\
21 Noyabr 2024 - Cümə axşamı

Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir… - FOTOLAR

Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir… - FOTOLAR
42404baxış

... Bu dünya yaxşıların üzərində yerindədir. Yamanlar isə yaxşıların kölgəsində itib-batır. Atalar necə deyib? “Min acı bir şirinlə udular”. Yaxşılardan məhəbbətlə, xoş xatirələrlə danışsaq, bəlkə də pislərin nəticə çıxarmağına nail ola bilərik. Xeyirxahlıqdan söz açmaq isə nankor və naxələfə meydan oxumaq deməkdir.

Bu dəfəki “Yaxşılar unudulmur” rubrikamızı tibb aləminə töhfələr verməklə yaddaşlarda qalmış akademik Fazil Qurbanova həsr edəcəyik. Bəlkə də çoxunuz onun haqqında məlumatsızsınız. Odur ki, bir az haqqında danışaq:

HAQQINDA:

Fazil Qurbanov 1944-cü il fevralın 18-də Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1975-ci ildə Azərbaycan EA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda elmi işçi kimi başlayan Fazil Qurbanov 1980-1987-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Cərrahiyyə Elmi Mərkəzinin aspirantı və elmi işçisi, 1988-1999-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qastroenterologiya İnstitutunda şöbə müdiri, 1991-1999-cu illərdə Azərbaycan Tibb Universitetində Cərrahiyyə kafedrasının professoru olub.  Fəaliyyətini Moskva şəhərində davam etdirən alim 1999-2005-ci illərdə Rusiya Federasiyası Dəmiryolu Nazirliyinin N.A.Semaşko adına Mərkəzi Kliniki Xəstəxanasında Cərrahiyyə şöbəsinə rəhbərlik edib, 1999-ci ildən ömrünün sonunadək Rusiya Xalqlar Dostluğu Universitetinin Hospital cərrahiyyəsi kafedrasının professoru vəzifəsində çalışıb.

Fazil Qurbanov 1983-cü ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1988-ci ildə Azərbaycan Tibb Universitetinin, 1999-cu ildə Rusiya Xalqlar Dostluğu Universitetinin professoru seçilib. O, 2014-cü ildə Azərbaycan

 

ELMİ TƏDQİQATLARI...

Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib.

Fazil Qurbanov elmi tədqiqatlarını əsasən mədə xorasının cərrahi müalicəsi, əməliyyat olunmuş mədədə rekonstruktiv bərpa, qida borusunun xərçəngi və xoşxassəli çapıq strikturları, qarın boşluğu orqanlarının və peritonətrafı sahənin az invaziv cərrahi əməliyyatları istiqamətində aparıb. O, cərrahi müalicədən sonra kardiospazm residivləri zamanı pnevmatik kardiodilyatasiyanın yaranma mexanizmlərini öyrənmiş, xərçəng və qida borusunun xoşxassəli strikturları zamanı birmomentli ezofaqoplastikanın üstünlüklərini göstərib. Alim həzm traktının xoşxassəli və bədxassəli xəstəliklərinin cərrahi və konservativ müalicəsində bir sıra yeni metodları müvəffəqiyyətlə tətbiq edib.

Fazil Qurbanov 280-dən çox elmi əsərin, o cümlədən 8 monoqrafiyanın, Rusiya və Azərbaycanın ali təhsil müəssisələri üçün 4 dərslik və metodiki vəsaitin, 13 ixtira və 7 səmərələşdirici təklifin müəllifidir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə respublikamız və xarici ölkələr üçün 30-a yaxın tibb elmləri doktorları və tibb üzrə fəlsəfə doktorları hazırlanıb.

Fazil Qurbanov Rusiya Xalqlar Dostluğu Universitetinin Dissertasiya şurasının, N.İ.Piroqov adına Cərrahlar Assosiasiyasının, Torakal Cərrahlar Assosiasiyasının, Beynəlxalq Cərrahlar kollecinin üzvü olub.

Səmərəli ictimai fəaliyyət göstərən Fazil Qurbanov Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri kimi Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin inkişafına əhəmiyyətli töhfələr verib.  

Ölkəmizdə tibb elminin inkişafında və yüksəkixtisaslı həkim kadrların hazırlanması sahəsində akademik Fazil Qurbanovun xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib, o, Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, “Şöhrət” ordeni ilə təltif edilib.

Xatırldaq ki, Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik Fazil Qurbanov 76 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin! 

P.S. Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən bu görkəmli şəxsiyyət haqqında çox danışıb-yazmaq olar. Saatlarla, günlərlə... Elmi inkişafında böyük rolu olan, vətənpərvər insan, xeyirxah əməlləri ilə ürəkləri fəth edən Fazil müəllim...

Sadəlik, yaxşılıq və dürüstlük olmayan yerdə böyüklük yoxdu, deyiblər. Fazil müəllim isə bütün bu müsbət keyfiyyətləri özündə birləşdirən şəxsiyyət olub...

 

Mediapress.az