\
7 Oktyabr 2024 - Bazar ertəsi

Türkiyədə qar uçqunu oldu, prezidentin müşaviri qar altında qaldı, 8 nəfər öldü - YENİLƏNİB

Türkiyədə qar uçqunu oldu, prezidentin müşaviri qar altında qaldı, 8 nəfər öldü - YENİLƏNİB
1645baxış

Türkiyədə qar uçqunu altında qalan 8 nəfər ölüb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Hadisə Van-Bağçasaray yolunun 33 kilometrliyində baş verib. Qar sərnişinlə dolu olan mikroavtobusun üzərinə uçub. Xilasetmə işləri zamanı ikinci qar uçqunu olub. 

“İndiyə qədər 3-ü mühafizəçi, 3-ü mütəxəssis çavuş, biri gizir, biri də mülki vətəndaşımız olmaqla 8 nəfər uçqunun altında qalaraq ölüblər”, - nazir deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan hadisə yerinə gedib. İkinci uçqun nəticəsində baş müşavir də qarın altında qalıb. O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.


*** 14:48

Türkiyənin şərqindəki Van vilayətində baş verən qar uçqunu nəticəsində 50-dən çox adam uçqun altında qalıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə vilayətin rəhbəri Mehmet Emin Bilmez məlumat verib.

Son məlumatlara görə, 300-dən artıq xilasedicinin qatıldığı işlər hazırda davam edir. Hazırda 25 nəfər qar altından çıxarılıb.