Türkiyə klubunun futbolçusu Azərbaycan millisindən imtina etdi
34201
Türkiyənin "Kayserispor" klubunda çıxış edən Hasan Hüseyin Acar Azərbaycan millisinin təklifini qəbul etməyib.
Bu barədə 26 yaşlı yarımmüdafiəçi DHA-ya açıqlamasında bildirib.
O, hər futbolçu kimi milli komandada çıxış etməyi hədəflədiyini vurğulayıb: "Bu mövsüm Azərbaycan millisindən təklif aldım, amma mən Türkiyə yığmasında oynamaq istəyirəm. Bu, hər bir gənc türk oyunçular kimi mənim də hədəfimdir. Ona görə də Azərbaycandan gələn təklifi geri çevirdim. Türkiyə yığmasına yaxınlaşdığımı düşünürəm. Bu çıxışımı davam etdirə bilsəm, milliyə çağırılacağımı gözləyirəm".
Yarımmüdafiəçi 2014 - 2017-ci illərdə Azərbaycan yığmasında işləyən və hazırda "Kayserispor"un baş məşqçisi olan Robert Prosineçki barədə xoş sözlər deyib: "Baş məşqçimizin yüksək futbol biliyi var. Futbolçularla dialoqu da çox yaxşıdır, sadəcə, işini görən mütəxəssisdir. Oyunçulardan da gözləntisi budur. Futbolçularla tez-tez danışmaz, lakin işlərini yerinə yetirmələrini gözləyir. "Real Madrid" və "Barselona"da oynayıb, futbol savadı var. Bizi Super Liqada saxlaya biləcəyinə inanıram".
Qeyd edək ki, Hasan Hüseyin Acar 2018-ci ilin yayından "Kayserispor"da çıxış edir. O, daha öncə açıqlamasında Azərbaycan millisində oynamağa müsbət yanaşdığını deyib. AFFA əvvələr də Azərbaycan əsilli türkiyəli futbolçuları milliləşdirib. (report)