\
22 Noyabr 2024 - Cümə

AY Partiya Başqanı: “Bir daha soyqırımları yaşamaq istəmiriksə...”

AY Partiya Başqanı: “Bir daha soyqırımları yaşamaq istəmiriksə...”
1219baxış

 

“Bütün ictimai və siyasi qüvvələrin “qırmızı xətti” suverenliyimizin şərtləri olmalıdır”

 

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar müsahibə verib.

Musavat.com həmin müsahibəni təqdim edir:

- Anar bəy, Azərbaycanın ən qanlı və kədərli tarixi günü 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Sizcə, cəmiyyət olaraq bu hadisəni tam qavramışıqmı, buna lazımı qiymət vermişikmi?

- Hər şeydən öncə, istər 1918 mart, istərsə də digər qırğınlarda öldürülən insanlarımızın ruhu qarşısında dərin bir kədər hissi ilə baş əyir, hər birinə rəhmət diləyirəm. Onların qisası alınır və alınmağa davam edəcək.

Mart qırğınları deyəndə Azərbaycanın Quzeyində bəzən məlumatsızlıqdan dolayı ancaq Bakı və respublikamızın digər şəhərlərində olan qanlı hadisələri dilə gətirirlər. Lakin, bu yanaşma qismən doğrudur, çünki bütün mənzərəni, daha doğrusu Bütöv Azərbaycan sərhədləri daxilində olan hadisələri əks etdirmir.

Bildiyiniz kimi, 1918-ci ilin mart ayının 30-31-i və aprel ayının 1-də Bakıda on minlərlə türk və müsəlman rus-erməni birlikləri tərəfindən soyqırımına məruz qalmışdı. Ancaq bu hadisələrdən 2 həftə əvvəl, Güney Azərbaycanda, Urmiya şəhərində və ətrafında, Salmas, Xoy, Maku, Dilməqan kimi şəhərlərdə də erməni və aysor silahlı dəstələri o cəbhədən ayrılan rus ordusunun dəstəyi ilə on minlərlə soydaşımıza qarşı soyqırımı həyata keçirmiş, yüzlərlə evi yandırmış, onlarla tarixi abidələri dağıtmışdı.
Bakıda baş verən hadisələrin Güney Azərbaycanda törədilən qırğınlarla birbaşa əlaqəsi var. Çünki Bakıda qırğınları törədən rus birlikləri Urmiya cəbhəsindən qayıdan qüvvələr idi. Bakıda guya Sovet hakimiyyəti qurmaq adı ilə erməni faşist-daşnak və rus silahlı dəstələrinin birgə fəaliyyətinin, daha doğrusu, cinayətinin nəticəsidir Mart Soyqırımı.

- Belə çıxır ki, ermənilər, aysorlar, ruslar hamısı silahlı idi, ancaq müsəlman əhali silahsız idi.

- Bəli, istər Urmiyada, istər Bakıda və digər şəhərlərdə qırğınlardan öncə müsəlman əhalinin əlində olan silahlar toplanmışdı. Yerli hakimiyyət orqanları müsəlman əhaliyə güvəndə olacaqlarına dair təminat verir, ancaq vaxt çatan kimi verdikləri sözə naxələf çıxır, silahlı ermənilərin cinayətlərinin qarşısını almaq bir tərəfə qalsın, dəstək və istiqamət verirdi. Ona görə də Mart Soyqırımı haqqında danışanda rus ordusunun da fəaliyyətini dilə gətirməkdən çəkinmək lazım deyil.

Bu yerdə bir məqama diqqət yetirmək lazımdır. O da tarixi analogiyadır. Diqqət edin, həm 1918-ci ildə, həm də 1988-ci ildə bizim əlimizdə olan quş tüfənglərini belə toplayırlar və ardından bizə qarşı olmazın qırğınlar törədirlər. Digər bir tərəfdən, istər 1918-ci ilin Urmiyasında, Şamaxısında, istərsə də 1990-92-ci ilin Bakısında, Xocalısında azərbaycanlılara qarşı soyqırımı təşkil və icra edən ancaq ermənilər deyil, Rusiya ordusu da var bu məsələnin içində. Ona görə də, Mart hadisələrini Rusiyanın Qafqazı, Azərbaycanı istilasının məntiqi davamı kimi görmək və dəyərləndirmək lazımdır.

- 1988-ci ildə xalqımıza qarşı başlayan hücuma ən azından Azərbaycan Xalq Cəbhəsi müqaviməti təşkil etməyə çalışdı və bir sıra məsələlərdə müvəffəqiyyət qazandı. Bəs 1918-ci ildə necə, müsəlman əhalinin hansı təşkilatı erməni-rus birliklərinə qarşı fəaliyyət göstərirdi?

- Müsəlman əhali çar Rusiyası dövründə əfsuslar olsun ki, vaxtında və yetərli miqyasda təşkilatlana bilməmişdi. Buna baxmayaraq, “Müsavat” kimi bir təşkilat artıq qurulmuşdu və Azərbaycanın erməni-rus istilasından qurtarılmasının planlarını cızırdı. Məqsəd əli silah tutan və əlində silah olan azərbaycanlıları təşkilatlandırmaq, ermənilərin hücumlarını dəf etməkdi.

Hətta erməni cəllad Şaumyana bağlı birliklər çar ordusunun keçmiş Vəhşi Diviziya adlanan müsəlman birliklərini tərksilah etmə cəhdinin qarşısı “Müsavat”ın fəaliyyəti nəticəsində alınmışdı. Deyə bilərik ki, bu tarixi kəsikdə “Müsavat” və onun lideri Məhəmməd Əmin Rəsulzadə ilə silahdaşları minlərlə müsəlmanı ölümdən xilas ediblər. Şübhəsiz ki, iki ay sonra, may ayının sonlarında da məhz onlar Azərbaycanın istiqlalını elan etməyə ən layiq insanlar oldular və elan etdilər. Elə onların fəaliyyətinin nəticəsi idi ki, 1918-ci ilin sentyabrında Bakı erməni-rus cinayətkar silahlılarından qurtarıldı və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı statusuna qovuşdu.

Ancaq qüvvələr bərabər olmadığından 1918-ci ilin martında böyük qırğınların qarşısını almaq tam mümkün olmadı. 3 gün ərzində 20-25 min insan qətl ə yetirildi, yüzlərlə ev yandırıldı, onlarla abidələr dağıdıldı. Erməni birlikləri qurudan, rus donanmasına aid gəmilər isə dənizdən Bakını qan çanağına çevirmişdi. Bu cinayətin miqyası, vəhaməti, vəhşiliyi heç vaxt unudulmamalıdır.

- Anar bəy, bu günümüzdən o qanlı və faciəvi hadisələrə baxanda çıxaracağımız dərslər nələrdi?

- Biz bir daha mart, yanvar, fevral qırğınları kimi hadisələri yaşamaq istəmiriksə, o zaman ordumuzu gücləndirməli, bəsləməli, təkmilləşdirməliyik. Qanımız bahasına əldə olunan müstəqilliyimiz və istiqlalımız, canımız bahasına olsa da, itirilməməli, qorunmalıdır.

Digər tərəfdən isə bütün ictimai və siyasi qüvvələrin “qırmızı xətti” suverenliyimizin şərtləri olmalıdır. Heç bir xarici qüvvə ilə milli mənafeyimizə zidd düşən münasibətlər və əlaqələr xoş görülməməlidir.

1918-ci il ilə bu günümüz arasında bir analogiya daha var: o da Azərbaycanın yanında duran və bizə yardım əllini uzadan Türkiyənin missiyasıdır. O vaxt Osmanlı qurtuluş ordusu, indi isə Türk Silahlı Qüvvələri Azərbaycanın hər mənada yanında olduğunu göstərdi. Biz bunu yüksək qiymətləndirməliyik və bu məsələdə əsla şübhə etməməliyik ki, Türkiyə ilə Azərbaycan bir olanda daim qələbə çalır, düşmənləri pərən-pərən salır, zəfərdən zəfərə irəliləyirlər.