\
25 Noyabr 2024 - Bazar ertəsi

Yeni nazir, köhnə problemlər

Yeni nazir, köhnə problemlər
1217baxış

Kiçik vəzifədə olsun, ya böyük-dövlət məmurları ilə şəkil çəkdirib, onlarla görüşlərimizi paylaşmağa çox da həvəsli deyiləm. Dünən axşam yeməyində görüşdüyümüz təhsil naziri Emin Əmrullayev yəqin ki istisnadır (hərçənd şəkil də çəkdirmədən çıxdım görüşdən).

 

Gənc nazir təhsilin bütün problemlərini bilir, səmimi ortamda, aydın mətnlə açıqlayır. Heç bir sualdan yayınmır, heç bir nöqsanı malalamır. Düşündüyünü paylaşmaqdan çəkinmir (hətta media rəhbərləri ilə görüşdə). Pandemiya dövrünün gətirdiyi çətinlikləri də görür; "söndür, yandır" taktikasının da vurduğu zərərin fərqindədir. Təhsildə islahatların real, miqyaslı nəticlərini 10 il sonraya proqnozlaşdırır. Bu günə olan müsbət nəticələri də Mikayıl Cabbarovun dövründə verilən qərarlardan doğduğunu deyir. Ən əsas uğurlardan biri kimi Azərbaycan dövlət məktəblərində oxuyan şagirdlərin beynəlxalq olimpiadalarda qalib yerləri tutmalarını göstərir: "İndiydək olimpiadalarda yer tutanlar türk litseylərinin şagirdləri idi..."

Amma indi əyalət məktəblərindən də olimpiadalara gedənlər, yer tutanlar var. Ancaq nazir ən çox problemlərdən danışdı. Hamının bildiyindın də, heç kimin bilmədiyindən də. Məsələn, Bakıətrafı qəsəbələrdə məktəb tikməyə yer qalmadığını deyir. Əvvəlki zamanlarda məktəbin harda tikilməsinə icra başçıları qərar verirmiş, təhsil naziri deyil. Onlar da torpaqları elə bölüb paylayıblar ki, məktəb tikməyə yer tapmaq olmur. Elə yer var, əhali çoxdur, yaxında məktəb yoxdur, elə yer də var, məktəb var, içində şagird yoxdur. Biləsuvarın Arazbarı kəndi kimi. Nazir də bunları və hər şeyi bilir. Mənim demək istədiklərimi məndən əvvəl dedilər deyə danışmadım; məktəb direktorlarının hegemonluğu və müəllimin obrazı məsələsi. Əgər müəllimlər seçki komissiyalarında saxtakarlıqla məşğul olmaqda davam edəcəksə, onun insan və pedaqoq kimi şəxsi profili indikindən fərqlənməyəcək. Nazir deyir, bu məsələyə də baxılır. Məncə də müəllimləri seçki komissiyalarından uzaq tutmaq lazımdır. Seçki menecerləri korpusu ayrıca olaraq formalaşmalıdır; daha çox hüquqşünaslardan. Həm də etimadlı siyasi əsaslarla. Məktəb direktorları seçki komissiyalarında hegemon roldadırlar deyə, özünü az qala nazirlə bir tutur. Özünü hakimiyyətin mənbəyi hesab edir: "Bu qılıncı mən düzəltmişəm, məni kəsməz" düşüncəsi ilə yaşayır, ətraflndakı hər kəsi, ilk olaraq da qutudan çıxardıqlarını özünə borclu hesab edir. Örnəyi: Təhsil Nazirliyi medianın tənqidlərinə daha dözümlüdür, nəinki məktəb direktorları. Jurnalisti şəxsən təhqir, təhdid edən, məhkəməyə verən, hətta döysürən məktəb direktorları da olub, var da.

Nazir də bunları bilir. "Düzələcək" deyir. Dərslik monopoliyasına (maxinasiyasına) da özü toxunur. Deyir: "Dərsliyi yazan mütləq tanınmış adam olmalı deyil, keyfiyyətli dərsliyi yaza bilənin titulu önəmli deyil". Deyir, informasiya texnologiyaları ixtisaslarında təhsil alanlara müasir tarixi keçmək lazımdır, Mannadan, Midiyadan başlamamaq da olar: "Bunu deyəndə bizi Vətən xaini çıxarırlar". Nazir deyir, şagirdə, tələbəyə faydalı, anlaşıqlı olan, on gələcəkdə yerli və beynəlxalq əmək bazarında iştirak imkanı verən mətnlər, tədris materialı verməliyik, bizim istədiyimizi deyil. Amma müqavimət var. Hətta saxta diplomlu müəllimləri işdən çıxaranda da müqavimətlə qarşılaşır. Yəni asan deyil. Uzun onillərlə təhsil sistemində kök salmış korrupsioner-monopolist şəbəkə var. Bunu dağıtmaq asan deyil, fərqindəyik. Nazir özü də: "Zaman alacaq" deyir. Əsas odur ki, bu şəbəkəni dağıtmaq istəyi, iradəsi olsun. Nazir cəmiyyətdən dəstək gözləyir. Amma ən böyük dəstəyi dövlət özü verməlidir; təhsilə daha çox vəsait ayırmaqla, təhsili siyasi konyukturadan azad etməklə və sair. Bu olacaqmı?! Gözləyək, görəcəyik.

 

Bahəddin Həziyev