\
12 Dekabr 2024 - Cümə axşamı

“İnsan öz həmyerlisinə ürəkdən dəstək göstərmək istəyir - FOTOLAR

“İnsan öz həmyerlisinə ürəkdən dəstək göstərmək istəyir - FOTOLAR
1630baxış

Müsahibimiz Lala Sultanova İtaliya-Azərbaycan əlaqələrinin inkişafına öz töhfəsini vermək niyyətindədir

Bu gün vətəndaşlarımızın səsi dünyanın hər yanından eşidilir. Sərhədləri aşan, getdiyi hər bir məmləkətə uğurla ayaq basan azərbaycanlılar qəlblərində kiçik bir vətən aparırlar. Yaxud da bugünkü müsahibimiz kimi, Azərbaycanın azyaşlı istedadlarını dünyaya tanıtmaq üçün yollar açır, layihələr həyata keçirirlər.

Həmsöhbətimiz Lala Sultanova turizm sahəsində çalışır. Avropaya inteqrasiya edən azərbaycanlıların daha çox iş, təhsil dalınca getdiklərini gördüyünü və onların içərisində azyaşlı uşaqların azlıq təşkil etdiyini deyir. Uzun müddətdir ki, turizm sahəsində çalışan və bu sahədə kifayət qədər uğur əldə edən müsahibimiz Azərbaycanın istedadlı uşaqlarını beynəlxalq arenada tanıtmağı qarşına məqsəd qoyub. O bu işə ilk olaraq Azərbaycanda azyaşlı uşaqlar üçün “Moda e bambini” adlı uşaq moda yarışı keçirməklə başlamaq istəyir.

- Lala xanım, sizi daha yaxından tanımaq istərdik.

- Uzun müddətdir ki, turizm sahəsində çalışıram. 1998-ci ildən ASHA travel  şirkətində çalışdım və turizm sahəsində kifayət qədər nüfuz qazandım. Daha sonra SLİ adlı turizm şirkətimi yaratdım. Bizə müraciət edən vətəndaşlar üçün getdikləri ölkələrin səfirlikləri ilə danışır, əlaqələr qurur, vizalarını hazırlayırdıq. Hər dəfə işlədikdə görürdüm ki, Azərbaycandan xaricə daha çox yeniyetmə, orta və yaşlı nəslin tanınmış və istedadlı nümayəndələri gedir, kifayət qədər də ölkəmizi təqdim edirdilər. Düşündüm ki, bizim çox istedadlı, bacarıqlı, azyaşlı uşaqlarımız da az deyil. Bunun üçün bəzi qurumlara müraciət etsəm də, onlar bu işdə heç də maraqlı olmadılar. Anladım ki, bunu məndən başqa kimsə etməyəcək. İlk olaraq uşaqlar arasında İtaliya geyim həftəsi keçirmək istədim. Bunun üçün hazırda var gücümlə çalışıram.  

- Lala xanım, niyə məhz İtaliya moda həftəsi?

- Dəbin özü də bir incəsənətdir. O ki qaldı sualınıza, çünki İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır. Hazırda Azərbaycanda 95 İtaliya şirkəti fəaliyyət göstərir. Onlar müxtəlif sahələrdə - həm dövlət qurumları, həm də özəl sektorla əməkdaşlıq edir, xidmət, ticarət, nəqliyyat, kənd təsərrüfatı, şərabçılıq və digər sahələrdə çox uğurlu işbirliyi qurublar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva hər dəfə çıxışında bildirir ki, İtaliya-Azərbaycan əlaqələri daim müxtəlif sahələrdə inkişaf edir. Biz də bu dostluğu və əməkdaşlığı nəzərə alaraq, İtaliya ilə Azərbaycan arasında mədəni körpü yaradacaq bir layihə ilə çıxış etmək istəyirik. “Moda e bambini” adlanan layihəmizin əsasında İtaliya geyim brendlərinin Azərbaycanda uşaqlar tərəfindən nümayiş etdirilməsi dayanır. Layihənin məqsədi bu dostluğu və tərəfdaşlığı gücləndirmək və mədəniyyət, dəb sahəsində İtaliya brendlərinin tanınmasına, əsasən də uşaq geyimlərinin təbliğatına hesablanıb. Belə ki, Azərbaycanda Türkiyə, Amerika, MDB və digər ölkələrin uşaq geyimləri nə qədər məşhur olsa da, İtaliya uşaq geyimləri bir qədər kölgədə qalır. Məhz bu məqsədlə geyimlərin təbliği və tanıtımı baxımından belə bir layihə etmək niyyətindəyik. Layihəyə uyğun olaraq, italyan firmalarının geyimləri azyaşlı uşaqlar tərəfindən ictimaiyyətə nümayiş etdirilməklə maraqlı moda tədbiri təşkil olunacaq. Bu uşaqlar kütləvi informasiya vasitələrində əvvəlcədən elan verilməklə və müvafiq komissiyanın seçimi ilə layihəyə cəlb olunacaqlar. Komissiya həmin layihə üzərində işləyən əməkdaşlardan və Azərbaycanda təmsil olunan İtaliya geyim brendlərində çalışan işçilərdən ibarət olacaq. Biz İtaliyanın Azərbaycandakı məşhur firmalarının geyimlərini Azərbaycanda fəaliyyət göstərən beynəlxalq səviyyəli otellərin birində həmin uşaqlar vasitəsilə podiumda nümayiş etdirməklə bir gecə təşkil etmək istəyirik. Gecədə həmin uşaqların ifasında italyan mahnı və musiqiləri səsləndiriləcək, italyan furşeti olacaq və italyan geyimləri təbliğ olunacaq. Bu layihə xeyriyyə məqsədi ilə həyata keçirilir. Belə ki, layihədən əldə olunan gəlir Azərbaycanda sığınacaqlarda dünyaya gələn, orada böyüyən uşaqlara sərf olunacaq. 

Son zamanlar görürəm ki, İtaliyanın mağazaları bağlanır. Çoxu türk və Çin malları gətirir və İtaliya brendləri unudulmağa başlayır. İtaliyanın çox az sayda uşaq dükanları var. Mən də bu sahəni daha da dirçəltmək üçün belə bir moda müsabiqəsi keçirmək fikrindəyəm. Təbii ki, bu işdə İtaliya səfirliyi bizə öz dəstəyini əsirgəməsə, şad olarıq. Eyni zamanda istəyərdik ki, İtaliya şirkətləri də bu layihədə bizə dəstək olsunlar.

- Bildiyimiz qədəri ilə, siz həm də “Azərbaycan-İtaliya Ticarət Palatası”nın üzvüsünüz. Bu palata hansı işləri görür?

- Palatanın rəhbəri İtaliyanın Azərbaycandakı keçmiş səfiri Margherita Costadır. Bu palata 2008-ci ildə yaranıb. Bu təşkilatı yaratmaqda məqsəd İtaliya-Azərbaycan birliyini, dostluğunu daha da möhkəmləndirmək idi. Biz bir körpü rolunu oynamağa çalışırıq. İtaliyanın tanınmış brendlərini Azərbaycana gətirib onu təqdim edirik. İtaliya mətbəxi, texniki avadanlıqları, geyimlərini Azərbaycan vətəndaşlarına təqdim edirik. Bilirsiniz ki, İtaliya mətbəxi çox zəngindir və onların milli mətbəxi, geyimləri bizim palatada təqdim olunur.

- Bundan sonra hansı layihələri həyata keçirəcəksiniz?

- İtaliya moda günündən sonra Azərbaycanın ən istedadlı uşaqlarını yığıb, onların Amerikada, Avropada keçirilən dünya miqyaslı beynəlxalq musiqi festivallarında iştirakını təmin edəcək bir layihə həyata keçirəcəyik. Düzdür, bu gün Azərbaycan övladlarının səsi dünyanın hər yanından eşidilir. Bu işdə dövlətimizin, mədəniyyət nazirliyimizin misilsiz xidmətləri var. Ancaq mən də uşaqlara bu yöndə dəstək göstərə bilirəmsə və bu imkanlara sahibəmsə, nə üçün də olmasın?

- Hazırda turizm sahəsində vəziyyət necədir?

- Hər ötən il dünyanı səyahətə çıxan vətəndaşlarımızın sayı çoxalır. Ancaq son bir neçə ildə xaricə oxumağa gedən vətəndaşlarımız üstünlük təşkil edir. Qeyd edim ki, məni artıq Avropa və Amerika ölkələri ilə mədəni körpü rolu oynayan layihələrdə də görə biləcəksiniz. Turizm şirkətinin fəaliyyətini bir müddətlik dayandırmışam.

- Siz həm də Almaniyanın Münhen və Köln şəhərlərinin Azərbaycanda təhsil nümayəndəsisiniz.

- Bəli, bu da mənim işimlə əlaqədar olan bir şeydir. Dünyanın bir çox ölkələrində olmuşam və çox əlaqələrim var. Mənim qızım da Almaniyada təhsil alır. Elə ailələr var ki, övladını tanımadığı və bilmədiyi bir məmləkətə göndərmək istəmir. Biz bu baxımdan həmin ailələrə kömək göstəririk. Onların övladlarının Almaniyada yüksək səviyyədə təhsil alması və orada həmin uşaqlara yaradılan şəraitə görə cavabdehik. Həmin uşaqların Almaniyadakı əlaqələrini qururuq. Valideynlər çox rahatlıqla öz övladlarını bizə həvalə edə bilirlər.

Digər tərəfdən, bu elə bir işdir ki, insan istər-istəməz öz həmyerlisinə ürəkdən kömək olmaq, ona dəstək göstərmək istəyir. Ona görə də mən şəxsən çalışıram ki, bu istiqamətdə hər bir azərbaycanlıya yaxından dəstək olum.

 

Xəyalə Rəis