"Bu işdə Allah bizi utandırmasın" - Bəxtiyar Həsənov - FOTOLAR
1947
"Qalstuksuz görüş" rubrikamızın növbəti qonağı “Moskva Azərbaycanlılarının milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatının rəhbəri Bəxtiyar Həsənovdur.
HAŞİYƏ:
Rusiyada fəaliyyət göstərən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri vəzifəsinə iş adamı və xeyriyyəçi Bəxtiyar Həsənov seçilib.
Bu qərar 10 iyun 2022-ci il tarixində keçirilmiş hesabat-seçki konfransında qəbul edilib. Yarandığı gündən “Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyəti”nin sədri olmuş Ağadadaş Kərimov ötən ay öz istəyi ilə tutduğu vəzifədən istefa verib. Qeyd edək ki, 1 iyul 2022-ci il tarixində Rusiya Federasiyası Ədliyyə Nazirliyi hesabat-seçki konfransının nəticələrini tanıyıb və təşkilatı rəsmi qeydiyyata alıb. Bəxtiyar Həsənov 1974-cü ildə Ordubad rayonunda anadan olub. İxtisasca şərqşünasdır. Rusiyada şirkətlər qrupunun təsisçisi və rəhbəridir. Ailəlidir, 2 övladı var.
- Bəxtiyar müəllim, ilk öncə sizi “Moskva Azərbaycanlılarının milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatının rəhbəri olmağınız münasibətilə təbrik edirik. Yeni postunuzda məsuliyyəti necə dərk edirsiniz?
- İlk öncə vurğulayım ki, məsuliyyətini dərk etmədən hər hansı bir vəzifəyə gəlmək cəmiyyət üçün ziyanvericidir və xoşagəlməz fəsadlara yol açır. Bu səbəbdən də hazırkı sədrliyin məsuliyyətini əvvəlcədən dərk edib, imkanlarımı və ölkələrimizə, xalqlarımıza faydalı ola biləcək potensialımı düzgün qiymətləndirib bu önəmli ictimai vəzifəyə layiq olmaq üçün mübarizəyə qoşuldum. Mənə etimad göstərib bu posta seçdikləri üçün bütün soydaşlarımıza dərin minnətdarlığımı bildirirəm.
Heç kimə sirr deyil ki, Rusiya azərbaycanlılarının böyük bir hissəsi, bəzi mənbələrə görə - yarısı (təqribən 1,5 mln nəfər) Rusiyanın paytaxtı Moskvada cəmləşib. Təbii ki, məsuliyyət rəqəmlə ölçülmədiyi halda onu da vurğulamaq yerinə düşər ki, bu göstəricinin məsuliyyətin miqyasına təsiri inkaredilməzdir.
Bundan əlavə, məsuliyyəti səciyyələndirən bir sıra amillər var ki, bütün bunları rəhbər tutaraq biz komanda şəklində yeni fəaliyyət strategiyamızı uğurla həyata keçirməyə hazırıq.
- Müsahibələrinizin birində demisiniz ki, Azərbaycan diasporunun durğunluğuna son qoyacağıq. Durğunluq nədən ibarət idi? Və necə son qoymağı düşünürsünüz?
- “Durğunluq” əslində mənim diasporun vəziyyətinə dair icad etdiyim bir termin deyil. Təəssüf hissi ilə qeyd etməliyəm ki, durğunluq Moskvadakı diaspor həyatımızı xarakterizə edən bir anlayışdır ki, bununla nəinki diaspor fəalları, ekspertlər, aidiyyatı olan şəxslər, hətta diaspor fəaliyyəti ilə müşahidəçi qismində əlaqəsi olan adi soydaşlarımızın belə verdiyi qiymətdir. Bildiyimiz kimi, durumun bu cür təyin edilməsi müxtəlif əsaslara söykənir və heç də subyektiv deyil.
Durğunluğu ləğv etmək üçün onu yaradan bütün amil və səbəblər nəzərdən keçirilib və təhlil edilib, vəziyyətin müsbət səmtdə dəyişdirilməsi üçün konkret hansı addımların atılması zərurəti düşünülüb və bir fəaliyyət strategiyası formatında ortalığa qoyulub ki, komandamızla birgə çoxşahəli işlər aparacağıq.
- Sədr kimi ilk öncə hansı işləri görmüsünüz və ya görəcəksiniz?
- Təşkilat sədrliyinə yeni seçildiyim çox qısa bir zaman kəsiyinə baxmayaraq, muxtariyyətimizin yeni formata adaptasiyası mərhələsi qızğın şəkildə aparılır. Bu işlər müxtəlif sənədlərin qanunvericiliyə uyğunlaşdırılması, ümumilikdə, sənədləşmənin qaydaya salınması, hesabat, müsahibat, kadrlarla və bir sıra digər sahələrlə bağlı çox ciddi texniki və təşkilati prosedurlardan ibarətdir. Bütün bunları düzgün qaydada görmək olduqca vacibdir ki, yeni model çərçivəsində işləyəcək təşkilatın ictimai fəaliyyəti müasir tələblərə cavab verməklə yanaşı, optimallaşsın və həmin fəaliyyətin həm “istehsalçıları”, həm də “istehlakçıları” üçün maksimal dərəcədə faydalı olsun.
- Milli-mədəni muxtariyyətin inkişafı konsepsiyasının ideologiyası nədən ibarətdir?
- Əslində, ictimai təşkilatın həm ideologiyası, həm də bu ideologiyadan qaynaqlanan konsepsiya mücərrəd bir məhfum deyil. Əksinə, tam konkret obrazı olan bir strategiyadır ki, o da kifayət qədər aydın və bəllidir. Hər bir təşkilatın və ictimai qurumların nizamnamələrində təşkilatın məqsəd və vəzifələri, onun fəaliyyət istiqamətləri açıq şəkildə qeyd olunur. Təəssüf ki, əksər hallarda məqsəd və vəzifələri əks etdirən və təşkilatın əsas sənədi, “pasportu” sayılan bu nizamnamə sanki yalnız rəsmi qeydiyyat üçün tərtib edilir və bu qeydiyyat əldə edildikdən dərhal sonra unudulur. Bununla da həmin qurumun həyatında fəaliyyət böhranı yaranır, məqsədlər, vəzifələr, yüksək tribunalardan gurultulu şüarlarla səsləndirilən ideologiya və konsepsiyalar kağız üzərində qalır və pafos “libasına” geyinərək onun aktiv işinə ehtiyacı olanları məyus edir.
Bizim ideoloji əsaslarımız və konsepsiyamız çox sadədir – nizamnaməmizə uyğun şəkildə fəaliyyət göstərmək: yəni, milli-mədəni dəyərlərimizi qoruyub saxlamaq, Moskvadakı soydaşlarımızın hüquqlarını müdafiə etmək, Rusiya və Azərbaycanı birləşdirən çoxşahəli əlaqələrin qarşılıqlı faydalı şəkildə intensivləşdirilməsinə, hərtərəfli inkişafına və dərinləşməsinə bir diaspor təşkilatı kimi davamlı körpü rolunu oynamaqla maksimal dərəcədə tövhələrimizi verməkdir.
- Moskvada yaşayan və işləyən ziyalılar, iş adamları bu konsepsiyaya qoşulmağa hazırdırmı?
- Əvvəlki sualınıza cavabımda səsləndirdiyim konsepsiyamızın məram və məqsədlərini bizimlə paylaşa biləcək hər kəsə qapılarımız açıqdır. Təcrid olunmaq, ictimai təşkilat adlanaraq reallıqda anormal anti-ictimai qapalı bir quruma çevrilmək ağlımızın ucundan belə keçmir. Mən düşünürəm ki, Moskvada yaşayan bir çox hörmətli ziyalılarımız, iş adamları və digər görkəmli soydaşlarımız işimizə dəstək verə və dəyərli təcrübələri ilə onu daha da səmərəli və məqsədəuyğun aparılmasında öz tövhələrini verə bilərlər. Həqiqətən də, bundan Rusiya paytaxtının çoxsaylı Azərbaycan ictimaiyyəti yalnız faydalana bilər. Buna görə də biz əlimizdən gələni edəcəyik ki, yeni iş modelini təcəssüm etdirən yenilənmiş diaspor təşkilatımız həmin faydalı əməkdaşlığın və tərəfdaşlığın platformu rolunu oynasın.
- Moskvada yaşayan həmyerlilərimizin problemləri çoxdur. Bununla belə, həm pandemiya ərəfəsində, həm də 44 günlük Vətən Müharibəsində Dəmir Yumruq ətrafında birləşdi. Bir olduq, düşmənin başını əzdik. Bəs indi necədir qələbə çalmış xalqın nümayəndəsi kimi qürbətdə yaşamaq? Əvvəlki illərlə müqayisədə nə kimi dəyişiklik hiss edirsiniz?
- Bilirsiniz, problemlər baxımından Moskva azərbaycanlıları digər azərbaycanlılardan və eləcə də bütün başqa xalqların nümayəndələrindən heç də fərqlənmir. İstənilən problemə fəlsəfi, iqtisadi və digər nöqteyi-nəzərlərdən baxıldıqda məlum olur ki, onun özünəməxsus “milli orijinallığı” mövcud deyil.
O ki qaldı pandemiyaya, bəli, bütün dünyada olduğu kimi iri meqapolis olan Moskvada da onun fəsadlarını hamımız yaşadıq və nəticələrini hələ də hiss etməkdəyik.
Bu arada 44-günlük Vətən Müharibəsi və Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrikliyi və əzmkarlığı, Milli Ordumuzun şücaəti və peşəkarlığı, xalqımızın və bütün dünya azərbaycanlılarının həmrəyliyi və dəstəyi əsasında qazanılmış tarixi parlaq Qələbə bizim hər birimizə unudulmaz fəxarət hissi yaşatdı. Bu böyük hadisənin tariximiz üçün misilsiz əhəmiyyəti artıq əbədi olaraq milli şüurumuzda qızıl hərflərlə həkk olunub. Təbii ki, bizim hər birimiz qürur duyuruq ki, ərazisinin bir parçası işğal edilmiş tarixi Vətənimizin övladları yox, ərazi bütövlüyünü bərpa etmiş vahid Azərbaycanınımız olan tarixi Vətənimizin qürbətdə yaşayan övladlarıyıq. Əsl dostlarımız dünyanın hər yerində buna ürəkdən sevinir, düşmənlərimizin buna dair fikirləri isə öz mənasını itirib, çünki onlar belə kədərlərini içlərində boğub bu inkaredilməz və danılmaz fakt qarşısında qoyulmağa məcbur ediliblər və acizdirlər.
- Əlbəttə ki, azərbaycanlılara ilk zərbəni vuran da düşmənlərimizdir. Yenə də pislik etməklə məşğuldurlar? Onlara qarşı necə mübarizə aparırsınız?
- Təkrar edim ki, düşməni dostdan fərqləndirən elə onun düşmənçiliyidir ki, o da pislik etmək kateqoriyaları ilə xarakterizə edilir. Onlar bunu etməsəydilər, onda içlərindən gələn və ya onlara həvalə edilmiş düşmən rolunu oynaya bilməzdilər. Bizim işimiz – haqq işidir, yolumuz da – haqq yoludur. Biz başqasının torpağını işğal etdiyimizdən öyünmürük, biz tarixi torpaqlarımızı, dədə-baba yurdumuzu düşmən tapdağından və 30 illik dağıdıcı işğaldan azad etdiyimizə səmimi qəlbdən sevinir, bununla əsaslı şəkildə fəxr edirik.
Biz gözəl anlayırıq ki, düşmən Qələbəmizə, ümumilikdə, Azərbaycanımıza, onun parlaq nailiyyətlərinə qarşı böhtan və qarayaxma kampaniyalarını davam etdirir və etdirəcək. Amma gerçəklik Azərbaycanın dünya miqyasında nə qədər layiqli yer tutduğunun və müdrik siyasət apardığının şahididir. Biz istənilən anti-Azərbaycan fəaliyyətinə, təbliğatına və təxribatlarına qarşı bundan sonra da amansız mübarizəmizi davam etdirəcəyik, bu kimi bütün neqativ halların maksimum operativ və qanunvericiliyə uyğun şəkildə qarşısını alacağıq. Qalib xalqın nümayəndəsi adına layiq olmağın özü də böyük məsuliyyətdir. Bu işdə Allah bizi utandırmasın!
- Xalqımızı Moskvada tanıtmaq üçün nə kimi işlər aparılır? Milli adət-ənənələrimizin təbliğatı yolunda necə, işlər aparılırmı?
- Azərbaycan və azərbaycanlılar Moskvada və Rusiyada tanınır. Bunu tək diaspor strukturlarının işi ilə əlaqələndirmək düzgün olmazdı. Çox xoşdur ki, Azərbaycan kimi gözəl ölkə və zəngin milli-mədəni irsə malik Azərbaycan xalqı müxtəlif tədbirlər və aksiyalar vasitəsilə Rusiya paytaxtında geniş tanınır. Bu tədbirlər silsiləsinə ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Fondu, müvafiq nazirliklər və qurumlar tərəfindən təşkil olunan sərgilər, festivallar, tematik bayramlar və bir sıra cürbəcür və rəngarəng miqyaslı aksiyaları aid etmək olar. Bu müstəvidə iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişafına xidmət edən yüksək səviyyəli təmsilçiliyi ilə seçilən forumları da xatırlatmaq yerinə düşər.
Biz üzərimizə düşən məsuliyyət və vəzifələri tam dərk edərək ölkələrimiz və xalqlarımız arasında yüksələn xəttlə inkişaf edən münasibətlərə öz qatqımısı vermək, hətta bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlərin təşəbbüskarı olmaq niyyətindəyik. Necə deyərlər, düşündüklərimizi sözdə yox, yaxın bir zamanda əməli işlərimizlə nümayiş etdirəcəyik. Milli-mədəni irsimizin məqsədyönlü təbliğatına ehtiyac hər zaman duyulmaqdadır və bu sahədə bizim arsenalımızda keçirilməsi planlaşdırılan vacib layihələr fəaliyyət strategiyamızın mərkəzi hissələrində yer alanlardandır.
- Doğma yurdumuz - gözəl Qarabağımız 30 ildən sonra işğaldan azad edildi. Yenidənqurma işləri gedir torpaqlarımızda. Diasporuımızın bu işlərdə qatqısı varmı və ya olacaqmı?
- Bəli, olduqca sevindirici və fəxrverici haldır ki, Qarabağ Vətənimizə, Azərbaycanımıza qovuşdu. Qısa müddət ərzində külli miqdarda irihəcmli layihələrin sürətlə və uğurla aparılması bütün dünyanı heyran edir. İşğal əsirliyinə son qoymuş Qarabağımız dirçəlir, çiçəklənir, sürətlə inkişaf edir. Bütün bu faktlar Azərbaycanın unikal bir model çərçivəsində səmərəli iqtisadi və humanitar siyasətinə dəlalət edir. Köklü islahatlar nəticəsində yaradılan münbit sərmayyə iqlimi bir çox ambisiyalı iqtisadi layihələrin gerçəkləşdirilməsinə yol açır. Dünyanın aparıcı şirkətləri Qarabağımızda yeni Azərbaycanın qurulmasının şahididir.
Şübhəsiz ki, diasporumuzda sayılıb-seçilən iş adamları da bu prosesdən kənarda qalmamalıdır. Bu və digər müvafiq məsələlər yaxınlarda doğma Şuşamızda keçirilən Dünya Azərbaycanlılarının Qurultayında ətraflı müzakirə edilib, Diasporla iş üzrə Dövlət Komitəsinin uğurlu fəaliyyəti çərçivəsində baş tutan bir çox təmaslar zamanı da ətraflı nəzərdən keçirilir. Düşünürəm ki, diaspor fəallarının bu işdə iştirakı və yenidənqurma prosesinə qatqısı labüddür və diqqət mərkəzində saxlanmalıdır.
- İşlərinizdə nailiyyətlər və uğurlar arzulayırıq, hörmətli Bəxtiyar müəllim. Biz sizlərə etimad edirik. İnanırıq ki, Moskvada yaşayan azərbaycanlıları bir araya gətirib, onların qayğısına qalacaq, bayrağımızın hər bir işdə daima yüksəkliklərdə dalğalanması üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.
- Minnətdarlığımı bildirirəm. Arzularımız və ümidlərimiz üst-üstə düşür və qarşılıqlıdır. Bəhs etdiyiniz məsələlər olduqca aktualdır. Heç şübhəniz olmasın ki, tərəfimizdən məqsəd və vəzifələr daxil olmaqla konsepsiya şəklində bəyan etdiyimiz bütün işlər həyata keçiriləcək və bu istiqamətdə yaxın gələcəkdə qazanılan uğurlara biz birgə sevinəcəyik. Müsahibə üçün təşəkkür edirəm.
Hazırladı: KÖNÜL AYPARA