçilərlə əmək müqaviləsi bağlanmır, əməyin mühafizəsi təmin olumur, işçilər istismar olunur və s.”

 

 

3 milyondan çox işçi müqaviləsiz işləyir

 

Onun sözlərinə görə, Azərbaycanda rəsmi statistikaya görə 5 milyon işçidən 1 milyon yarımı ilə müqavilə bağlanıb:

 

“Bunun da əsas hissəsi dövlət sektoru, dövlət orqanları, büdcə təşkilatları, dövlətin tabeliyində olan təsərrüfat subyektlərinin payına düşür. O cümlədən, əmək müqaviləsi olmadan işçilər işə cəlb olunur, artıq işlədilir və s. Nəticədə işçi hüquqları pozulur”.

 

Tapşırıqlar verilib, amma...

 

Ekspert deyib ki, problemi aradan qaldırmaq üçün qeyri-formal əmək bazarının həcmi kiçildilməlidir:

“O yerdə ki, işçilər əmək müqaviləsi bağlamadan işi yerinə yetirirlər, yaxud muzdlu işi yerinə yetridikləri halda onlarla mülki hüquqi müqavilə bağlayıblar, bu, aradan  qalxmalıdır. Bunlar olmadan əmək qanunvericiliyini düzgün tətbiq etmək mümkün olmayacaq. O ki qaldı dövlət nəzarətinə, qeyri-rəsmi əmək bazarının ləğvi ilə bağlı sənədlər imzalanıb, tapşırıqlar verilib, Nazilər Kabinetində bununla bağlı xüsusi komissiya yaradılıb və s. Yenə də bu sahədəki neqativlər qalmaqdadır. Ötən il Vergilər Məcəlləsinə edilən əhəmiyyətli dəyişiklikdən sonra bir qədər müsbətə doğru addımlar atılıb. Amma bunlar da kifayət edəcək dərəcədə deyil”.

 

“...nəticədə Prezidenti narahat edən hallar baş verir”

 

S.Məmmədov deyib ki, bəzi hallarda problemlə qarşılaşan işçi işdən qovulmaq təhlükəsilə üz-üzə qaldığından səsini çıxara bilmir:

 

“Burada iki məsələ var. Məsələn, işçiyə deyilir ki, sənə 500 manat verirəm cibdən-cibə. İşçi bilir ki, müqavilə bağlansa, həmin məbləğdən tutulmalar olacaq. Ona görə də müqaviləsiz işləməyə razılaşır. Beləliklə də yaxınmüddətli planda udur, amma uzunmüddətli planda uduzur. Çünki müvəqqəti əmək qabiliyyətini itirdikdə, sosial sığorta hadisəsi baş verdikdə, heç bir vəsait ala bilmir. Yaxud da sahibkar deyir “müqavilə yoxdur, işləyirsən ilə, işləmirsən xoş getdin”. Mək müqaviləsi olmadan işləyən işçi könüllü işləsə belə bu, məcburi əməyə cəlb olunmuş sayılır. İnzibati Xətalar Məcəlləsində bunun cəzası var. Amma gözümüzün qarşısında tikinti işləri aparılır, ticarət şəbəkələrində minlərlə insan müqaviləsiz işləyir. Nəticədə də Prezidenti narahat edən hallar baş verir”.