\
22 Noyabr 2024 - Cümə

“Qələbə sevincini doya-doya yaşadıq!” - Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov - FOTOLAR

“Qələbə sevincini doya-doya yaşadıq!” - Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov - FOTOLAR
1942baxış

Moldova Azərbaycanlıları Konqresi 2001-ci ildən Kişinyov şəhərində fəaliyyət göstərir. Konqresin başlıca məqsədi Moldovada yaşayan azərbaycanlıların vahid ideya ətrafında birləşməsi, soydaşlarımızla əlaqələrin genişləndirilməsi, onlar arasında birlik və həmrəylik hisslərinin gücləndirilməsidir. Qeyd edək ki, Moldovada yaşayan soydaşlarımız daim bəşəri dəyərlərin və mütərəqqi milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin daşıyıcısı olmuş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz fəallıqları ilə seçilmişlər. Konqres Mərkəz, Cənub, Şimal, Şərq və Qərb regionları olmaqla, 5 regional təşkilatı özündə birləşdirir.

 

“Qalstuksuz görüş” rubrikasının bugünki qonağı Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovdur:

- Elçin müəllim, Moldovada yaşayan həmvətənlərimiz Azərbaycanın Qələbə sevincini necə qarşıladılar? Hansı hisslər keçirdiniz?

Xoş gördük sizləri. Əvvəla ölkə rəhbərimiz cənab Prezident İlham Əliyev başda olmaqla xalqımızı təbrik edirəm. Ali Baş Komandanımızın hər rayonun işğaldan azad edilməsi xəbərini səbrsizliklə, həyəcanla gözləmək kimi gözəl anlarımız olmamışdı. Şuşa xəbərini verdikdə isə Moldovada yaşayan 5 minə yaxın azərbaycanlının sevincinin həddi hüdudu olmadı. İnanın, sevincimizi sözlərlə ifadə etmək mümkün deyil. Hamımız üçrəngli bayrağmıza bürünüb, Moldovanın paytaxtındakı mərkəzi meydana çıxmışdıq. Göz yaşlarımız selə dönmüşdü. Bizlərə o sevinci bəxş edən ölkə rəhbərimizə, qazilərimizə, hərbçilərimizə sonsuz minnətdarıq! Şəhilərimizin ruhu qarşısında baş əyirik.

 

- Pandemiya, ardınca da 44 günlük müharibə və nəticədə Qələbə! Çətinliyimiz sevinclə əvəzləndi...

Bəli, Azərbaycan tarix yazdı! Həmin o ağır günlərdə bizlər də xalqımızın yanında idik. Qəlbimiz Azərbaycanla döyünürdü. Pandemiyada, İlham Əliyevin dediyi kimi, “Gücümüz birliyimizdədir” şüarı altında bir olmağa çalışdıq. Əlimizdən gələn köməyi əsirgəmədik. Eləcə də müharibə ərəfəsində.

 

- Elçin müəllim, həmin ərəfədə xarici ölkələrdə yaşayan azərbaycanlılara qarşı erməni təxribatları güclənmişdi. Moldovadakı azərbaycanlılardamı mənfur düşmənin təxribatlarına məruz qaldılar?

Əlbəttə, dünyanın bir çox yerlərində olduğu kimi, Moldovada da erməni sürüsü var. Amma mümkün qədər onların təxribatları ilə üz-üzə gəlməməyə çalışdıq. Çünki erməni xislətinə bələdik, öz çirkin oyunlarını bizə qarşı istifadə edəcəkdilər. Amma, necə deyərlər, qazdıqları quyuya özləri düşdülər.

 

- Qələbə sevincini paylaşmaq, bölüşmək çox xoşdur. Gəlin, bir az da fəaliyyətinizdən danışaq. Nə kimi yeniliklər var?

2020-ci ilin avqust ayından etibarən Moldova Azərbaycanlıları Konqresinə sədrlik edirəm. O zaman Konqresin növbədənkənar ümumi iclası keçirildi. Koronavirus pandemiyası səbəbindən Moldovada 50-dən çox insanın bir yerdə toplaşmasına qadağa qoyulduğuna görə iclasda təşkilatın 350 iclas nümayəndəsinin etibarnaməsi əsasında 50 Konqres üzvü iştirak etdi. Tədbirdə Azərbaycanın Moldovadakı səfirliyinin nümayəndəsi, Moldova Millətlərarası Münasibətlər Bürosunun baş direktorunun müavini Vera Petuxov da fəxri qonaq qismində iştirak etmişdilər. Gündəliyə uyğun olaraq iclasda MAK sədri Heybət Məcidovun hesabatı dinlənildi, qurumun Şurasının tərkibinin yenilənməsi, müasir reallıqlara cavab verən yeni nizamnamə təsdiq edildi. Daha sonra həmvətənlərimiz tərəfindən məni Moldova Azərbaycanlıları Konqresinin yeni sədri elan etdilər.

 

- Konqres indiyə kimi hansı işlərə imza atıb?

Pandemiya dövrünə təsadüf etdiyindən, bütün dünyadakı konqreslər kimi bizim də fəaliyyətimiz iflic vəziyyətinə düşüb. Amma onlayn tədbirlər, görüşlər təşkil edirik. Mütəmadi olaraq zərbaycanlılarla sıx əlaqədə oluruq. Dərdlərini, problemlərini dinləyirik, bacardığımız köməyi edirik. Cəbhədə döyüşən yaralılara, qazilərə yardım məqsədilə 5 min dollar ianə toplayıb, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Fonduna verdik. Biz səbrli və möhkəm xalqıq, bizi heç kim yıxa bilməz. Çünki bizim uzaqgörən siyasətə malik cənab İlham Əliyev kimi rəhbərimiz var. Dəmir yumruq kimi birləşdik və düşməni məhv etdik!

 

- Eşitdiyimizə görə, yaxın gələcəkdə Moldovada azərbaycanlı uşaqların ana dilində təhsil alması üçün məktəb açmaq planınız var? 

Özümün 5 övladım var. Borçalı mahalındanam, amma Gəncədə təhsil almışam. Təhsilə böyük önəm verirəm. Çünki valideynlərim də müəllim olublar. Moldovada yaşayan azərbaycanlı uşaqların ana dilində təhsil alması önəmlidir. İlk öncə müəllimlər lazımdır. Uşaqların müxtəlif yaşlarda olması da problem yaradır. Ayrı-ayrı proqramlar lazımdır. Ona görə də vəziyyətdən çıxış yolu axtarırıq.

 

- Konqresə Azərbaycanın Moldovadakı səfirliyindən dəstək varmı?

Əlbəttə, cənab səfirimiz Qüdsi Osmanov Konqresin işlərinə, eləcə də burada yaşayan bütün azərbaycanlıların problemlərinə ürəklə yanaşır. Biz faktiki olaraq bütün milli bayramları səfirliklə bərabər qeyd edirik. Xüsusilə qeyd edim ki, “Lukoyl” neft şirkətinin Moldovadakı filialının icraçı direktoru Feyruz İsayev bizim konqresin fəaliyyətinə dəstək verir. Konqresimizin üzvləri adından ona təşəkkürümü bildirirəm.

 

- Bir konqres rəhbəri olaraq Moldova hökumətinin nümayəndələri ilə münasibətiniz necədir?

Bilirsiniz, əslində burada erməni diasporu elə də güclü deyil, sadəcə olaraq biz lazımi qədər işləməmişik. Onlar arasında deputat olanlar da var. Amma yeni prezident seçiləndən sonra problemlərimiz yavaş-yavaş qaydasına düşür, cənab Qüdsi müəllimin köməyi də bizə çox dəstək olur.  Yeri gəlmikən, qarşıdan cənab Prezidentimizin ad günü gəlir. Fürsətdən istifadə edib, konqres heyətimiz adından İlham Əliyevi təbrik edir, ona can sağlığı arzulayırıq.

 

- Sizə də fəaliyyətinizdə uğurlar arzulayırıq!

- İnanırıq ki, Elçin Bayramovun rəhbərlik etdiyi Moldova Azərbaycanlıları Konqresi daha da güclənəcək və qarşıya qoyulan planlar tez bir zamanda həyata keçəcək. Xüsusilə də azərbaycanlı uşaqların ana dilində təhsil alması məsələsi həlli yolunu tapacaq.

 

Hazırladı: Nailə Məmmədli və Könül Aypara