"Radio mənim üçün həyat, televiziya isə eşqdir!" - Anar İbrahimli - FOTOLAR
2590
"Həmkarla üz-üzə" rubrikamızın bufədəki qonağı həm radio, həm də televiziya aparıcısı Anar İbrahimlidir.
- Anar, harda işləyirsən işlə, amma sənin radioaya olan bağlılığını hamı hiss edir. Nədəndir?
- Mən həmişə demişəm, radio mənim üçün həyat, televiziya isə eşqdir. İnsanın yaşaması üçün isə həyat lazımdır. Musiqini, əyləncəni xüsusi sevirəm, bu səbəbdən radioda daha sərbəst və rahat oluram.
- ANS-ə sadiq qalanlardan da biri sənsən. Çoxmu darıxırsan?
- Darıxırsan da sözdür? Ora mənim üçün bambaşqa olub.
- ANS məktəbində hansı “fənnlər”dən əlaçı çıxdın, hansında aşağı qiymətlər aldın?
- Vahid, Seyfulla Mustafa Yev, Qənirə Ataşova, Mirşahin Ağayev, Murad Hüseynov və.s kimi peşəkar müəllimlərin tələbəsi olmuşam. "Əlaçı" çıxmasaydım, orada aparıcı olmağıma imkan verməzdilər (gülür)
- Kövrəlirsən ötən günlərilə bağlı sənə nəsə deyəndə...
- Pozitiv olduğum qədər də, kövrək insanam.
- Özünü peşəkar görməyin kənardan hansı hisslər yaradır?
- Bu il media sahəsində işləməyimdən 10 il ötür. Özümü tam peşəkar adlandırmaq istəmirəm. Hələ öyrənirəm, üzərimdə dayanmadan işləyirəm.
- Təvazökarlığın indiki zəmanə ilə üst-üstə düşmür. Yerində kim olsa, bundan geniş istifadə edərdi...
- Ola bilər... Düz deyirsən, indi, gör haralarda olardım.
- Kənardan müşahidə etdikdə, telekanallarımızda, radiolarda nə kimi üstünlüklər görürsən, hansı çatışmazlıqları sezirsən?
- Çatışmazlıqlar çoxdur. Bu gün radio və televiziya sahəsində işləyənlərdən bir qismi qeyri - peşəkardır, yəni səsi olmayan, nitqi bərbad olanlar efirə buraxılır.
- Müğənniyə, aktyorlara efirlərdə yer verilir. Buna münasibətin necədir?
- Əslində bu yaxşıdır. Əgər söhbət səsi olan müğənnidən və istedadı olan aktyorlardan gedirsə. Onları efirə çıxarıb tanıtmaq lazımdır..
- Mətbuatda deyilirdi ki, efirə bayalığı "ANS"dən incik çıxanlar gətiriblər. Bu barədə də fikrin maraqlı olardı...
- Kimə nə etdilər ki? Sadəcə əsl "maskaları" düşdü.
- ANS ÇM-ə sənə dəstək olanlar oldumu ?
- İlk əvvəl qəbul olunmurdum. Baxmayaq ki, digər radiodan transfer olunmuşdum. Sonda özümü sübuta yetirdim. Mənə ən çox Sona və Vəfa Rəsulova bacıları dəstək oldu. Sona Rəsulova ANS ÇM radiosunun direktoru idi, mənim potensialıma, savadıma inandığı üçün bir çox şəraitlər yaratdı.
- Neçə müddətdir radio aləmindən uzaqlaşmısan?
- Artıq 4 ildir.
- Radio üçün çoxmu darıxmısan?
- Radio adı gələndə içimdən bir sızıltı keçir. Bütün hisslərimi oyadır, məni nağıllar aləminə aparır.
- Təklif gəlsə, qəbul edərsən yəqin ki...
- Yaxşı bir təklif olsa, fikirləşmədən "hə" deyərəm.
- Çox pozitivsən... Hər, zaman ətrafındakılara müsbət aura bəxş etməyi bacarırsan. Nədən qaynaqlanır bu?
- Doğuşdan pozitivəm (gülür). Nə olursa olsun, insan çalışmalıdır ki, pozitiv olsun.. Qəm qəmi gətirir. Problemini, mənfi aurasını qarşı tərəfə ötürməməlidir. Pis olduğum vaxtlarda isə kədərimi 25 illik, sadiq dostum Orucla bölüşürəm.
- Bu günlərdə Milli Mətbuat Günü oldu. Bu gün Azərbaycan mətbuatı hansı xətti ilə diqqət çəkir?
- Mən deyərdim ki, Azərbaycan mətbuatı bu gün özünün inkişaf dövrünü yaşayır. 145 yaşlı mətbuatımız daim günün tələblərinə cavab vermək üçün yenilənir, inkişaf edir. Azərbaycan Milli Mətbutını daim inkişafda olan mətbuat adlandırardım.
- Mətbuat işçilərinə nə arzu edərdin?
- 145 il! Göründüyü kimi, onun yaşı Azərbaycanın müstəqilliyinin yaşından da böyükdür. Mətbuat günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır. Həsən bəy Zərdabi ənənələrinə sadiq qalan ölkənin mətbuat nümayəndələrini təbrik edirəm! Sözünüz kəsərli, qələminiz iti olsun!
- İnşallah sənə də fəxri ad almaq nəsib olar dostların kimi.
- İnşallah, hər şeyin öz vaxtı və zamanı var. Ona kimi isə böyük işlər görmək lazımdır.
- Uğurlar!
KÖNÜL AYPARA
FOTOLAR: Əsmər Vəlisoya aiddir