\
6 Noyabr 2024 - Çərşənbə

Maya Rüstəmova: “Böyüklər buna görə həkimə müraciət etməyə utanırlar” - MÜSAHİBƏ

Maya Rüstəmova: “Böyüklər buna görə həkimə müraciət etməyə utanırlar” - MÜSAHİBƏ
1394baxış

“Yaşından asılı olmadan hamıda qurd ola bilər. Yəni, qurd xəstəliyinin yaşa aidiyyatı yoxdur. Bəzi insanlar həkimə müraciət etməyə utanır”.

Mediapress.az bildirir ki, bu fikirləri parazitoloq, tibb elmləri doktoru Maya Rüstəmova Oxu.Az-a müsahibəsində bildirib.

Maya Rüstəmova ilə müasir dövrdə insanlarda qurd xəstəlikləri, dəri problemləri, immun sisteminin vəziyyəti haqqında söhbətləşdik. O, təbii müalicə ilə qurddan təmizlənmənin daha effektli olduğu, düzgün qidalanmanın mədə xəstəliklərində nə qədər vacib olduğunu qeyd edir.

 

- Maya xanım, demək olar qurdu olmayan az insan var. Amma böyüklər qurdları olsa belə çox vaxt həkimə müraciət etmir. Siz bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə, yaşından asılı olmadan hamıda qurd ola bilər. Yəni, qurd xəstəliyinin yaşa aidiyyəti yoxdur. Bəzi insanlar həkimə müraciət etməyə utanır. Əslində isə burada qəbahətli heçnə yoxdur. Çünki qurd xəstəliyinə yuyulmamış meyvə-tərəvəz, qida, su vasitəsilə yoluxulur. Qidalar vasitəsilə qurdlar orqanizmə yoluxa bilir. Buna görə də utanmağa ehtiyac yoxdur. 

- Müasir həyatın stressi mədə xəstəliklərini çox artırıb. Siz də bunu pasiyentlərin müraciətlərində hiss edirsinizmi?

- Bəli, hal-hazırda mədə-bağırsaq traktının xəstəlikləri çox yayılıb. Pasiyentlərin müraciətlərindən bunu hiss edirik. Daha çox qastrit xəstəliyi yayılıb. Bunun da əsas səbəbi kobud qidalanma, dərman bitkilərindən hədsiz istifadə, spirtli içki qəbulunda yaxud natamam qidalanmada buna rast gəlmək olar. Ümumiyyətlə, mədə-bağırsaq xəstəliklərinin sağalmasında düzgün qidalanma önəmlidir. Gün ərzində 5-6 dəfə qidalanma, vitamin tərkibli qidaların qəbulu effektivdir. Yumurta, toyuq, balığın yaxşı bişməsi bu xəstəliklərdə müalicədə çox vacibdir.

- Pasiyentləriniz daha çox hansı dəri xəstəliklərindən əziyyət çəkir?

- Ən çox rast gəldiyimiz dəri problemləri - qaşınmalar, səpkilər, sızanaqlardır. Dəri xəstəlikləri mədə-bağırsaqda yaranan patoloji proeblemlər, parazitar xəstəliklər nəticəsində yaranır. Bunun üçün düzgün müayinə və müalicə vacibdir. Dəri xəstəliyində həm daxildən, həm də xaricdən müalicələrimizi aparırıq. Bu daha effektli metoddur. 

- Yaşadığımız dövrdə insanlar immun sistemini necə gücləndirə bilərlər?

- İmmun sistemi hal-hazırkı vaxtda hamı üçün çox vacibdir. Onu gücləndirmək üçün təbii və düzgün qidalanma, meyvədən çox istifadə əsas şərtlərdən biridir. Virusların bol olduğu dövrümüzdə bu məsələ daha aktuallaşıb. Əgər immun sistemi güclü olsa, hansısa virus onu üstələyə bilməz.

- Qurd xəstəliyində təbii müalicə ya dərman terapiyası istənilən nəticəni verir?

- Biz təbii müalicəyə üstünlük veririk. Çünki qurd dərmanlarından hədsiz istifadə etdikdə qaraciyərə ziyan dəyir. Buna görə də mən təbii müalicəyə üstünlük verirəm. Təbii müalicə ilə qurd tökülmələrinə pasiyentlərim də şahid olur. Bu da onlarda bu müalicəyə inam yaradır.