\
22 Noyabr 2024 - Cümə

“İzmirdə "yoxdur" deyilən bir şey yoxdur" - İzmir Mədəniyyət və Turizm Müdiri Murat Karaçanta - FOTOLAR

“İzmirdə "yoxdur" deyilən bir şey yoxdur" - İzmir Mədəniyyət və Turizm Müdiri Murat Karaçanta - FOTOLAR
1518baxış

İzmir Mədəniyyət və Turizm Müdiri Murat Karaçanta Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bu ölkədə işgüzar səfərdə olan azərbaycanlı jurnalistlərlə bir araya gəlib.

“Yeni layihələrlə şəhərə gələn turist sayını artırmağı planlaşdırırıq”, - deyə söhbətə başlayan Murat bəydən Mediapress.az-ın “Qalstuksuz görüş” rubrkası üçün özəl olaraq müsahibə aldıq:

 

HƏDƏFİMİZ 4 MİLYON TURİSTİ QƏBUL ETMƏKDİR

- Murat bəy, pandemiya Türkiyə iqtisadiyyatına möhkəm zərbə vurub. Turizm 80 faiz zərərlə çıxıb. Hələ buna çıxmaq demək mümkündürsə... Nə düşünmüsünüz İzmirdə yenidən turizm sektorunu gücləndirmək üçün? Nə kimi layihələr var?

İlk öncə İzmirə xoş gəlib, səfa gətirmisiniz! Bura yad yer deyil, bir millət, iki dövlətik. Siz qonaq deyilsiniz. Özünüzü rahat hiss edin. O ki qaldı sualınıza, onu deyə bilərəm ki, hazırda 100 min turisti qonaq edə biləcək tutuma malik layihənin həyata keçirilməsi davam edir. Turizm naziri də ayda bir neçə dəfə gəlib işlərin necə getdiyini yoxlayır. İnşallah, yataq sayını artırdıqdan sonra hədəfimiz ildə 4 milyon turist qəbul etməkdir. 2020-cinildə bu rəqəmin 2 milyona çatdırılmasını planlayırdıq, ancaq pandemiyaya görə 80 faiz azalma müşahidə edildi. Lakin dünyadakı rəqiblərimizə baxdıqda yenə də öndə olduğumuzu görürük. Türkiyə 2020-ci ildə 16 milyon turist qəbul edib. Builki hədəfimiz isə ölkə üzrə 30 milyondan çox turist qəbul etməkdir. Qiymət fərqi isə təkcə İzmirlə deyil, dünya ilə müqayisədə çox münasibdir.

- İzmiri gəzdik... Gözəl və tarixi şəhərdir. Turistlər üçün olduqca münasib bir şəhərdir. Keçmişlə modernliyin vəhdəti... 

Əlbəttə. Təbiəti valehedicidir. İnsan ömrü uzanır İzmirdə. Bütün yeməklər orqanik ləvazimatlardan hazırlanır. Əsl istirahətlik yerdir.

- Bir növ Azərbaycanın Quba şəhərini xatırlatdı bizə...

Eynən. Mən Qubada da olmuşam. Oranın da təbiəti möhtəşəmdir. Amma turistik məkanlar azlıq təşkil edir. Şəkini də ön plana çıxarmaq lazımdır. Şuşa - əsrarəngiz Şuşa! Dünyaya təqdim etmək lazımdır gözəlliyini!

- Turizmin təbliğatı ilə, deyilmi?

Əlbəttə. Xarici vətəndaşlar Azərbaycanın da, Türkiyənin təbiətinin gözəlliyini görməlidir.

- Murat bəy, belə başa düşdüm ki, pandemiyadan sonra turizmi dirçəltməyin yolu tanıtımdan asılıdır.

Əlbəttə. Sizləri bura dəvət etməyimizin səbəbi budur: Türkiyə turizmini Azərbaycanda tanıtmaq. Biz ökəmizə gələn turistlərin COVİD-19-a yoluxmasının qarşısını almaq üçün müəyyən işlər görmüşük. Daha doğrusu, onların sağlam şəkildə ölkəmizi tərk etmələri üçün layihələr üzərində işləmiik. Biz vaxtımızı boşuna keçirmədik. Oturduq, düşündük, daşındıq. Bu layihələr barədə artıq yetərincə məlumatlısınız. Otellərlə fikir mübadiləsi aparmışıq, ortaq məxrəcə gəlməyimiz üçün işlər görmüşük. Müqavilələr bağlamışıq. Siz jurnalistlərdən çox şey asılıdır. Burda gördükləriniz işlərimizi milyonlara çatdıracaqsınız. İnternet səhifələrinizdə oxuculara, izləyicilərə məlumatlar verəcəksiniz. İzmirdən xəbəri olmayanlar xeyli xəbər toplaya biləcək. Üstəlik öyrənəcəklər ki, COVİD19-dan çəkinib yola çıxmağa gərək yoxdur. Çünki turistlərin sağlamlığı ilə bağlı müəyyən şərtlər altında işlər görmüşük.

- Yəni turistlərin əvvəlki tək Türkiyə səfəri tam təbliğat üzərində reallaşa bilər...

Eynən! İkincisi, məsələn, bizim otellərimiz tərəfindən sağlamlıq haqda sertifikat verilir. Bütün otelləri toplatdırıb, təlimlər keçdik onlara. Turistlərlə necə davranmalı, qarşılama, yola salma, qayğı, servis və s. Bütün bunlar şərtlərin ən vacibidir.

“İZMİRDƏ “YOXDUR” DEYİLƏN BİR ŞEY YOXDUR"

- Gəlin etiraf edək ki, Türkiyə iqtisadiyyatı üçün turizm çox önəmlidir...

- Əlbəttə. Pademiyada nə qədər iş yerləri bağlandı. İş adamları müflis oldu. İnsanlar işsiz qaldı. Pərişan oldular.

- Əsasən hansı ölkənin sakinləri Türkiyəni gəzməyə gəlir?

- 2019-cu ildə Rusiya vətəndaşları ön sırada idi. 2010-2011-ci illərdə gerilədilər. İndi birinci almanlar, ikinci ingilislər, üçüncü hollandlar, dördüncü fransızlar, beşinci ərəblər, altıncı azərbaycanılar, yeddinci iranlılar...

- Hansı şəhərə axın daha çoxdur?

Daha çox Antalyaya. O tərəf qiymət baxımından bir az ucuzdur, o üzdən. İzmiri tanıdıqdan sonra ruslar, ukraynalılar artıq bu şəhərə üstünlük verirlər. İzmir düyanın ən antik şəhərlərindən biridir. İstirahətdən - qum, dəniz, günəşdən əlavə, həm də mədəniyyət, tarixi abidələr də avantajıdır İzmirin. Yəni İzmirdə yoxdur” deyilən bir şey yoxdur.

- Hər ölkənin sakinləri nəyəsə meyillidir...

Məsələn, ruslar, qum, günəş və dənizi sevirlər. Avropalılar isə mədəni və tarixi abidələri.

- Murat bəy, ləhcəniz Azərbaycana çox yaxındır.

Mənim əsil-köküm azərbaycanlıdır. Qərbi Azərbaycanda doğulmuşam. Bir müddət Azərbaycanda yaşamışam və çalışmışam. İndi də Bakıda və Sumqayıtda qohumlarım, doğmalarım yaşayır. Sizlər də mənə çox doğmasınız. Mən hətta qarmonda ifa etməyi çox gözəl bilirəm. Azərbaycanda “Ad günü” filmi var, o filmdəki mahnını çox sevirəm və həzzlə ifa edirəm.

 

“AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞI ƏBƏDİ VƏ SARSILMAZDIR”

- 44 günlük müharibə ərəfəsində yanımızda olduğunuz üçün Azərbaycan xalqı adından Türkiyə qardaşlarımıza salamlar gətirmişik. Çox təşəkkür edirik. Bir daha bütün dünyaya türk birliyinin dağı yerindən oyada biləcəyini nümayiş etdirdik. Dünya Türkiyə ilə Azərbaycan arasındakı dostluğu, birliyi örnək götürməlidir.

- Bu, hər zaman belə olub, olur və olacaq da. Bizim qardaşlığımızı kimsə poza bilməz. Bir-birimizin yanında olduğumuz müddət ərzində düşmənlər hər zaman türkdən qorxacaq, bizdən aralı gəzəcək. Azərbaycan-Türkiyə! Bunu belə də bilsinlər! Azərbaycan-Türkiyə dostluğu əbədi və sarsılmazdır. Ulu Öndər Heydər Əliyev deyib ki, “Bir dövlət iki millət – Azərbaycan-Türkiyə!” Sayın Ərdoğanın da gözəl kəlamı var qardaşlığımızla bağlı: “Biz – Azərbaycan-Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarıyıq”.

- Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar günlərdən biri kimi 2018-ci ildə İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimini qeyd etmək yerinə düşərdi. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev İzmir şəhərinə səfər etmişdi.

Doğru vurğuladınız. Yaxşı yadımdadır, İlham Əliyev məhz elə onda İzmirə vurulduğunu qeyd etmişdi. “Nə gözəl və tarixi şəhərdir!” demişdi. Mən məhz elə o zaman İlham Əliyevdən xahiş etmişdim ki, sayın Cumhurbaşkanım, Bakıdan Türkiyəyə biletlərin qiyməti çox bahadır, insanlar səfər edə bilmirlər, İzmirə birbaşa reys yoxdur. Sizdən çox xahiş edirəm ki, bu problemin aradan qalxmasına yardımçı olasınız. Həmən yanında o vaxtkı Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev var idi, ona təlimat verdi. Ondan sonra “Buta” uçuşu yaradldı və həftədə 3 dəfə Bakı-İzmir reysinə start verildi.

- Murat bəy, ümid edirik ki, bu pandemiyanın qara buludları gözəl dünyamızın üzərindən tez bir zamanda çəkiləcək və həyat əvvəlki vəziyyətinə geri dönəcək. İnsanlar normal həyat yaşayacaqlar. Sizlərə də bol-bol turist axını arzulayırıq. 

Amin, İnşallah. Gözləyirik. Bütün Azərbaycan vətəndaşlarını İzmirə dəvət edirik. 

Könül Aypara

Bakı-İzmir