\
22 Noyabr 2024 - Cümə

"Ağlıma da gəlməzdi ki, yarışımı işğalda olan Qarabağa deyil, azadlığa çıxan Qarabağa həsr edəcəyəm" - Zabit Səmədov - FOTOLAR

"Ağlıma da gəlməzdi ki, yarışımı işğalda olan Qarabağa deyil, azadlığa çıxan Qarabağa həsr edəcəyəm" - Zabit Səmədov - FOTOLAR
1788baxış

"Qalstuksuz  görüş" rubrikamızın növbəti qonağı ilə Türkiyənin döyünən ürəyi olan İstanbul şəhərində görüşdük.

Dəfələrlə dünya və Avropa çempionu olmuş, peşəkar kikboksinq üzrə müxtəlif Qran-prilərin qalibi, K-1 ustası, “Mauqli” ləqəbli idmançı Zabit Səmədov burada jurnalistlərlə görüşəcəyini heç ağlına da gətirməzdi. 

- Zabit Səmədov, "Türkiyədə xeyir ola?" deməyəcəm. Çünki məlum məsələdir, məşhur "Quruluş Osman" serialının Gəncəbəyisiniz. Çəkilişlər necə gedir?

- Əvvəla, deyim ki, mənim üçün də xoş bir təsadüf oldu qardaş ölkədə yerli jurnalistlərlə qəfil bir araya gəlmək. Sözün düzü, çox danışmağı, yaxınlarım, ailəm haqda məlumat verməyi xoşlamıram. Amma burada nə sual versəniz, zövqlə cavablandıracağam. O ki qaldı serialdakı duruma, hər şey qaydasındadır. Çəkilişlər öz axarı ilə davam edir. 

- Deyirlər, idmandan uzaqlaşmısınız? 

- Xeyr, qətiyyən. Əksinə, pandemiya ilə bağlı müvəqqəti də olsa, yarışlardan kənarda qalmağımıza baxmayaraq, hər gün məşqlərimizi davam etdirməkdəyik. Tezliklə növbəti yarışa hazırlaşırıq. 2020-ci ilin aprel ayında Bakıda ingiltərəli idmançı Ceyms Maksvini ilə yarışımız da olmalı idi, lakin pandemiyaya görə bu görüş təxirə salındı. Hər şey yoluna düşəndən sonra yəqin ki, bu görüş də baş tutacaq. Alınmasa belə, avqustun 23-də Çeçenistanda bir yarışıma olacaq. Bakıda nəzərdə tutulan yarış da ondan sonra baş tuta bilər.

- Aktyorluq peşənizdən narazı deyilsiniz ki? Serialdan sonra baxırsınız özünüzə?

- Özüm deyə bilmərəm, amma deyilənə görə, bacarıram, öhdəsindən gəlirəm. Tamaşaçıların qəlbini fəth etməyi bacarmışam, məncə. Yəni belə deyirlər...

- “Quruluş Osman” serialında canlandırdığınız “Gəncəbəy” obrazının serialla vidalaşacağı zaman məlumdurmu?

- Xeyr! Serial rəhbərliyi ilə elə bir razılaşmamız olmayıb. Əksinə, razılaşmaya görə, istədiyim zamana qədər serialda fəaliyyətimi davam etdirə bilərəm.

- Zabit Səmədov, 44 günlük Vətən Müharibəsi mövzusuna toxunmasaq, olmaz. Çox güman ki, Türkiyədən izləyirdiniz baş verənləri. Qolunuzda güc-qüvvə, amma bu dəfə kənarda tamaşaçı kimi məhz siz qaldınız. Döyüşə atıla bilmədiniz. Ordumuzun igidlərinin düşmənlə mübarizəsinə sadəcə baxa-baxa qaldınız... Hansı hisslərlə boğuşurdunuz?  

- Yaralı yerimə toxundunuz. Bu hissləri sözlə ifadə etmək çətindir... Təsəvvür edin məni və mənim kimi neçə-neçə idmançını. Heç nə etmək olmurdu. Bununla belə, 10 günlük də olsa, Vətənə gəldim, cəbhə bölgəsində əsgərlərimizlə görüşə bildim. Onlara ruh yüksəkliyi verə bildim. İçimdə ermənilərə nifrət alışıb yana-yana qalmışdım. 

- Və... nəticə... 

- Bəli, ürəkaçan nəticə! Ali Baş Komandanımız, Cənab İlham Əliyevin Tivitter açıqlamaları... Toy-bayram idi xalqı üçün. Müzəffər Ordumuzun şücaəti sayəsində 30 illik işğalda olan torpaqlarımız nəhayət ki, azad olundu. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı, canı sayəsində biz evimizə qayıtdıq. İndi doğma Qarabağımızda abadlıq işləri aparılır. İnşallah ki, düşmənlərimizin cəhənnəmə döndərdikləri torpaqları cənnətə döndərərik. Köçkünlərimiz öz yurd-yuvalarına qayıdar. 

- Əminəm ki, bu Zəfərimiz idmana da öz təsirini göstərəcək

- Əlbəttə ki. Pandemiyadan öncəki yarışımı elə Qarabağa həsr etməyi düşünürdüm. Heç ağlıma da gəlməzdi ki, nəzərimdə tutduğum bu yarışımı işğalda olan Qarabağa deyil, azadlığa çıxarılan Qarabağa həsr edəcəyəm. Zəfərimiz ruhuma ruh qatıb. İndən belə daha əzmlə! Daha çox zəfərlə!

- "Qalstuksuz görüş" rubrikasının qonağısınız. Zabit Səmədov sonuncu dəfə nə zaman qalstukdan istifadə edib?

-  İnanın ki, xatırlamıram. Artıq illərdir ki, idman stilindəyəm. Mənə heç qalstuk yaraşmaz da artıq (gülür).  

- Yanılırsınız...  

Hazırladı: Könül Aypara