28 may metrosunun keçidində yaşayan naməlum şəxs - EKSKLÜZİV
HƏYATIN SOYUQ ÜZÜ
Bu soyuq havalarda qızınmaq olduqca çətindir. Evsiz-eşiksiz insanlar üçün rahat yerdə gecələmək ikiqat problemə çevrilir. Parklarda, yarımçıq tikililərdə gecəni keçirən insanlara rast gəlmək elə də problem deyil. Lakin Nüşabə Şəkərovanın əbədiləşdirdiyi kadrdan görmək olur ki, əlacsızlıqdan yeraltı keçidlərdə, metro stansiyalarında da gecələyənlərə rast gəlmək mümkündür. N.Şəkərovanın 28 May metrostansiyasının keçidində bu gün çəkdiyi kadrdan görmək olur ki, buranı da özünə məskən seçən tapılıb. Beton döşəməyə karton salınsa da, yataqda yastıq və örtük olsa da, arxa plandakı qara iri çantadan və öndəki bir cüt ket ayaqqabıdan anlamaq olur ki, yatan şəxs metropolitendə çalışan fəhlə deyil. Elə olsaydı, sərnişinlərin sıxlığının artmasına qədər çoxdan çıxıb getmişdi. O isə göründüyü kimi, yatağına sıx sarılıb və şəxsi problemləri fonunda ətrafdakı problemləri görmək belə istəmir və ya görmək iqtidarında deyil. Hər halda, Allah onun da köməyi olsun.
Və sonda... Gəlin unutmayaq ki, hamının bu dünyada şəxsi sandığı mənzili isti, rahat və ya dəbdəbəli olsa da, müvəqqətidir. Əbədi mənzili rahat və hüzurlu etmək üçün bu dünyada birlikdə yaşamağı və paylaşmağı öyrənməliyik.
P.S. Maraqlı şəklə görə, Mediapress.az Nüşabə Şəkərovaya minnətdarlığını bildirir.