“Şir kimi oğlanları, pəhləvanları itirdik, amma…” - Şəmistan Əlizamanlı
Heç gizlətməyəcəyəm, mənim vətənpərvərlik ruhunda böyüməyimdə, üçrəngli bayrağımıza olan sevgimin daha da artmasında onun böyük rolu var. Bass, bariton səs tembri ilə gəncliyi cəsur, qorxmaz olmağa, Vətənə sevgi bəsləməyə səsləyirdi. Onu daim efirdən seyr edir, dinləyirdim. Hərbi vətənpərvərlik mövzusunda olan mahnılarına o qədər qulaq asırdım ki, bəzən ön cəbhəyə yollanmaq istəyi keçirdi könlümdən. Mən də bu Vətən üçün nə isə etməyə can atırdım.
İndi qarşı-qarşıya əyləşmişdim 65 yaşlı əzəmətli səs sahibi Şəmistan Əlizamanlı ilə. Onu illər öncə olduğu kimi gördüyümə elə sevinirdim ki… Şux qədd-qaməti, ciddi və məğrur görkəmi ilə üzbəüz əyləşmişdik. Amma gözlərində bir az kədər var idi.
“Mən kədərlə doğulmuşam”
– Gözləriniz niyə kədərlidir?
– Mən kədərlə doğulmuşam. İllərim hərbi hissələrdə, döyüş mövqelərində keçdiyindən də ola bilər. Torpaqlarımız 30 il işğal altında qaldı. Zəfər xəbərini vermək və ya eşitmək üçün illərimi bir-birinə caladım.
– Artıq hər şey geridə qalıb. Biz qalib xalq, qalib dövlətik. Qarabağ Azərbaycandır!
– Əlbəttə! Müzəffər Ali Baş Komandanımızın, Rəşadətli Ordumuzun sayəsində işğal altındakı torpaqlarımızı 44 günə azad etdik! Xoşbəxtəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Şir kimi oğlanları, pəhləvanları itirdik, amma ərazi bütövlüyümüzə nail olduq, suverenliyimizi bərpa etdik.
– Bundan sonra da vətənpərvərlik ruhunda, coşqulu mahnılarınız olacaqmı?
– Bilirsiniz, vətənpərvərlik mahnıları iki cürdür: coşqulu və düşündürücü. Mənim ifamda qarışıqdır. Nə qədər ki, səs var, hər iki növdə olan mahnıları oxuyacağam.
– Hərbi hissələrdə ifalarınız səsləndirilir. Əsgərlərimiz demək olar ki, hər gün sizin mahnılarınıza qulaq asır, daha da ruhlanırlar.
– Bəli, mən bundan fərəhlənirəm. O qədər olub ki, yaxınlaşıb deyiblər ki, Şəmistan müəllim, sizin mahnılarınızdan cuşa gəlib, döyüşə qatılmışam, ölümə belə getməyə hazır idim. Onların arasında generallar da olub. Bu, mənim üçün mənəvi qida deməkdir, böyük fəxarət hissidir.
– Siz özünüz də döyüşlərdə iştirk etmisinizmi?
– Bəli, 1992-ci ildə. Birinci Qarabağ müharibəsi ərəfəsində Müdafiə Nazirliyinə diktor tələb olundu və məni məsləhət gördülər. Hərbi paltar verdilər, operator Nizami Abbas məni çəkdi. Onunla Seyidağa Mövsümlü operator kimi Müdafiə Nazirliyində çalışırdılar və artıq cəbhədə idilər. Beləliklə, 1992-ci il iyulun 7-dən hərbi diktor kimi efirə çıxdım. Bir müddət sonra döyüşləri gözlərimlə görmək, əsgərlərimizn yanında olmaq üçün cəbhə bölgəsinə getmək istədim. Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərə qatıldım. Baxmayaraq ki, mənə döyüşlərə qatılmağa icazə vermirdilər, amma təkidli tələbimdən sonra məcbur olub razılaşdılar. Biz o döyüşlərdə mühasirəyə də düşdük. Elə o mühasirədən sonra Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevlə tanış oldum, səmimi dostluq münasibətlərimiz başladı.
“İgid əsgər” mahnısının xatirəmdə silinməz izi var”
– Bəs diktorluqdan mahnı ifa etməyə necə keçdiniz?
– Dostum Yusif Mirzəyev 1988-ci ildə xalq hərəkatının fəallarından biri idi. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra onu rus əsgərləri qanunsuz həbs etmişdi. Həbs müddətində ona çoxsaylı fiziki işgəncələr vermişdilər. Yusifi o qədər döymüşdülər ki, böyrəkləri zədələnmişdi. Tale elə gətirmişdi ki, Birinci Qarabağ müharibəsi dövründə Yusif Mirzəyevlə mən Qədirli adına xəstəxanada bir otaqda müalicə almışdıq. Həmin xəstəxananın həkimi Şahin Musaoğlu tez-tez bizə baş çəkir, səhhətimizlə yaxından maraqlanır, söhbətləşirdi. Belə söhbətlərin birində dedi ki, bir mahnı yazıb və dinləməyimizi istədi. O, “İgid əsgər” mahnısını zümzümə etməyə başladı. Bu mahnı Yusifin çox xoşuna gəldi. Boş vaxtlarında bu mahnını müzakirə edirdilər. Bir dəfə ikilikdə olanda Yusifdən soruşdum ki, doğrudan bu mahnıdan xoşun gəlir? Yusif mahnının musiqisinin və sözlərinin təsirli olduğunu bildirdi. Dedim ki, sənin bu mahnıdan xoşun gəlirsə, bunu ifa edəcəm və Azərbaycanın Milli Qəhrəmanı kimi sənə həsr edəcəm. Açığı o zaman bunu bir az zarafatyana demişdim.
– Söhbət “İgid əsgər, möhkəm dayan” sözləri olan mahnıdan gedir?
– Bəli, bu mahnının qəlbimdə silinməz xatirəsi var (kövrəlir). Sonra Yusif döyüşlərin birində şəhid oldu. Yusif Mirzəyev sahib olduğu iş-gücünü, sevdiklərini qoyub, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanmışdı. O, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşurdu. Yusif Mirzəyev 14 nəfərlik şəxsi heyətlə Ağdərə rayon mərkəzinin müdafiəsini təşkil etmiş, 1 sutka fasiləsiz düşmənlə döyüşmüşdü. Mühasirəyə düşən bölüyü itkisiz azad edə bilmişdi. Elə 1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən şəhidlik zirvəsinə ucaldı. Döyüşlərdə göstərdiyi şücaətə görə, ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını verdilər. Mən də ona verdiyim sözü tutdum. “İgid əsgər” mahnısını məhz dostumun əziz xatirəsinə ithaf etdim, oxudum (yenə gözləri dolur). Yusif ideal bir insan idi. Dostluğu, alicənablığı, mehribanlığı, zarafatı yerli-yerində idi. Biz qısa bir zamanda tanış olduq, amma mənə elə gəlirdi ki, uzun illərdir bir-birimizi tanıyırıq. O, əvəzolunmaz bir insan idi. Həyatımda çox dostlar olub, var və olacaq da. Amma Yusif kimisi olmayacaq (yenə kövrəlir).
– Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin ailə üzvləri, yaxınları ilə əlaqəniz varmı?
– Əlbəttə. Naxçıvanda yaşayır ailəsi, ara-sıra gedib gəlirik.
“Yolumu kəsənlər çox olub”
– Şəmistan müəllim, fəaliyyət göstərdiyiniz sahədə yolunuzu kəsənlər, işinizə mane olanlar, əməyinizə kölgə salanlar olubmu?
– Bəs necə? Başıma çox oyunlar gəldi. Birinci Qarabağ müharibəsi zamanı təxribat xarakterli mətnlər verirdilər, mən isə oxumaqdan imtina edirdim. O vaxtı televiziya rəhbərliyinə də məlumat vermişdim. Həmin mətnlərin başqaları tərəfindən oxunmasına da mane olurdum. Yavaş-yavaş məni efirdən uzaqlaşdırdılar, Qubadlıya “sürgün” etdilər. O vaxt məni müdafiə edib, dəstək olanlardan biri Məmməd İsmayıl idi. Dedi ki, xalq Şəmistanı dinləmək istəyir, bir neçə aydan sonra yenidən Azərbaycan Dövlət Televiziyasına qayıtdım.
– Vaxtilə tədbirlərə tez-tez qatılırdınız. Hətta bizim məktəbdə də qonaq olmuşdunuz. İndi necə, tədbirlərə mütəmadi dəvət alırsınızmı?
– Düzdür, əvvəllər tez-tez məktəblərdə tədbirlərə dəvət alırdım. Hətta orta məktəb tədbirlərində qurulan səhnəciklərə görə direktorlara dəfələrlə iradlarımı bildirirdim. Xocalı faciəsi, digər rayonlarımızın işğal tarixi barədə həqiqəti əks etdirən səhnələr var idi. Amma dedim ki, belə olmaz! Bəsdirin bu uşaqları məzlum, yazıq xalqın nümayəndəsi kimi yetişdirdiniz! Erməni gəlib gülləbaran edib, düzdür. Lakin olmazmı ki, sonda Milli Qəhrəman Mübariz İbrahimov kimi təkbaşına onlarla düşmənin üzərinə gedən bir hərbçinin də qəhrəmanlığını səhnələşdirəsiniz? Qoy şagirdlərimiz, gələcəyimiz milli qəhrəmanlıq ruhunda böyüsünlər, həvəslənsinlər! Belə irad və təkliflərim olub.
“Diriliş Ərtoğrul”dan verilən qonorardan razı qaldım”
– Şəmistan müəllim, türklərin məşhur “Diriliş Ərtoğrul” filmində Ozan rolunda “Yürüyün alplar” mahnısını ifa etmisiniz. “Turan ellər var olsun” mahnısı isə reytinq rekordları qırıb. Qonorardan razı qaldınızmı?
– Çox filmlərə dəvətlər almışam, elə indinin özündə də dəvətlər alıram. Amma ssenarini oxuyub, bir çoxunu kənara qoyuram. Məni qane etmir. “Diriliş Ərtoğrul” isə bir başqa oldu. Dəvət aldım, razılaşdım, tarixə düşdüm, möhürümü vurdum. Bu teleserial dünyanın dörd bir yanında tərcümə ilə efirlərdə nümayiş olunur. Cəmi dörd seriyaya çəkildim, qonorarı da yüksək oldu. Mən onlardan, onlar da məndən razı qaldılar.
– Böyük bir məktəb keçmisiniz. Məşhur Yuri Levitanın dostu İlya Prudovskidən dərslər almısınız. Bəs özünüz necə, davamçınızı hazırlayırsınızmı?
– Təəssüf ki, xeyr. Niyəsini də deyim. İndikilər heç kimi dinləmək istəmirlər.
– Bir peşəkar kimi indiki teleaparıcılardan razısınız?
– Xeyr! Amma aralarında yaxşıları da var, ad çəkmirəm, sadəcə çox azdırlar.
– Sizcə, ləhcə ilə efirdə aparıcılıq etmək doğrudurmu?
– Nə danışırsınız? Qətiyyən! Qüsurdur bu!
– Yaxşı bəs nə məsləhət görürsünüz? Necə olmalıdır?
– Televiziya rəhbərləri hər şeyə nəzarət etməlidirlər. Bədii şura olmalıdır, seçim edilməlidir. Bir çox prosedurlardan keçməlidir aparıcı. İndi belə deyil. Dəhşətdir. Bilənləri, peşəkarları çağırsınlar, təlimatlandırsınlar, sonra onları efirə buraxsınlar.
– Sənətinizə illərinizi qurban vermisiniz. Əvəzində qazancınız nə oldu?
– Müdafiə Nazirliyi mənim əməyimi hər zaman diqqət mərkəzində saxlayıb. Dəfələrlə mükafat və fəxri diplomlara layiq görülmüşəm. Mədəniyyət Nazirliyinə isə dəfələrlə müraciət ünvanlanıb, təqdimat göndərilib mənimlə bağlı. Hətta Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri də mənə fəxri ad verilməsi üçün Mədəniyyət Nazirliyinə təqdimat göndərib. Lakin nə “hə” deyirlər, nə “yox”. Müraciəti alıb qoyurlar kənara. Ümid edək ki, nə vaxtsa mən də yadlarına düşərəm. Çünki mən xalqım üçün çalışmışam. Xalqım da məni sevirsə, demək ki, illərim boşa getməyib.
Söhbətləşdi: Könül AYPARA