“Satıldığımı biləndə gec idi” - Reportaj - Bəladan qurtulmuş insan alveri qurbanından dərs - FOTOLAR
30 iyul –Dünya İnsan alverinə qarşı Mübarizə Günüdür.
Qəhrəmanım Sevda( şərti ad) 43 yaşındadır. 8 il əvvəl az yaşlı qızı ilə həyat yoldaşından ayrılıb, maddı çətinlik çəkən qadın qonşusunun məsləhəti ilə Türkiyədə yaşayan soydaşımızın yanına gedib. Təəssüf ki, o da yaxşı iş vədi ilə tora salınan yüzlərlə qadından birinə çevrilib.
Sevda söhbətimiz zamanı qeyd etdi ki, Bakıdan gedəndə ona vəd edilmişdi ki, Türkiyənin Yozgat deyilən bölgəsində xəstə baxıcısı, dayə kimi işə düzəldiləcək. “Mənimlə ora bir neçə qadın getmişdi. Yaxşı iş tapıb pul qazanacağım arzusunda idim. Bizi Türkiyədə dediyim yerdə darısqal bir otağa saldılar. İlk vaxtlar bizi aparan qadın məni müxtəlif yalanlarla aldatdı, güya məni işlə təmin etməklə maraqlanır. Pasportumu da bu səbəblə əlimdən aldı. Amma ilk olaraq məni əlində silahı olan birinə satdı. Çox qorxurdum. Bir ay içərisində silah gücünə məni bir neçə kişiyə sexs xidməti göstərməyə məcbur etdi. Daha sonra məni başqa bir evə apardılar. Bu “xidmətə” göndərilmə silah gücünə baş verdiyindən, insan alveri qurbanına çevrildiyimin heç fərqində deyildim, hər hansı mübarizə aparmaq yolum, təkbaşına yad yerdən çıxış imkanım yox idi. Satıldığım kişilərdən hər cür fiziki, cinsi zorakılıq görürdüm. Xoşbəxtlikdən son satıldığım kişi mənim xilaskarım oldu. O vəziyyətimi anladı.”
Sevdanın sözlərinə görə, həmin türkiyəli şəxs ona seks xidmətinin göstərilməsi əvəzinə, yardım etməyi təklif edib. “Həmin kişinin evində 10 gün qaldıqdan sonra onun yardımı ilə pasportunun qaytarılmasına nail oldum və Azərbaycana gayıda bildim. Əslində bu bir möcüzə idi, çünki silahlı insanların içindən sağ qalmaq kimi ümidim yoxdu, deyilənə görə, məni onlara tabe olmadığım üçün rahatlıqla ölüdürə də bilərdilər.
Azərbaycana gələndən sonra ilk işim Gəncəyə gəlmək və qonşumla qarşılaşmaq idi. Çünki o qadın mənim həyatımı alt-üst etmişdi, əgər qarşıma yaxşı insan çıxmasaydı, bəlkə də bura meyitimi gətirmişdilər. Gəncə Baş polis İdarəsinə şikayətlə müraciət etdim, şikayətim Bakıda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə(“qaynar xətt”-152) yönəldildi, şikayətimə operativ yanaşıldı, ekspertiza aparıldı, uzun sürən proses nəticəsiz qalmadı. Məhkəmə proseslərim bir ilə qədər vaxtımı aldı.
2013-cü ildə Gəncədə “Təmas “ regional İB-nin nəznində yaranan İnsan alveri və potensial insan alveri qurbanlarına xidmət göstərən regional reablitasiya və reinteqrasiya Mərkəzi( hazırkı adı “Zorakılıq qurbanları üçün reablitasiya və reinteqrasiya mərkəzi və sığınacaq”) qarşıma çıxdı. Mənim qalacaq yerim olmadığı, psixoloji dəstəyə ehtiyacım olduğu üçün Bakıdan bu Mərkəzdə qalmağım tövsiyə olundu. Mərkəzin dəstəyi ilə məhkəmə proseslərimi də yekunlaşdırdım. Uzun mübarizədən sonra biz istəyimizə çatdıq. Məni qadın alverçisi qadınla tanış edən qonşuma 6 ay həbs cəzası verildi, həmin alverçi axtarışa verildi, xeyli müddətdən sonra o da həbs olundu.
Sevda bu gün “Təmas”ın dəstəyi sahəsində artıq həyatına sıfırdan başlayıb, qızı artıq böyüyüb, təşkilatın dəstəyi ilə ailə həyatı qurub. Özü isə artıq 5 ilə yaxındır, müxtəlif
aktyor truppaları ilə el, bayram şənliklərinə qoşulur. USAİD-in maddi köməyi ilə özünə bir neçə obrazın geyim dəstini alıb.
Müxtəlif obrazlarda tamaşaçılar qarşısına çıxır, keçmişi xatırlamaq istəmir, amma sınaqlarından dərs aldığını da vuğulayır.
6 illik dəstək, yüzlərlə həyatını səliqə-səhmana salan insan...
Sevda kimi insanların yenilənməsində dəstək verən və Gəncədə yerləşən “Təmas” İB-nin ofisinin qonağı oldum. Burada fəaliyyət göstərən “Zorakılıq qurbanları üçün reablitasiya və reintiqrasiya mərkəzi və sığınacaq” 2013-cü ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) , Beynəlxalq Miqrasiya Təşkilatının(İOM) texniki dəstəyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə yaradılıb və “Təmas” regional inkişaf İB-nin nəznindədir.
Həm İctimai Birliyin, həm də Sığınacağın rəhbəri olan Südabə Məmmədovayla söhbətim zamanı o qeyd etdi ki, təşkilatı həmkarı Ələkbərova Kübra ilə birlikdə 2008-ci ildə təsis ediblər. Südabə Məmmədova həm təşkilatın, həm də sığınacaqın yaranma zərurətindən danışdı. “Biz təşkilat kimi işimizə start verəndə Beynəlxalq Miqrasiya Təşkilatının təlimləri başlamışdı. Bu bizim, yeni yaranan təşkilat üçün gözəl şans idi. Tədricən insan alveri kimi mövzunu mənimsəməyə başladıq. Bu problemlə bağlı kiçik, böyük layihələrə müəlliflik etdik.
Fəaliyyət göstərdiyimiz müddət ərzində “Təmas” Azərbaycanın qərb bölgəsində insan hüquqları, insan alveri, nikah hüquqları, gender əsaslı zorakılıq haqqında ictimai maarifləndirmə fəaliyyəti hüququ pozulmuş , zorakılığa məruz qalmış insanlara hüquqi yardımların edilməsi və ictimai müvəkillik işinin təşkili və s. kimi fəaliyyətləri həyata keçirib və bu iş davam etdirilir. Beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif ölkə təcrübələrinə yiyələnmişik. Zaman-zaman könüllü fəaliyyət əsasında yaşayan təşkilatımız Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DİN-nin İnsan alverinə Qarşı Mübarizə Baş İdarəsi, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi , yerli icra hakimiyyəti və hüquq mühafizə orqanları və yerli qht-lərlə də sıx əməkdaşlıq edib, bu gün də bu koordinasiya davam edir.
Birlik tərəfindən 2009-2018-ci illər ərzində Qərb bölgəsində bir çox layihələr həyata keçirilib. Layihələrin əsas mövzusu insan alveri, gender əsaslı zorakılıqla mübarizə, erkən nikahların qarşısıının alınması, məişət zorakılığından əziyyət həssas vəziyyətdə olan qadın və uşaqlara hüquqi - psixoloji yardımların göstərilməsi, reproduktiv sağlamlıgın qorunması, təlimçilər üçün təlimlərin təşkili olub.
“Təmas” Regional İnkişaf İctimai Birliyinə etibar edilən və 2013-cü ilin may ayından yaradılan “Zorakılıq qurbanları üçün reablitasiya və reinteqrasiya mərkəzi və sığınacaq” bu günə qədər yüzlərlə insana dəstəyini verib.
Südabə xanımın sözlərinə görə, Mərkəzin əsas məqsədi insan alverinin və məişət zorakılığının qurbanı olmuş və sosial riskli ailələrdən olan şəxslərə, sənədsiz insanlara, məişət zorakılığından əziyyət çəkənlərə mütəmadi yardımları, təhlükəsiz sığınacaqla təmin etmək, onlara psixoloji ve hüquqi yardımlar etməklə yanaşı, onların reablitasiya ve reintiqrasiyasını həyata keçirməkdir.
“Mərkəz yarandığı tarixdən qht- lərlə bağlı qaninvericilikdə olan dəyişikliklərə görə bir müddət vəsait əldə edə bilməyib və 2013 cü ilin may ayından 2016- cı ilə qədər konüllu olaraq hec bir maliyyə olmadan fəaliyyət göstərib. Mərkəz maliyə cətinliklərinə baxmayaraq bağlanmayıb və fəaliyyətini könüllük prinsipləri əsasında davam etdirib.
Mərkəz 2016 -ci ilin fevral ayından etibarən Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatı(İOM) tərəfindən həyata keçirilən “İnsan alveri ilə mübarizə” layihəsi çərçivəsində fəaliyyətini davam etdirir. Artıq burada tək insan alveri qurbanları, potensial insan alveri qurbanları ilə iş aparılmır, həmçinin bütövlükdə zorakılıq görmüş , hüququ pozulmuş insanlar da reablitasiya olunur. Xarici təşkilatın layihəsi çərçivəsində hüquqşünas da daxil olmaqla ancaq 5 nəfər işcinin əmək haqqları ödənilir. Qalan xərclər, o cümlədən sığınacağın icarə haqqı, kommunal , ərzaq və s. kimi ödənişlər isə ancaq təşkilatın daxili imkanları hesabına həyata keçirilir. O üzdən bir cox maliyyə çətinlikləri olur.
Qeyd: Bu günə qədər Mərkəzdən yüzlərlə insan hüquqi, psioloji, maddi dəstəyini alıb. Müraciət edənlər arasında zorakılığın müxtəlif formalarından əziyyət çəkənlər, ailə- məişət zəminində problem yaşayanlar, müxtəlif tibbi, sosial xidmətlərə ehtiyacı olanlardır. Son statistik rəqəmlərə gəlincə, ötən il 2018-ci il ərzində ümumi olaraq
Mərkəzə1043 nəfər müraciət edib. Bunlardan 134 uşaq (86 oqlan, 28 qız), 959 nəfər (152 kişi, 757 qadın) böyük olub.
Mərkəzdə 276 nəfər zorakılıqdan əziyyət çəkən qadın və uşaq təhlükəsiz sığınacaqla təmin olunub. Sığınacaqdan yararlanmış 276 nəfərdən 11 nəfəri insan alveri qurbanı və 265 nəfəri isə insan alverinin potensial qurbanları olublar. Bunlardan 142 nəfəri qadın, 134 nəfəri isə uşaq olub (86 oğlan, 48 qız).
Sığınacağın öz qaydaları var!
“Zorakılıq qurbanları üçün reablitasiya və reinteqrasiya mərkəzi və sığınacaq”la tanışlıq prosesi zamanı (hazırda 25 qadın və uşaq birgə yaşayır) sığınacağa da baxış oldu. Südabə xanımın sözlərinə görə, sığınacağa yerləşənlər xüsusi qaydalara uyğun seçilir və əməl edirlər. “Özü öz üzərində işləyən qadınlara dəstək verməyə üstünlük veririk, bizdə reablitasiya mərkəzidir, hüquqi, psixoloji xidmət verilən qadınların burada daimi saxlanılması doğru deyil. Sığınacaqda olan qadınların bir neçəsini dövlət və özəl qurumlarının dəstəyi ilə işlə də təmin etmişik, onlar artıq hər gün işə gedirlər, aylıq maaş alırlar, öz büdcələrini yaradıblar. Uşaqlar məktəbdən qalmır. Hər kəsin yenidən həyata başlaması, öz ayağı üzərində durması vacibdir. Bizdə Budapeşt təcrübəsi tətbiq olunur.
Bizə müraciət edənləri bir neçə sınaqdan keçiririk, haqqında araşdırma aparırıq. Ona uyğun hüquqi, psixoloji xidmətlər, reablitasiya proqramı təklif edirik, şərtlərimizi təqdim edirik, sığınacaqdan gediş- gəliş saatlarını müəyyən edirik. Burada birgə yaşayış, nəzarət var, başqa qurbanlara, potensial zərərçəkən insanlara cavabdehlik daşıyırıq. Biz könüllü reablitasiya olunmaq, bizim dəstəyimizə güvənən və qaydalarla yaşayan zərərçəkən qadınlara şans veririk.
Hazırda çox problemli vəziyyətdə olan qadınlarımız var. Bizə müraciət edən qadınlardan bir neçəsinin uşaqları əlindən alınıb, erkən nikahla ərə verilib, nəticədə rəsmi nikah olmaması ucbatından hüquqi proseslər də gecikir. Belə problemlərin davam etməməsi üçün bu gün də maarifləndirmə, təbliğat işlərimizi davam edirik.
Südabə xanım söhbəti əsnasında vurğuladı ki, onlara edilən dəstəyin artırılmasına ehtiyac var.
“ Beynəlxalq Miqrasiya Təşkilatı və USAID bizim müraciətlərimizi imkan daxilində qarşılayır, qadınlarımızın peşə bacarıqlarına yiyələnməsinə dəstək verir. Amma buna baxmayaraq, sığınacağın yeri kiçikdir, birgə yaşayan və bizə pənah gətirənlərin daha yaxşı şəraitdə olmasını istəyirik. Otaqlar darısqaldır. Uşaqlı anaların daha yaxşı imkanlara malik olmasını arzulayırıq. Bizim dayanıqlı inkişafımız üçün geniş imkanlar, madiyyat lazımdır.”
Sığınacağın təhlükəsizliyi barədə danışan Kübra xanım isə nəzərə çatdırdı ki, bu barədə polislə sıx əməkdaşlıq var. “ Biz sığınacağa yerləşən qadınların daim nəzarətdə olmasını təmin edirik. Bəzən zorakılıq görmüş qadınların doğmaları, həyat yoldaşları tərəfindən xoş olmayan münasibətlə qarşılaşırıq. Amma biz bunlara hər zaman hazırıq. Cəmiyyət stereotiplərlə zəngindir, insanların hələ də maarifləndirilməsinə ehtiyac var. Biz ailələrin dağılması deyil, yenidən bərpasına çalışırıq. Bunun üçün bütün səylərimizi cəmləyirik, amma bəzən ailənin dağılması, ayrılıq iki tərəfin yaxşılığı üçün olur. Biz ailələrin daxili işinə qarışmırıq, amma zorakılıq baş verdiyi anda missiyamızın icrasına başlayırıq.”
Qeyd edim ki, sığınacağa baxış zamanı oranın doğrudan da, darısqal otaqlardan ibarət olduğunun şahidi oldum. İsti havada bir-birinə sıx yerləşən yataqlar, ortaq tualet, hamamın vəziyyəti yaxşı deyildi.
Sığınacaqdan çıxmış qəhrəmanlar
“Zorakılıq qurbanları üçün reablitasiya və reinteqrasiya mərkəzi və sığınacaq” onlarla qadının müstəqil yaşaması, iş və peşəyə yiyələnməsinə nail olub. Sığınacağın koordinatoru Kübra Ələkbərovanın müşayəti ilə Mərkəz və sığınacaqdan yararlanan xanımların uğur hekayələri ilə tanış oldum. Xanımlarla söhbət zamanı onların özünə inamı, daha məlumatlı olması nəzərdən qaçmır.
Rəna( şərti ad) 2 uşaq anasıdır. Ailə həyatı qurduqdan sonra həyat yoldaşı onu qoyub Rusiyaya gedib. Rəna qaynanası ilə bir evdə yaşadığından ailə məişət zəminində problemlər meydana çıxır. Psixoloji zorakılığa məruz qalan Rəna həyat yoldaşından öz iddiası ilə ayrılıb. Reablitasiya mərkəzi-sığınacaqdan aldığı dəstək, psixoloji, hüquqi xidmət nəticəsində xeyli məlumatlanıb, artıq öz hüquqlarını gözəl bilir. Qaynanası ilə barışıb bir evdə yaşayır, artıq USAID və BMq T-nın maddi dəstəyi ilə tikiş maşını əldə edib, dərzilik edir, öz büdcəsini yaradıb.
Taliyə(şərti ad)15 yaşında atasının təzyiq altında Rusiyaya heç bir rəsmi nikaha girmədən qohumuna ərə verilib. Erkən nikahla ailə quran Taliyə bir müddət sonra ailəsində zorakılığa məruz qalıb və Gəncəyə gəlib. Atası tərəfndən yenidən psixoloji təzyiqlər görən gənc ana sığınacağa müraciət edib, hüquqi, psixoloji dəstək görən Taliyənin peşəyə yiyələnməsinə yardım göstərilib, hazırda saç kəsimi üzrə sənətini tətbiq edir. İndi USAİD və BMqT-nın maddi dəstəyi ilə alınacaq iş avadanlıqlarını gözləyir.
Xatirə( şərti ad)- ailə tərəfindən fiziki zorakılıq qurbanı olub. Amma hazırda öz işi var, ticarət mərkəzində işləyir. Oğlu üçün planları var. Mərkəzin dəstəyi nəticəsində psixoloji və mənəvi cəhətdən güclü olduğunu bəyan edir. Sığınacaqda qalır. Amma tezliklə öz evinin olmasını arzulayır.
Uğur hekayələrini bölüşən xanımların sayını artırmaq da olar. Amma əsas odur ki, qadınlarımız arasında həyatına yenidən sıfırdan başlamaq istəyi güclüdür.
Kimsəyə insan alveri, zorakılıq qurbanı olmamaq arzusu ilə!
P.S. Məqalədə keçmiş zorakılıq qurbanları haqqında məlumatlar onların istəyi üzrə qeyd olunub, məxfilik qorunub.
Raminə Eyvazqızı
Bakı-Gəncə-Bakı