\
22 Noyabr 2024 - Cümə

“Azyaşlıların nişanlanmasına görə heç kəs məsuliyyətə cəlb oluna bilməz” - AÇIQLAMA + FOTO

“Azyaşlıların nişanlanmasına görə heç kəs məsuliyyətə cəlb oluna bilməz” - AÇIQLAMA + FOTO
1673baxış

Ötən gün Abşeronda dəhşətli qətl hadisəsi baş verib. 16 yaşlı qız başı kəsilərək amansızlıqla öldürülüb. Məlum olub ki, qızı öldürən onun 26 yaşlı nişanlısı imiş. Qız 14 yaşından həmin şəxslə nişanlı olub. Nişanı qaytarmaq istədiyi üçün qətlə yetirilib.

Bu məsələlər nə qədər müzakirə edilsə də, heç bir nəticəsi yoxdur. Bəzi ailələr məktəb yaşlarında olan qızlarını oxutmaq əvəzində nişanlayırlar. Azyaşlılarla nişanlananlar da qızların yaşının fərqinə varmadan razılıq verirlər.

Bəs görəsən, yeniyetmə qızların nişanlanmasında kimlər günahkardır? Ümumiyyətlə, həmin azyaşlı qızların valideynləri və onunla nişanlanan şəxs məsuliyyətə cəlb oluna bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, nişanlanma qanunla tənzimlənmir:

“Qanuni nöqteyi-nəzərdən, 18 yaşınadək şəxslərin nikaha daxil olması qadağandır. Nişanlanma ailə qurmaq demək deyil. Bu qanunla tənzimlənmir. Heç bir qadağa da yoxdur. Qanunda nişanlanmanın yaş həddi yoxdur. Nişanlanmanın heç bir hüquqi nəticəsi yoxdur. Nişanlanma adətdir. Heç bir hüquqi məsuliyyət daşımır”.

Ə.Həsənov əlavə edib ki, nişanlanmaya görə, heç kəs məsuliyyətə cəlb oluna bilməz:

“Nişanlananda hamı bilir ki, bu oğlan o qızla evlənəcək. Nikah da 18 yaşdan sonra olacaq. Qanunda məhdudiyyət yoxdur. Qanuna belə qadağa gətirilməsi absurddur. Onda gərək 18 yaşına çatmamış orta məktəb şagirdlərinin, ümumiyyətlə, oğlanla-qızın görüşməsini qadağa edək.

Bu gün orta məktəb şagirdləri də bir-birilərinə eşq elan edirlər, görüşürlər və xoşagəlməz hallar da baş verir. Cinsi əlaqəyə girirlər. Onda deyək ki, valideynlər buna görə də məsuliyyət daşıyır?  Belə olsa, gərək valideynlər oğlanla qızın bir-biriləri ilə görüşməsini, oxumasını qadağa etsinlər. Bununla yanaşı, qızın nişanlandığı şəxs ondan yaşca böyük də olsa, məsuliyyətə cəlb olunmayacaq”.

Yazıçı Seyran Səxavət isə əlavə edib ki, bəzi yerlərdə qızları 2-3-cü sinifdən nişanlayırlar:A

“Arzuolunmaz bir hadisədir. Bəzi yerlərdə qız uşaqlarını 2-3-cü sinifdən nişanlayırlar. Böyüyəndə isə artıq hər şeyin fərqinə varır, imtina edir. Nəticədə də bu tip hadisələr baş verir.

Azərbaycanda əvvəllər “göbəkkəsdi” olurdu. Birinin oğlu, birinin də qızı olurdu. Deyirdi ki, sənin qızını oğluma alacam. Onu həqiqətən də edirdilər. “Göbəkkəsdi” indinin nikahından min dəfə güclü idi. Sözümüz sözdür. O başqa dövr idi. Onun özünün bəraəti də var idi”.

S.Səxavət qeyd edib ki, Azərbaycanda milli şüur sıfır səviyyəsindən aşağıdır:

“Bakıda elə kəndlər var ki, qızları uşaq yaşlarından nişanlayırlar. Bu yolverilməzdir. Uşaqları məktəbdən ayırırlar. Valideynlərə cinayət işi qaldırmaq lazımdır ki, hər kəsə görk olsun. Yaşı varsa, məsuliyyətə cəlb oluna bilər. Öldürən də, ölən də bizdəndir. Çox pis oldum. Ancaq ürək ağrısıdır.

Azərbaycanda milli şüur sıfırdan aşağıdır. Onu tənzimləyən təhsildir. Təhsil də təxminən 30 ildir, Azərbaycanda yoxdur. Təhsilin özünün tənzimlənməyə ehtiyacı var”.